Qadin.NET / Nəyə gərək?

Nəyə gərək?

Kimsəsiz insan

Ay kimsəsiz insan, soyuq məzarda,

Od-ocaq da yoxdu, necə yatırsan?

Beş arşın kəfənə boranda, qarda,

Bürünüb,  hey gündüz-gecə yatırsan.

 

Hanı ürəyində yuva salanlar?

Qoynunda qıvrılıb yatır ilanlar.

Ayağın altında qurban olanlar

Qoymayıb məzarda baca, yatırsan.

 

Zülfüqar, vaxt gələr itər məzarın,

Kimsə bilməz nəydi dərdin-azarın.

Gen dünyaya bir də düşməz güzarın,

Özünü salmayıb gücə yatırsan.

 1993

 

Nəyə gərək?

Nəyə gərək?

İnsan nədir? Təbiətin bəzəyi,

Ömür nədir? Kələflərin çözəyi.

Məhəbbətdi bu dünyanın özəyi,

Şənlik olan yerdə vay nəyə gərək?

 

Tale nədir? Ömürlərin dəstəyi.

Arzu nədir? Ürəklərin istəyi.

Nə borc aldıq, borc veririk bəs nəyi?

Dəllal bazarından pay nəyə gərək?

 

Dövran nədi? Əvvəli yox, sonu yox,

Dərd əhlinin gecəsi yox, günü yox.

Fikir nədi? Bəzəyi çox, donu yox,

Alınıb-satılsa, say nəyə gərək?

 

Zaman nədi? Bilən varmı, görəsən?

Yazılanı silən varmı, görəsən?

O dünyadan gələn varmı, görəsən?

Ömür qışsa, bahar, yay nəyə gərək?

 

Fələk neylər yol-ərkanı azana,

Şah deməzlər qapı-qapı gəzənə.

Sobalara sığışmayan qazana

Zülfüqar, özün de, tay nəyə gərək?

Nəyə gərək?

Bəs niyə?

Dünyada eyni cür yaranan insan,

Köçəndə cürbəcür köçür, bəs niyə?

Vaxt tamam olanda alim, ya nadan

Ölüm şərbətini içir bəs niyə?

 

İnsan var, dilucu rəhmət deyərlər,

İnsan var, önündə hey baş əyərlər.

İnsan var, qəbrinə baxıb söyərlər,

Əcəl yaxşıları seçir bəs niyə?

 

Fələyin fırlanan çarxı dayanmaz,

Əcəl kürsüsündə yatan oyanmaz.

Zülfüqar, qanmazlar onsuz da qanmaz,

Ağac suyu kökdən içir, bəs niyə?

1987

Müəllif: Zülfüqar Zülfüqarov

10 iyun 2014
GO BACK