Qadin.NET / Mənə nə var?...

Mənə nə var?...

Mənə nə var?...

Şair - Vətən

Arada-bərədə görürsən tez-tez,

Deyirlər: "Nə çoxdur şairlərimiz,

Bunun qarşısını alaq biz gərək,

Bizə həkim gərək, mühəndis gərək..."

 

Mənsə deyirəm ki, şair bol olsun,

Bütün doğulanlar şair doğulsun.

Sənətkar sənətə amalla başlar,

Şeirim - amalımdir - desəm, yeridir.

Şeir yazmasa da, əqidədaşlar

Dünyanın ən böyük şairləridir.

 

"Şair çoxdur" deyə gileylənməyin,

Əlhəzər eləyin tüfeylilərdən.

Yaxşı söz önündə siz də baş əyin,

Şair ki, yığmayır sözləri yerdən.

 

Mənə nə var?...

Şairi kimsəyə dəyişmərəm mən,

Onlar hər cilvədə min sirr axtarır.

İdrakım irişməz dərinliyindən

Onlar söz axtarmır, fikir axtarır.

Onlar gecə-gündüz dərd, ələm çəkir,

Bu ağrı gəlməsin çox yüngül sizə.

Bəlkə də ən zəif, ən kiçik şair

Böyük vətəndaşdır Vətənimizə...

 

Şairin bədəni - bu ana torpaq,

Nəfəsi - xəzridir, qanı - Kür, Araz.

Çox şey Vətənsiz də yaşayır, ancaq

Şeirsə Vətənsiz, elsiz yaşamaz...

Şairə vəzifə, rütbə nə gərək!

"Vətən", "Vətən" deyir könül səsi də.

Vətəni sevməkdir, Vətəni sevmək,

Şairin ən böyük vəzifəsi də.

 

Ancaq... bəla onda, dərd ondadır ki,

Vəzifə xuman gözünü örtən,

Vətəni pul kimi cibinə dürtən

Bir rüşvət düşgünü, rütbəli nadan

Durub kül üfürür gözlərimizə.

Vətəni sevməyin "qaydalarından"

Utanmaz-utanmaz dərs deyir bizə.

 

Vətəni sevməkdə nə qayda, qanun?

Vətən sevgisinin hüdudu varmı?

Ey nadan, ölçülər özünün olsun,

Məhəbbət ölçüyə, həddə sığarmı?

May, 1967

 

 

Mənə nə var?...

Mənə nə var?

"Bizdə bu soyuq qanları neylərdin, ilahi? "

M. Ə. Sabir

"Mənə nə var?!" dedin.

Düzmü dedin sən?

Birləşir axırda ən uzunyollar.

Kənara çəkilmə, bil ki, bu gündən

Bu gün mənə varsa, sabah sənə var.

Daşqın böyrü üstə yıxsa bir dağı,

Yanındakı dağ da əyiləcəkdir.

Bu gün yeyilirsə birinin haqqı,

Sabah da səninki yeyiləcəkdir.

 

Buzdan soyuq olar ilanın qanı,

İnsansan!

O isti qanın bəs hanı?

De görək, sən necə baxa bilirsən

Gözünün önündə tapdanan haqqa?

Nədən alışmayır bədənin, nədən,

Haqsız məşəl tutub o yanan haqqa?

Necə insan deyim, necə mən sənə?

Qoy övlad deməsin bu Vətən sənə!..

 

Mənə nə var?...

Əgər adamsansa... sev adamları,

Demə, bu, dostumdur, o, düşmənimdir;

Demə, əzizimdir ev adamları,

De, mən bu xalqınam, xalq da mənimdir.

Demə, daş yayınıb qardaşa dəydi,

Mən elə bildim ki, daş daşa dəydi.

Yurdun o başında yıxılan kəsin

Ağrısı qəlbində gərək göynəsin!

 

Ən böyük dəryanın birdir sahili,

Onu hər tərəfdən döyər dalğalar.

Bir böyük Vətəni, bir böyük eli

Tarimar eləyər "mənə nə var"lar.

Ağaclar qatarla cərgələnibdir.

Onlar bir-birindən çox uzaqdadır.

Budaqlar, yarpaqlar görüşməsə də,

Kökləri bir yerdə, bir torpaqdadır!

Noyabr, 1967

Bəxtiyar Vahabzadə

18 mart 2014
GO BACK