Məhbus şeirlər
Varaq varaq yazıldınız.
Oxunmamış cırıldınız.
Bir kənara atıldınız,
Mənim məhbus şeirlərim.
Azadlığa çıxın daha,
Üsyan edin günahkara.
Pərvazlanıb uçun daha,
Mənim məhbus şeirlərim.
Könüllərə yol eyləyin,
Dillərə dastan eyləyin.
Məni də azad eyləyin,
Mənim məhbus şeirlərim.
Tənha evlər ağlayır
Tənha evlər ağlayır,
Deməyin ki, daş-divardır.
Onların da qəlbi vardır.
Yalqızlığın yatağında,
Sakitliyin qucağında
Gecələr gizlin-gizlin
Tənha evlər ağlayır.
Bu evlərin ocağı var, istisi yox,
Bu evlərin bacası var, tüstüsü yox.
Ümüd üçün azca belə bir közü yox,
Deməyin ki, daş divardır
Onların da qəlbi vardır.
Ağacında çiçək açar boynu bükük,
Bağçasında güllər açar boynu bükük.
Boynu bükük bənövşəsi,
Olub bir də bükük-bükük.
Təndirinin ağzı bağlı,
Bu evlərin qapısı bağlı,
Deməyin ki, daş divardır.
Onların da qəlbi vardır.
Bu evləri bircə dəfə yada salın,
O paslanmış qıfıllara açar salın.
Bu evlər də ocaq istər.
Məhəbbətlə acılmış bir qucaq istər.
Deməyin ki, daş divardır
Onların da qəlbi vardır.
Yalqızlığın yatağında
Sakitliyin qucağında
Gecələr gizlin-gizlin,
Tənha evlər ağlayır.
Anama məktub
Gözəl, mehriban anam,
Sabahin xeyir olsun.
Gözəl gözlərin gülsün,
Hər günün aydın olsun.
Elə çox uzaqdasan,
Hər gün gələ bilmirəm.
Hər gün görə bilmirəm.
Balaca uşaq təkin
Nazin çəkə bilmirəm.
Əlim əlinə çatmır.
Səsim səsinə çatmır.
Axı çox qocalmısan,
Sənə köməyim çatmır.
Kaş yanımda olaydın,
Ağarmış saçlarına
Hər gün sığal çəkərdim.
Hər gün tumar çəkərdim,
Öpərdim, qoxlayardım,
Nəfəsimə çəkərdim.
Qabarlı əllərini
Ovuclarım içində
Ürəyimə çəkərdim.
Bilirəm ki, yenə də,
Hər qapı döyüləndə,
Həyətə boylanırsan.
Gələnlərin içində,
Sən bizi axtarırsan.
Bağışla ki, anacan
Hər gün gələ bilmirəm.
Hər gün görə bilmirəm.
Balaca uşaq təkin,
Nazın çəkə bilmirəm.
Müəllif: Nəcibə Vüsal