Qadin.NET / Nə yazım?!

Nə yazım?!

Nə yazım 

Məhəbbətdən, kədər-qəmdən 

Heç bilmirəm nədən yazım. 

Dünya daha bezdi məndən 

İndi kimə quyu qazım. 


İki üzlüdən yoldaş olmaz 

Salmamışam ona meyil. 

Yalan yazsam düzgün çıxmaz 

Yaltaqlıq da mənlik deyil. 


Qaranı ağ, ağı qara 

Yazsam aləm gülər mənə. 

Doğru söz də vurur yara 

Salır ürəyi qəmə.  

 

Nədən yazım bəs onda mən 

Beynimə bir fikir gəlmir. 

Mavi dəniz yaşıl çəmən 

Gözüm görür, əlim dərmir.


İndi bildim, bir bel alım 

Toxum səpim, ağac əkim. 

Bir işgüzar bağban olum 

Şairlikdən ta əl çəkim. 

23 avqust 2009 

 

Nə yazım?!

Ömrümə payız gəlir 

Solur əlvan güllərim 

Quruyur xoş günlərim 

Xəzan olub çöllərim- 

Ömrümə payız gəlir. 


Bahar idim gümanca 

Çox aldandım yamanca. 

Bilməz idim zamanca 

Ömrümə payız gəlir. 


Sevincimdən uçuram 

Dünyaya nur saçıram. 

Dərd əlindən qaçıram 

Ömrümə payız gəlir. 

 

Hey üşüyür ürəyim 

Buz bağlayır kürəyim. 

Bumu mənim gərəyim? 

Ömrümə payız gəlir. 


Bahar məndən dönüb getdi 

Bəlkə də bax, qəsdən etdi. 

Elə getdi, gözdən itdi 

Ömrümə payız gəlir. 

27 avqust 2009 

Nə yazım?!

Acıqlıyam, dünya, sənə 

Qatı ömrü durultmusan, 

Çiçək kimi qurutmusan,

Hansı qəlbi ovutmusan,

Acıqlıyam, dünya, sənə. 


Məni saldın tələyə 

Bir bax bunda kələyə. 

Gün qarışdı küləyə 

Acıqlıyam, dünya, sənə. 


Süfrə açdım qonaq oldun 

Balı tamam yedin doydun, 

Mənə isə zəhər qoydun 

Acıqlıyam, dünya, sənə. 

 

Eşqə baxan üzüm yoxdu 

Daha sənə sözüm yoxdu, 

İnan görən gözüm yoxdu 

Acıqlıyam, dünya, sənə.

 

Məni məndən alıb getdin 

Qəhər içrə salıb getdin, 

Özün eşqə dalıb getdin 

Acıqlıyam, dünya, sənə. 

14 iyun 2009

Elvin Mütaliboğlu 

8 mart 2014
GO BACK