Qadin.NET / Laylalar

Laylalar

Laylalar

Laylalar
Şirin noğul, gül balam,

Canımın parasısan.

Gün batır, gecə düşür,

De nə vaxt yatasısan?

 

Lap yumulur gözlərin,

Yat, ay gözünə qurban.

Səhər yenə durarsan,

Anan üzünə qurban!


Məndən nağıl istəyən,

Layla istəyən balam.

Layla deyim yatasan,

Qadanı özüm alam!


Yat, yuxun şirin olsun,

Mənim ürəyim, canım.

Yat, gözünü yum daha,

Yat, başına dolanım...


Dəcəl və şıltaq balam,

Yat, heç nədən qorxma sən.

Yandırım çıraq, balam,

Gələcəyəm səsləsən!

 

Laylalar

 

Yat mənim ipək tellim,

Mən sənə laylay deyim.

Yat mənim şirin dillim,

Yat ey candan sevdiyim!


Di yum gözün, mürgülə

Yuxun baldan şirindi.

Səhər yenə durarsan,

Bax yuxun qaçar indi...


Yuxuda səni gözlər,

Gözəl-göyçək mələklər.

Səni orda gözləyir,

Gül çəmənlər, çiçəklər.


Dovşanlar oynaşırlar,

Səninçün darıxıblar.

Maral ceyran, ahular,

Yuxunda toplaşıblar.


Sənin oyuncaqların

Yatıb artıq, nə vaxtdı

Yuxuda görüşərsiz

Gecədir yatmaq vaxtı


Yum gözünü, yum artıq,

Yuxu da səni gözlər.

Bir az da gec yatarsan,

Bax, yuxun küsüb gedər

 

Laylalar

 

Bayatı-layla

Balam baldır, şəkərdir,

Qönçə çiçəkdir, tərdir.

Yat şirin balam, lay-lay,

Bilmə həyatda ah-vay...

 

Səhər açılınca yat,

Qalxdın, məni də oyat.

Canım- ciyərim, lay-lay

Bu canımda sənə pay.


Güllər heyran balama,

Balam yanar halıma

Daim gərəyim, lay-lay

Yox həyatda sənə tay!


Yat, yuxun şirin olsun,

Yatağın, yarin olsun.

Yat yatağında, lay-lay

Xəyallardan qur saray...

 

Laylay balam,can balam...
Balam din açıb dinsin.
Qoy ürəyim sevinsin,
Yatağında isinsin.
Laylalar
"Dəcəl bala" laylası
Balam gəzib, oynayıb 
Qaçıb yorulub indi,
Yupyumuşaq yastığa 
Balam sarılıb indi.
 
Gecə,yuxusu gəlir
Balamı dindirməyin,
Səs salıb oyatmayın
Onu hirsləndirməyin.
 
Balam yatağındadı
Söndürün işıqları,
Yatsın qoy,çoxdan yatıb
Hamının uşaqları.
 
Mənim balam ağıllı,
Ən mehriban,gül bala,
Bilinki yatmaqda da
Heç kimdən qalmaz dala!
 
Yat,dəcəl balam laylay
Yat dincəl,balam laylay
Layla-oxşama
Bu gül balam naz eylər,
Nazını çəkən mənəm.
Yuxsu gəlir balamın,
Yat, ay başına dönəm.

Şəkərdi bu, baldı bu,
Yorulub, halbahaldı bu.
Yat yuxun şirin olsun,
Hamı yatdı, qaldı bu...

Nabat, noğulum mənim,
İşığım, nurum mənim.
Yat gözünü, yum daha,
Tacım, qürurum mənim.

Yatır güllər, çiçəklər,
Yatır gözəl-göyçəklər.
Mənim mələk balam, yat,
Yuxuna girər mələklər.

Yat gözünün yum gülüm,
Təravətli sünbülüm.
Bəhərindən mən dadam,
Yat, mənim şirin dillim...

Yuxusu gəlir balamın
Yuxsuna qurban olum,
Yatdığı bu yerinə
Qoxusuna qurban olum...

Məncə özü layla oxuya bilməyən analar belə laylaları mahnı kimi yazdırırb, balasına yatmazdan öncə dinlətməli, onun psixoloji rahatlığını təmin etməldir. Allah balalarımızı və bizi hifz etsin, bəxtəvər eləsin!

1 dekabr 2013
GO BACK