Qadin.NET / Xatirəmdə bir bahardır...

Xatirəmdə bir bahardır...

Xatirəmdə bir bahardır...

   Qızının toyunda ana ağlayır

Görən kədərdəndir, yoxsa sevincdən,

Qızının toyunda ana ağlayır?

Onun ürəyini axı nə bilək,

Özünü gizlincə bəlkə danlayır?

 

Deyibmi qızına bu təzə yolda,

Ona səbir gərək, qayğı gərəkdir,

Seçdiyi bu yolu ömürlük bilsin,

Ürək bircə sözdən sınan ürəkdir?

 

Deyibmi: "A qızım, elə dolan ki,

Sədanla, şölənlə işıqlanaq biz,

Sevinci, kədəri bölüşə bilin,

Ətrafı isitsin sizin mehriniz".


 Ailə birliyi böyük sərvətdir,

Ağbirçək qoca tək müdrik olmalı,

Bu böyük neməti qorumaq üçün,

 Daim bir-birinə sadiq qalmalı.

 

Qızı köçən günü ata evindən,

Bəlkə anlayaraq ana ağlayır,

Deyilməmiş qalıb nə qədər sözü,

Odur ki,özünü gizlin danlayır?!

Xatirəmdə bir bahardır...

  Ana

Əzəli parlayan çıraq, ay ana,

 Axırı saralan yarpaq, ay ana.

Hamının dərdini bilən, ay ana,

 Hamının dadına gələn, ay ana.

 Gecəsi-gündüzü kədər, ay ana,

 Davası-dərmanı hədər, ay ana.

 Gözümün önündə sönən, ay ana,

Cismanı cəsədə dönən, ay ana.

Qalx, çölə-çəmənə gedək, ay ana,

Ömür neyçün belə gödək, ay ana?!

Sizsiz

 Ay atam, ay anam, hardasız indi,

  Mən dözə bilmirəm, sizsiz çətindir.

Nə gözəl, nə yaxşı günlər var idi,

Qəlbimizdə yalnız arzular idi.

Gəzib dolanıram sizsiz, nigaran,

Baxışı mükəddər, zülfü pərişan.

Deyirəm, nə ola, yalan olaydı,

Görəydim, olanlar bütün röyaydı...
Kaş ki, tələsəydim mən sizə sarı,

Bir qoca kişiylə, bir qoca qarı

Gözləyəydi məni bir dilək kimi,

Mənsə çırpınaydım bir ürək kimi,

...Gəzirəm köynəkli, gəzirəm dalğın,

Siz mənə hardansa göylərdən baxın.

...Nə qədər ömrüm var, yaşayacağam,

Mən sizi qəlbimdə daşıyacağam... 

                                                                                                                                            Müəllif: Gülnarə Cahangirqızı

2 sentyabr 2013
GO BACK