Kül üstündə gül bitirir istəsə,
Gör nə qədər sirləri var dünyanın?!
Şən səsindən bülbül düşür qəfəsə,
Gör nə qədər sirrləri var dünyanın?!
Su tökməklə quyu dolmur, a qardaş.
Qarın toxdur, gözlər doymur, a qardaş.
Gözlər yatır, ürək uymur, a qardaş.
Gör nə qədər sirləri var dünyanın?!
Laylay çalır körpəsinə analar.
Qürub salır çöhrəsinə analar.
Çata bilmir bəhrəsinə analar.
Gör nə qədər sirləri var dünyanın?!
Qanqal qalxır, çölü, düzü götürür,
Alaq otu bağ-bostanı itirir,
Bənövşəni kol dibində bitirir
Gör nə qədər sirləri var dünyanın?!
Əbəs yerə kankan qazır torpağı.
Hey çalışır, suya dəymir ayağı.
Daş altından peydə edir bulağı.
Gör nə qədər sirləri var dünyanın?!
Düşən dişə quymaq olur günahkar.
Ley yurdunda qarğa qalır sahibkar.
Düzlər yanır, dağlar başı çovğun, qar.
Gör nə qədər sirləri var dünyanın?!
Bir torpağın, bir günəşin nəfəsi.
Bir ağacın, bir budağın bəhrəsi.
Acı, şirin, turş da olur meyvəsi.
Gör nə qədər sirləri var dünyanın?!
İdrisoğlu başa güşmür bir işi,
Çahar-sələr hey ləngidir şeş-beşi.
Turş ayrana dəyişirik kişmişi.
Gör nə qədər sirləri var dünyanın?!
İlham İdrisoğlu
Brest, 2007