Qadin.NET / Biri vardı, biri yox

Biri vardı, biri yox

Olan olub, keçən keçib bəlkə də,
İndi daha kövrəlməyin yeri yox.
Ömrüm boyu belə gəlib mənimki:
Əvvəlindən biri vardı, biri yox.

Uzaqdaydı mən istəyən ocaqlar,
Ürəyimdən gəlib keçdi sazaqlar.
Atalıydı, analıydı uşaqlar
Bizim evdə biri vardı, biri yox.

Gözlərimə doldurmuşam yağışı,
Bir köynəklə çıxarmışam mən qışı.
Şalvar, pencək geyinirdi tay-tuşum
Məndə isə biri vardı, biri yox.

Üzüm güldü tələbəyəm deyəndə,
Sıxılırdım dost pencəyi geyəndə,
Müəllimlə dil tapa bilməyəndə
Qiymətimin biri vardı, biri yox.

 


Qəlbim yandı, ilk sevgimdən, eşqimdən,
Dara düşdüm, əl ummadım heç kimdən.
Məclislərdə can deyib can eşidən
Dostlarımın biri vardı, biri yox.

Mən orduya nələr görüb getmişdim,
Ürək alıb, ürək qırıb getmişdim.
İki qıza könül verib getmişdim,
Qayıdanda biri vardı, biri yox.

Uzaq gəzdi əmi, dayı, bibilər
Sözarası mənə “evlən” dedilər.
Nişan üçün iki şey istədilər,
Məndə isə biri vardı, biri yox.

Vaxt gələcək bu günü görəcəksən,
Çox suala gözünü döyəcəksən,
Vaxt gələcək sən özün deyəcəksən,
Deyəcəksən: “biri vardı, biri yox”.

 

 Nüsrət Kəsəmənli..

Əzizlərim,bəs sizin həyatınızda necə?- biri vardı, biri yox? Ya biri var, biri yox? 

 


19 mart 2012
GO BACK