Qadin.NET / Nəbi Xəzrinin şeirləri

Nəbi Xəzrinin şeirləri

 

 

Nəbi Xəzrinin şeirləri

 

Ay ürək

 

Yaralar qövr edir təzədən ürək,

Niyə könül verdin ona sən ürək,

 

O səni sevmədi, sən niyə sevdin!

Səni sevməyəni sən niyə sevdin!

 

Eşqinə mən qurban gedim ay ürək,

Dedim, neçə dəfə dedim ay ürək,

 

Sevməyir o səni, niyə sevirsən,

Səni sevməyəni niyə sevirsən,

 

Sözümə baxmadın, indi yan ürək,

Yan ey mənim tək peşman ürək,

 

Sevmirdi o səni, niyə sevirdin!

Səni sevməyəni niyə sevirdin!..

 

İstə

 

Öz məğrur eşqimdə təmənnasızam,

Bir damla istəsəm,

Bir ümman istə.

 

Mən ki, bir dünyalıq boranam, yazam,

Bircə gül istəsəm,

Gülüstan istə.

 

Mənə ulduz boyda ulduz işıq ver desəm,

Sən məndən

Günəşli asiman istə.

 

Haçan bir saatlıq görüş istəsəm,

Sən bütün ömrümü,

Ərmağan istə.

 

Söylə, bəs hardaydın?

 

Sən gəldin,

Zülmətdən gün çıxdı birdən,

Nə qədər ecazkar göründü cahan?

Səni gözləmişdim ömrüm boyu mən,

Söylə, bəs hardaydın sən bu vaxtacan?

 

Keçib göy dərəni,

yaşıl çəməni,

Elə yaxın gəldin, elə uzaqdan!

Bəlkə min il əvvəl görmüşdüm səni,

Sərin su içəndə sən buz bulaqdan!

 

Elə bil üzləşdim

ilahi sirlə,

Bu nə möcüzədir, bu nə heyrətdir?!

Məhəbbət ölçülmür illə, əsrlə,

Məhəbbət ölçüsü əbədiyyətdir.

 

Zöhrə ulduzu tək

yanıb obaşdan,

Üfüqlər aşırdın xəyallarımda.

Sən hələ dünyaya göz açmamışdan,

Küsüb-barışırdın xəyallarımda.

 

Sən gəldin ömrümün

qarlı qışında,

Ruhumda ehtiras, ürəyimdə qəm.

Cənnət qapısının elçi daşında,

Hazırdım min il də səni gözləyəm.

 

O nəydi?

Zülmətdən gün çıxdı birdən,

Nə qədər ecazkar göründü cahan!

Səni axtarırdım ömrüm boyu mən,

Söylə bəs hardaydın sən bu vaxtacan?

 

 Nəbi Xəzri

5 fevral 2020
GO BACK