Qadin.NET / Gül bağçası

Gül bağçası

Gül bağçası

Bir şəhərdə dünyalar gözəli bir qız yaşayırmış. Evlilik vaxtı gəldiyi zaman bütün gənclər sıraya girmişlər, amma qız heç birini bəyənməzmiş. Şəhərin ən yaraşıqlı oğlanı gəlmiş, amma qız onunla görüşməyi belə qəbul etmədən "Yəqin ki, mənə layiq adam olmaz" deyibmiş. Yaraşıqlı gənc bundan çox kədərlənibmiş.

Aradan illər keçir və bir gün yaraşıqlı gənc həmin gözəl qızı görür və "Görəsən, necə bir şəxslə evlənib?" - deyə maraqlanır. Onu izləyir. Qız uçuq-sökük bir evə girir, qapıdan çirkin və keçəl biri cıxır. Dünyalar gözəli olan qız onu yola salır. Həmin şəxs çıxdıqdan sonra gənc evin qapısını döyür, qapını gözəl qız açır. Oğlan: "Mən illər öncə sizinlə evlənmək istədiyim zaman məni görmək belə istəmədiniz. Necə oldu ki, məni rədd etdiniz və indi bu çirkin adamla evlisiniz?" - deyə soruşur.

Qız ağlayaraq cavab verir: "Əgər o köhnə günlərimə dönə bilsəydim, köləniz olardım. İndi sizdən bir şey istəyəcəyəm. Burada gül bağçası var. Oraya gedib bağçanın ən gözəl gülünü mənə gətirərsinizmi? Bir şərtim var: əsla geri dönməyəcəksiniz". Yaraşıqlı gənc razılaşır. Oğlan bağçaya gəlir və güllərə baxmağa başlayır. "Bəlkə irəlidə daha gözəlini taparam" deyərək bütün bağçanı gəzir. Bir də baxır ki, bağçanın sonuna gəlib. Geridə daha gözəl güllər vardı, amma qızla şərtləşdiyi üçün geri dönmür. Bağçanın sonundan hər hansı bir gülü qopardıb qızın qapısına gedir. Qız "Bağçanın ən gözəl gülü budurmu?" - deyə soruşur. Gülün yarpaqlarının bəziləri qopmuşdu və heç də gözəl gül deyildi.
Yaraşıqlı gənc: "Əslində daha gözəlləri vardı, lakin daha gözəlini tapmaq üçün bağçanın sonuna gəldim. Geri dönə bilmədiyim üçün bunu qopardıb gəldim" - deyir. Qız cavabında: "Bax, mən də eyni hərəkəti etdim. Daha yaraşıqlı biri gələr deyə bütün gəncləri geri çevirdim və artıq istəyənim qalmadığı zaman ən yaxşısı az əvvəl gördüyün adam idi" deyir…






8 sentyabr 2011
GO BACK