Eskalatorla yeraltına girən və gün işığına çıxan bütün insanların üzündə bir boşluq gördü. Qorxunc boşluq. İnsanların üz cizgiləri anlamsız idi və bu anlamsızlıq, boşluq Nəsiminin bədəninə bir soyuqluq gətirdi, bədənini soyuq tər basdı. Yalnız bir anlamı vardı bu boşluğun və bu soyuqluq minlərlə hürufi qəlbini isitmiş Günəşi qorxutdu. Bir yuxarı qalxan, bir aşağı enən kütləyə baxdı Nəsimi. Bağırmaq istədi ki, “Məndə sığarikən cahan”, amma səsi çıxmadı. Gördüyü boş üzlər, mənasız gözlər möhürləmişdi ağzını. Bu məğlubiyyət idi. Gördüyü üzlər bu torpaqlarda yüz, min illər öncə yaşamış simalara çox oxşayır və heç oxşamırdı. Yer şairin ayaqlarının altından həm hərfi, həm də məcazi mənada qaçırdı. O, indi dar bir tuneldə ata qatilləri ilə birlikdə işığa doğru qalxırdı, onların udduğu havadan udurdu.
Şair özünə nifrət etdi, cismindən irgəndi. Sol tərəfdən aşağı düşənlər düz onun gözünün içinə baxırdılar. Aşağı getdikcə arxaya dönür, əvvəl göz bəbəklərini, sonra isə başlarını qaldıraraq, o gözdən itənə kimi onu izləyirdilər. Başını aşağı saldı, peşman idi. Sanki o da ata qatili idi. Ürəyi sanki parçalanaqdı. Əlini ürəyinin üstünə qoydu. Köynəyi qan ləkəsinə batdı. İnanmadı. Gözləri bərəldi, rəngi qaçdı. Ha çalışdısa da, gözlərini yuma bilmədi. Gözü bağlanmırdı, udquna bilmirdi. Eskalatorla aşağı düşən insanlar eyni soyuq nəzərlər və mənasızlıq dolu gözləri ilə ona baxırdılar. Onların nəzərində O heç kim idi artıq. MSN, Skype, ICQ, Facebook, Gmail, smile işarələri, axmaq musiqilər tutmuşdu onun yerini.Yuxarı qaçmaq istəyirdi, amma nə aşağı, nə də yuxarı addım ata biləcəyi boş məkan vardı. Böyük şair, dahi hürufi mürşidi Bakı metrostansiyalarından birinin eskalatorunda can verirdi. Ona baxan simasızlıq, boşluq onu dəli edirdi. Bu dəfəki ölümü ona daha ağır gəldi, baxışların verdiyi işgəncə, soyulmağın verdiyi işgəncədən daha əzablı oldu. O, bu ağrıya dözə bilmədi və ağlayaraq öldü.
Or Cuvarlı