Qadin.NET / Markiz de Sad

Markiz de Sad

Markiz de Sad

 

Onun otuz yaşı olardı, irisümüklü, sarışın qadın idi. Geniş kresloda oturarkən göy peyğəmbərçiçəyi onun donunda sanki üzürdü. Dizləri üzərində iri cildli kitab açıq vəziyyətdəydi. O, sürətlə fransızcadan tərcümə edir, badam gözlərindən soğan acısı süzülürdü.

- Burda dəhşətli nə var ki? Ecazkar hecalar, cəsarətlilik. Qorxulu və azmış olan bizik. Səmamız da quzu dərisi kimidir.

Dəyəsən, o sevirdi. Onun iri bədəninə yapışmış peyğəmbərçiçəkli donu yerlə sürünürdü.

Biz meşədə gəzişəndə o, kök çiyinlərini sallayırdı. Gecə isə biz yay evində oturub Markiz de Sad oxuyurduq.

Noyabr. Palçıq idi. O, dayanacaqda bazarlıq zənbili əlində dayanmışdı. Aşırma papağı yana əyilmişdi, əllərini paltosunun cibində növbəylə saxlamağa çalışırdı.

- Aman Allah, necə də darıxdırıcıdır! Uşaqlar məktəblidir... Dərslərini yoxlamaq, toplantılara getmək...

Bəli, hər şey davam etməliydi. Qəmlənmiş gözləri acıqlı yay atəşilə yanırdı. Biz onun dostunun evində görüşüb Markiz de Sad oxuyurduq.

Əlli yaşında da o, öz təravətini itirməmişdi, elə həmin qadın idi. Yay evini almış sarmaşıq boyu görürdüm ki, o, mürəbbə dolu ləyənə düşmüş eşşəkarısını çıxarmağa çalışır.

- Qəbiristanlığa getmişdim. Aman Allah, necə də darıxdırıcıydı!

Alınacaq şeylərin siyahısını yeniləyir, skamyaları rəngləyir, nəvələrinə məktəb üçün yemək hazırlayırdı. Hə, o da artıq dul idi. Mən onu elektrik qatarında qarşılayırdım. Biz cökə yarpağından çay dəmləyib Markiz de Sad oxuyurduq.

Müəllif : Marina Tarasova

Tərcümə edən: Səbuhi Şahmursoy

4 fevral 2017
GO BACK