Bir gün balaca Səbuhi anasının yanına gəldi. Anasını əlində oxlov, nəsə ağ və nazik bir şeyin üzərində onu yuvarladır və enlədirdi. Altı yaşı olardı, amma anasının işləri ilə heç maraqlanmazdı. Ana nə bişirir, necə bişirir, nə üçün bişirir, ata səhər hara gedir, nə üçün gedir... Bu suallar onu əsla düşündürməzdi. Həmin yaşda uşaqların öz dünyası olur. Xəyali dostları, düşüncələri... Oyuncaqlar onlarla danışır, ağaclar qulaqlarına pıçıldayır, heyvanlar da onlarla dostluq edərdi.
Lakin artıq illər keçmişdi və Səbuhini bütün bunlar daha ovutmurdu. Qəlbinə sıxıntı və kədər düşmüşdü. Xalası Kəmalənin onların evlərinə gəlişi Səbuhini kədərlə aşina olmağa vadar edirdi. Əvvəllər bunu hiss etmirdi. Sonra fərqinə vardı. Nə üçün belə olmuşdu? Kəmalə xala evə gələrkən 7 yaşlı oğlu Faiqi və 4 yaşlı qızı Fərqanəni də gətirərdi. Bu iki bala Səbuhi üçün doğmadan da doğma idi. Onlarla həvəslə oynayar, bolluca əylənərdi. Lakin onlar evlərinə çıxıb gedərkən özünü atılmış kimi hiss edər, arabir valideynlərindən küsərdi. Bu kədərinə görə bir-iki dəfə sevdiyi oyuncaqlarını divara da çırpmışdı.
- Ay ma!
- Caaan mama.
- Mənim qaqaşım hanı?
- Ay can? Nə qaqaş, başına dönüm? (Ana çox müdrik qadın idi, məsələnin nə olduğunu bilirdi. Əlindəkiləri kənara qoyub, xəmirə bulaşmış əllərini ətəyinə sildi) Mama qurban sənə, pirojki yeyirsən?
- Həəə.
- Dayan bir dəyqə. (Ana nimçəyə iki-üç pirojki qoyub balasına uzatdı)
- Ay maaa.
- Can.
- Qaqaşım mənlə haçan oynuyacaq?
- Dee, sənin qaqaşın var daa, bacın da var.
- Hanııı, yoxdu axı?
- Bəs Faiq və Fərqanə kimdi?
- Olar qaqaşım-bacımdısa, bəs niyə mənnən qalmıllar?
- Qalmasalar da sənnən oynuyullar daa, mama qurban.
- Eeee yox. İstəmirəm (əlindəki nimçəni stolun üstünə qoyub burnunu çəkə-çəkə otaqdan çıxdı).
***
Bu hadisənin üstündən bir həftə keçdi. Səbuhidə Faiq və Fərqanəyə qarşı xüsusi bir yadlaşma hiss olunmağa başladı. Daha onlarla oynamaq istəmirdi. Odur ki, ya televizorun arxasında oturub cizgi filminə baxırdı, ya da pəncərədən həyətdə oynayan uşaqlara tamaşa edirdi.
Bir gün ağlına qəfil bir fikir gəldi. Cəld mətbəxə qaçdı. Adətən uşaqlar valideynə qarşı kin bəsləmirlər. Bu hal çox vaxt az yaşlarda daha çox müşahidə edilir.
- Ay maa, ay maa.
- Can!
- Mama, necə oldu ki, mən oldum?
- Necə yəni? (Ana bilirdi ki gec-tez oğlu ona bu sualı verəcəkdi. Lakin oğlunu kəşf etmək üçün onu danışdırmaq lazım idi).
- Necə oldum daaaa?
- Bilmək istəyirsən?
- Həəə.
- Onda mənə möhlət ver, sənə cavabı verim (Ana bir az vaxt qazanmaq istəyirdi. Həm də bu, uşaqda bir neçə gün yüksək əhval-ruhiyyə yaradacaqdı. Axı o maraqlı bir şey eşidəcəkdi).
- Haçan?
- Mama qurban, gözdə, mama sənə hər şeyi başa salacaq.
- Yaxşı. (Səbuhi ixtiyarsız irəli atılaraq anasını qucaqlayıb öpdü. Sonra otağına qayıtdı)
Ana əlindəkiləri kənara qoyub bir az fikrə getdi. Bu cür məsuliyyətin öhdəsindən səhvsiz gəlmək lazım idi. Ona anası da demişdi ki - düzdü anası ondan fərqli olaraq savadsız qadın idi, yəni məktəb-universitet bitirməmişdi, amma çox zəkalı qadın idi - adam uşağa yalan danışmaz, qızım. Heç vaxt qoyma ki, uşağa bilmədiklərini küçə öyrətsin.
Bu nəsihət Səmayənin qulaqlarında sırğa kimi qalmışdı. Odur ki, tələsmədən ərinin işdən qayıtmasını gözlədi.
***
- Fəxri, bu gün bilirsən Səbuhi nə dedi?
- Nə dedi, Səmiş?
- Məndən haradan əmələ gəldiyini soruşurdu?
- Doğurdan? Ha-ha-ha.
- Susss, uşağ yatıb, oyadacağsan. Ciddi ol daa.
- Hmm, yaxşı, sən nə dedin?
- Sənsiz heç nə. Nə məsləhət görürsən?
- Məncə dovşan məsələsi ilə bunu ona başa salmağ olar. Həm də bir güllə ilə iki dovşan vurmuş olarığ.
- Necə?
- Qulaq as. (Fəxri həyat yoldaşına planını danışdı)
***
Sabahı gün axşam Səmayə Səbuhini yanına çağırdı. Fəxri o biri otaqda filmə baxırdı. Belə bir məsələnin oğula atanın ya ananın başa salmasında, əslində fərq var. Çox vaxt oğul özünə daha çox ananı həmdəm hesab edir. Bu çox maraqlıdır. Bəlkə bu prosesi ata aparsa, uşaq qane olmasa da razılaşar, amma ana ilə rahat şəkildə müxalifətçilik edə, arada diskussiya da apara bilərdi.
- Səbuhi, hardasan? Gözümün işığı gəl bura. (Uşaq sanki zəruri bir xəbəri əldə etmək üçün qaça-qaça gəldi. Uşaqların inadkarlığı bir çox böyüklərdə qalsaydı, onlar istəklərinə çoxdan çatmışdılar. Səbuhi hər iki saatdan bir anasının yanına gələr, "noooldu?" deyə inadkarcasına sualına cavab istəyərdi. Amma hər dəfə ana onu səbirli olmağa çağırardı.)
- Hə, mama. Noldu? Danışırsan?
- Mama qurban aç qutunu, gör ata nə alıb sənçün?
Uşağın gözü ətrafı süzməyə başladı. Ananın gözündən yayınaraq evi bir neçə dəfə ələk-vələk edən Səbuhi evin yeni əşyasını çətinlik çəkmədən tapdı. Qapının ağzında idi qutu. Cəld ona tərəf qaçdı. Düşünmədən qutunu açdı.
- Aaaa.
- Noldu, mama qurban?
- Ay ma, ay maaa! Dovşandı. Mmm, ayy buna bax e. (Qulaqlarından tutub qaldırmaq istədi. Cizgi filmlərində görmüşdü bunu. Elə bilirdi ki, dovşanla belə rəftar etmək lazımdır. Bəlkə də dovşanların tutmaq üçün ən münasib yeri elə qulaqları idi)
- Adam helə eləməz. Qoy yerinə.
- Niyə?
- Adam heyvana əziyyət verməz, balam. Sənin qulaqlarından dartsam xoşun gələr?
- Bəs necə edim?
- Bədəninnən tut.
- Ay maa, iki dənədiye.
- Hə, iki dənədi. (Əslində valideynlər Səbuhi üçün yeni bir plan cızmişdilər. Ona təbiətin ən maraqlı sirlərindən birini başa salmaq lazım idi).
Səbuhi qutunu cəld götürüb otağına aparmaq istəyirdi ki, ana dilləndi:
- Bu gündən dovşannara nəzarət etmək sənin öhdənə düşür. Hər gün oları müşahidə elə. Bax gör neynirlər. Axırda mənə deyərsən.
- Yaxşı, ay ma. (Sevincək anasının üzündən öpdü)
***
Günlər sürətlə keçirdi. Səbuhi dovşanların gəlişindən sonra özünü tənha hiss etmədi. O, Faiq və Fərqanə ilə də barışdı. Onlara dovşanları göstərir, birlikdə onlarla oynayırdılar. Günlər keçir, Səbuhi də hər gün anasına dovşanlarda nələri gördüyünü danışırdı. Onları yemləyir, qutularını təmiz saxlayırdı. Dovşanların bir-biriləri ilə oynaması, cütləşməsi, hətta onların həyata öz balalarını gətirməsinin də şahidi oldu Səbuhi. Hər birini də maraqlı və özünəməxsus şəkildə anasına izah etməyə çalışırdı. "Dovşanlar bir-birilə dava edirdilər.", "Dovşanlardan biri o biri yazıq dovşanı tapdalayır.", "Ay ma, dovşanımın biri xəstələnib, yerində sakit oturub, amma qarnı şişib.", "Ay ma, dovşanın yanı qanayıb.", "Ay ma, bu nədi balaca-balaca ciy-ciy edən balalar. Nə iyrənc görsənirlər." və s. özünəməxsus maraqlı fikirləri ilə anasına məlumat çatdırırdı. Səbuhi çox xoşbəxt idi. Atası düz demişdi. Bir qutuda iki dovşan, uşağın iki məsələsini həll etmişdi. O, daha özünü yalnız hiss etmirdi, həm də üstüörtülü şəkildə valideynlərin ona sirr ötürməsini başa düşməsə də, gələcəkdə bu məsələni daha yaxşı anlamasına yardım edəcəkdi.
Amma bu dovşanlar Səbuhiyə üçüncü hədiyyəni də etmişdilər:
- Səbuhi balam.
- Hə, ay ma.
Anası onu bağrına basdı. Üzündən öpdü:
- Sənin çox gözəl bacın olacaq.
Fərid Abdullah.