Qadin.NET / Johanna Spyri - Heidi (7)

Johanna Spyri - Heidi (7)

 Cənab Sesemanın anası, Klaranın nənəsi

Cənab Sesemanın gedişindən bir neçə gün keçmişdi. Evdə yenə həyəcan keçirilirdi. Xanım Rottenmayer öz həyəcanını gizlətməyə çalışırdı.

Heidiyə tapşırılmışdı ki, çağırılmayana qədər otağından çıxmasın. Ona görə də o, sakitcə öz otağında oturub, gözləyirdi.

Xidmətçilər qapını açmağa getdilər. Rottenmayer də üzündəki kinayəni gizlətməyə çalışır və onların dalınca gedirdi. O, nənənin gəlişini heç cür qəbul edə bilmirdi. Bir müddət sonra bir xidmətçi qaçaraq Heidinin otağının qapısını açdı və dedi:

- Tez ol, qonaq otağına düş. Səni gözləyirlər.

Nənə Heidini görən kimi güldü və dedi:

- Gəl görüm yanıma, şirin balam. Gəl, sənə yaxından baxım.

Bu nənə də dağdakı nənə kimi həlim və sevimli idi. Heidi ona qabaqcadan öyrədilmiş kimi nənəyə yaxınlaşdı və salamlaşdı.

 - Sizin yerdə adamlarla belə salamlaşırlar?

 - Xeyr, xanım. Mən birinci dəfədir ki, belə salamlaşıram. Çünki xanım Rottenmayer belə tələb elədi.

 -  Həə, sən mənə bu gündən nənə deyəcəksən yaxşı? Bir də o axmaq “hörmətli xanım” sözünü eşitmək istəmirəm. Sənin adın nədir?

-  Mənim adım Heididir. Ancaq mənə güclə deyirlər ki, sənin adın Adelhayt olmalıdır.

Xanım Rottenmayer bu ad məsələsi barədə olanları nənəyə danışdı və dedi ki, kənddə ona belə yöndəmsiz bir ad veriblər.

- Eybi yox, mən ona elə Heidi deyəcəyəm.

Beləliklə, bu məsələ də həll olundu. Heidi buna çox sevinirdi.

Johanna Spyri - Heidi (7)
Səhər nənə qəlyənaltıdan sonra Heidini nə qədər axtardısa da görə bilmədi. Rottenmayer dedi ki, hər gün bu saatlarda Heidini otağına bağlayır və onun oradan çıxmağına icazə verilmir. Çünki bu qız çox dəcəldir və onun qarşısını ancaq belə almaq olarmış.
 -  Onu mənim yanıma gətirin. Oxumağı üçün kitablar verəcəyəm ona. Təkbaşına buraxılsa, dəcəllik etməsi qaçılmazdır. Gərək onun başını xeyirli şeylərlə qatan olsun.
Rottenmayer əlinə keçən fürsətdən istifadə etdi:
-  Xanım, neçə aydır ki, müəllim ona bir hərf də öyrədə bilməyib. Axmaq qızdır.
-  Heç inanmağım gəlmir. Baxışlarından hiss olunur ki, çox ağıllı qızdır.
Nənə Heidiyə şəkilli kitablar göstərəndə o, çox sevinmişdi. Gözü kitabda bir şəklə ilişdi, burada dağ və dağın ətrafında bir neçə ev şəkli şəkilmişdi. O, bir müddət gözünü şəkildən ayıra bilmədi. Sonra isə ağlamağa başladı.
Nənə səbirlə Heidinin başına gələnləri dinləməyə başladı. Sonra isə Heidiyə hərfləri öyrətmək istədi. Bir qədər izah etdikdən sonra soruşdu:

- Yadında qaldımı?

 -  Xeyr, xanım. Mən axmaq qızam, heç nə öyrənə bilmərəm.

-  Əgər sən hərfləri öyrənsən, onda bu kitabda yazılan dağlara, sevdiyin çobanlara aid hekayələrin hamısını oxuya bilərsən.

Nənənin sözündən sonra Heididə birdən öyrənməyə qarşı bir həvəs baş qaldırdı.

Bu söhbətdən iki həftə keçmişdi. Müəllim Aşer təəccüb içində idi.  O, tələsik nənənin yanına getdi. Nənə müəllimin bu həyəcanını görəndə düşündü ki, yəqin pis bir şey baş verib. Ancaq müəllim nənəyə yaxşı xəbər gətirmişdi. O, nənəyə dedi ki, aylardır bir hərf belə öyrənməyən Heidi iki həftə ərzində bütün hərfləri öyrənmiş və çox gözəl oxumağa başlamışdı.

Nənə filosoflar kimi durdu və dedi:

-  Həyat başdan-başa qeyri-adiliklərlə doludur.

Nənə, Heidi və Klara günlərini kitab oxumaq və oxuduqları kitabları müzakirə etməkləkeçirirdilər.

Johanna Spyri - Heidi (7)
Nənə Heidiyə gözəl bir kitab bağışladı. 

-  Ah, bu necə də gözəldi. İlk dəfədir ki, mənim özümün şəxsi kitabım olacaq. Olar ki, mən bunu gedəndə babamın yanına aparım? Həmişə məndə qalsa olar?

Klaranın bənizi saraldı:

-  Bir neçə gündən sonra nənə gedir. Tək ümidim sənsən. Amma sən də məni qoyub getmək fikrinə düşmüsən. Mənə heç yazığın gəlmir?

Heidi başını aşağı salıb, susdu.

Nənənin gedişi

Klara və Heidi nənənin gedişinə ağlayırdı. Nənə hər kəslə sağollaşıb getməyə hazırlaşırdı. O, uşaqları bir-bir öpüb dedi:

 -  Mən yenə gələcəyəm. Ancaq bir istəyim var, həmişə belə mehriban olacaq və dərslərinizi yaxşı oxuyacaqsınız. Yaxşımı?

Nənənin əşyaları arabaya yükləndi. O, evdən çıxanda uşaqlar elə hönkürtüylə ağladılar ki, bu mənzərəni görənin ürəyi parçalanırdı. 

Nənə gedəndən sonra uşaqlar bir-birinə hekayələr, nağıllar oxumaqla başlarını qatmağa başladılar. Oxuduqları nağıllar Heidini xəyalın yaşadığı yerlərə, kəndlərinə aparır və o darıxdığından ağlamağa başlayırdı. O, ağlayanda Klara nə qədər çalışsa da onu sakitləşdirə bilmirdi. Xanım Rottenmayer isə onun ağlamağına əsəbləşir və ona hədə-qorxu gəlirdi:

- Bax, səsini kəsməsən və bir də ağlasan, sənə kitab oxumağı qadağan edəcəyəm!

Heidi sakit olur və ağlamırdı. Çünki onun bir təsəllisi var idi. O da bu kitablar idi. Heidi kəndləri üçün çox darıxırdı. O, hər gün yuxusunda dağları, meşələri, otları, çəmənlikləri görür və daha da çox darıxmağa başlayırdı. Artıq vəziyyət elə hal almışdı ki, Heidi həmişə çalışırdı ki, yuxuda kəndlərini görsün, görməyəndə isə həmin gün çox qüssəli olurdu.

Johanna Spyri - Heidi (7)
Artıq evdə də bir qorxu, həyəcan yaşanılırdı. Hər kəs evdə ruh gəzdiyini fikirləşməyə başlamışdı. İş o yerə gəlib çatmışdı ki, heç nədən qorxmayan Sebastiyan da gecə vaxtı yanında adam olmadan gəzə bilmirdi.
Hadisə belə vaqe olmuşdu...
Bir gün səhər yuxudan durub gördülər ki, evin çöl qapısı açıqdır. Bu hadisə getdikcə təkrarlanmağa və hər gün baş verməyə başlandı.
Bu necə ola bilərdi? Qapı öz-özünəmi açılırdı, yoxsa onu kimsə açırdı?
Hər kəs belə qərara gəldi ki, bu ruhların işidir. Çünki gecə yatmazdan əvvəl qapılar istisnasız olaraq hər gün bağlanılır və heç kim də gəlib onu açmırdı. Tək çıxış yolu da elə ruhun olduğuna inanmaq idi. Beləliklə də, bu əhvalat başlandı.
Əvvəlcə ev əhli fikirləşmişdi ki, bu oğruların işidir. Ancaq axtarış nəticəsində məlum olmuşdu evdən heç bir şey oğurlanmayıb. Deməli, bunu oğrular da edə bilməzdi.
Evin hər şeyindən məsuliyyət daşıyan xanım Rottenmayer bu hadisədən sonra çox qorxmuşdu.  O, qərara gəldi ki, xidmətçilər bir-bir keşiş çəksin və gecələr burada nə baş verdiyini öyrənsinlər.
İlk olaraq Sebastiyanla faytonçu Con gözətçiliyə başladılar. Onlar əlində tüfəng qorxa-qorxa gecə nə baş verəcəyini gözləyirdilər. Con biraz gözlədikdən sonra yatdı. Ancaq Sebastiyan gözünü belə qırpmadan hər an nəsə baş verəcəyini gösləyirdi. Birdən o, bir səs eşitdi və cəld Conu qaldırdı. Onlar əlində şam evi gəzməyə başladılar. Aşağı düşərkən şamları az qala sönəcəkdi və bu onları çox qorxutdu. Birdən ikisi də gördü ki, evin qapıları taybatay açıqdır!
Johanna Spyri - Heidi (7)
Tez qapını örtdülər. Con boğuq səslə, qorxa-qorxa dedi:
 -  Baax, oradadır.

Sebastiyan geri çevrildi:

- Nə?  Nəyiydi?

 -  Ağ bir şeyiydi. Ruhdu yəqin.

 -  Əminsən?

-   Hər halda qapını mən açmamışdım daa.

Səhər açılar-açılmaz onlar baş verənlərin hamısı xanım Rottenmayerə danışdı. Rottenmayer qərara gəldi ki, evdə baş verənlər barədə təcili bir məktub yazıb cənab Sesemana bildirmək lazımdır.

Ancaq cənab Seseman buna o qədər də əhəmiyyət vermədi və cavab məktubunda bir neçə tədbir görülməsi barədə yazmışdı. Vəziyyəti belə görən Rottenmayer hər şeyi Klaraya danışdı. Yazıq qız bu hadisəni eşidəndə çox qorxmuşdu. Nəhayət cənab Sesemana ikinci məktub yazıldı. Burada Rottenmayer Klaranın çox qorxduğunu və hər an şok keçirə biləcəyini yazır və cənab Sesemandan təcili evə qayıtmasını xahiş edirdi.

Seseman bu məktubu oxuyan kimi bütün işlərini atıb evinə döndüş O, qapını elə bərk və həyəcanla döydü ki, hər kəs fikirləşdi ki, deyəsən ruh günün günorta çağı onlara basqın etmək qərarına gəlib. Hamı həyəcanlanmışdı. Buna görə də qapını gec açdılar və cənab Seseman buna çox əsəbiləşdi.

- Bu nə məsuliyyətsizlikdir? Evdə bu qədər xidmətçi var, ancaq biri də qapını açmır. Heç belə də iş olar?

Onlar hər şeyi cənab Sesemana danışdılar. O təəccüblənmişdi:

Həə? Mənsə fikirləşirdim ki, bunların hamısı bir oyundu. Düşündüm ki, Klara məni evə gətirmək üçün kələk qurub. Həkimə xəbər göndərin gəlsin. Ola bilsin ki, bu gecə burada qalsın. Hamınız hazır olun.

Həkimin dalınca adam göndərdilər. O, gecə gec gəldi. İşləri çox idi.

Uşaqların yataqlarında idi. Həkimi maraq bürümüşdü. Fikirləşirdi ki, yəqin səhərəcən yanında olmalı olduğum bir xəstə var. Ancaq cənab Seseman baş verənləri ona danışanda çox qorxmuşdu.

- Mənə elə gəlir ki, bunu edən xidmətçilərdən birinin qohumudur. Hər ehtimala qarşı silahlanmalıyıq. İşdir birdən həmin adamın üstündə silah olsa, çarəsiz qalmayaq.

Johanna Spyri - Heidi (7)
Həkimin məsləhətinə qulaq asıldı. Onlar gözətçiliyə başladılar. İkisi də yatmaq istəyirdi və yatmamaq üçün bir-biriləri ilə zarafat edir, cavanlıqları barədə danışırdılar. Birdən həkim dikəldi:
- Eşitdin?
-  Hə,  hə.
İkisi də birdən silahını götürüb dəhlizə qaçdılar. Ağ rəngdə balaca bir şey hərəkətsiz halda ayaqüstə durmuşdu. Cənab Seseman var gücüylə qışqırdı:
-  Orda kim var?
Silahlarını bu ağ varlığa tuşlayaraq yaxınlaşmağa başladılar. Bir də nə görsələr yaxşıdır? Bu, Heidiymiş. Heidi çaşqın bir halda silahlılara baxır və yerindəcə donub qalmışdı.
Həkim o saat hər şeyi başa düşdü. Sən demə balaca qız yuxuda gəzirmiş. Həkim qızı qucağına alıb yatağına apardı. O, özünə gələndə həkim soruşdu:
- Orada nə edirdin elə?
- Harada?
 - Durmuşdun dəhlizdə, nəsə edirdin.
- Yox, heç nə eləmirdim. Babama baxırdım. Həmişə yatanda özümü babamın yanında görürəm. Ancaq səhər açılan kimi baxıram ki, yerimdəyəm. Heç başa düşmürəm ki, bu necə olan şeydir.
 - Baban harada yaşayır?
- İsveçrədə, Alp dağlarında.
-  Hər gecə oraya gedirsən?
-  Hə, əlbəttə. Ancaq bir də baxıram ki, burada, öz otağındayam.
Həkim qızı şirin dillə razı saldı və yedırtdı. Sonra da vəziyyəti cənab Sesemana danışdı. O izah etdi ki, Heidi yuxuda gəzir. Vətəninə olan sevgi onu bu hala salıbdır. Ancaq bu keçici bir haldır. Onu təcili öz vətəninə göndərmək lazımdır. Əks halda yazıq qız çox əziyyət çəkəcək.

(Ardı var) 

4 may 2014
GO BACK