Qadin.NET / Boşluq

Boşluq

Boşluq

Məhəbbət – sənin  qəlbində  başqa  birisinin  açdığı  boşluqdur  ki ,

sən  onu  heç  cür  doldura  bilmirsən.  (Müəllif)

Onunla  qəfil  rastlaşdığımız  gün  artıq  axşam  düşmüş, üstəlik,  qalın  duman  birdən-birə  şəhərin  üstünə  enib küçələri  ağızbaağız  doldurmuşdu. Evlərinə  tələsən  adamlar  belə  dumanda  az  qala  burun-buruna  gələn  maşınların  arasında  tutqun  kölgə  kimi  görünürdülər. Maşınlar  həm  bir-birinə  yol  verir, həm  də  piyadaları  vurmamaq  üçün  ləngiyir; adamlar  isə   tez-tez  bir-biri  ilə  toqquşur, itələşir, sanki  bir-birinin  zəif  yerlərini  tapıb  aradan  maneəsiz  keçmək  istəyirdilər.

O, düz  üstümə  yeridi, mən  mümkün  qədər  labüd  toqquşmadan  yayınmağa  çalışırdım; əllərimi  yelləyib  qəzadan  qabaq həyəcan  işarəsi  verdim, yalnız  buna  macal  tapdım; lakin  vəziyyəti  aydınlaşdırmaq, görünür, hər  ikimiz  üçün  eyni  dərəcədə  əhəmiyyətli  deyildi. O, ya  maraq  xatirinə, ya  da  sadəcə  tələsdiyi  üçün  yolunu  dəyişmədi. Uzun  müddət  yerimdə  səndələdim, bərk  soyuqluq  hiss  edirdim, axı  onun  keçdiyi  yerdə  böyük  bir  boşluq  açılmış  və  bədənim  müdafiəsiz  qalmışdı.

Duman  seyrəldikdən  sonra  onu  yenidən  görüm  və  çoxdankı  tanış  kimi  salamladım. O, gün  işığında  fikirli  halda  mənə  baxdı; görünür,  nəyisə  xatırlamağa  çalışırdı; qiymətli  anları  əldən  verməyib  variantları  götür-qoy  edirdi; bu  zaman  mən  ona  tərəf  gedirdim, onu  bədənimdəki  boşluğa  daxil  etməyə  tələsirdim, amma  o,  son  anda  saymazyana  böyrümdən  ötüb  keçdi.

Mən  onu  saxlamadım, çünki  qəflətən  məndə  belə  bir  bədbin  fikir  yarandı  ki, artıq  o  özü  də  bu  boşluğu  doldura  bilməyəcək.

 

2003

Boşluq

Məktub

Hərdən  sözlər  elə   asanlıqla  seçilir, fikirlər  elə  səlis  ifadə  olunur  ki, birdən  sənə  elə  gəlir, qələmi  saxlayıb  sadəcə  dodaqlarını  tərpətməklə  də  həmin  məktubu  yazmaq  mümkündür. Belə  məktubu  öz  ünvanına  yollamağa  heç  ehtiyac  da  qalmır. Axı  bir  də  görürsən  ki, çoxdan  gözlədiyin   məktub  hələ  gəlib  sənə  çatmayıb , lakin  sən  orada  nə  yazıldığını  artıq  bilirsən. 

 

Bəxtiyar  Əliyar

Azərbaycan  Yazıçılar  Birliyinin  Üzvü

3 iyun 2013
GO BACK