Qadin.NET / İlk dedektiv roman

İlk dedektiv roman

 

 

2012-ci ildə Böyük Britaniyada mütəxəssislərin detektiv janrının ilk romanı hesab etdikləri və müəllifi Çarlz Filiks olan “Nottinq Hillin sirri” romanı yenidən nəşr olundu. Bu roman-felyeton 1862-63-cü illərdə həftəlik “Once a week” jurnalında, 1863-cü ildə isə ayrıca kitab şəklində nəşr olunmuşdu.

150 il keçdikdən sonra o yenidən nəşr olunur.  Britaniya və Amerika detektiv ədəbiyyatı bazarında sensasiyaya səbəb oldu. Kitab "British Library Publishing" nəşriyyatı (Britaniya Milli Kitabxanasının nəşriyyatı) tərəfindən ilk nəşriyyatın məşhur yazıçı Dafna Dümoryenin babası Corc Dümorye tərəfindən çəkilmiş rəsmləri ilə birlikdə nəşr olunmuşdur.

Çarlz Filiksin bu romanının yenidən nəşrinə qədər fransız yazıçısı Emil Qaborionun 1866-cı ildə çıxan “Dul qadın Lerujun işi” və ingilis yazıçısı Uilki Kollinzin 1868-ci ildə nəşr olunan “Ay daşı” ilk detektiv romanlar kimi qəbul olunurdular. “Nottinq Hillin sirri” yenidən nəşr olunduqdan sonra tarixi həqiqət zəfər çaldı və onun müəllifi Çarlz Filiks detektiv romanın banisi elan edildi, halbuki, adətən detektiv janrın ilk əsərləri Edqar Ponun 19-cu əsrin 40-cı illərində yazdığı hekayələri hesab edilirlər.

Çarlz Filiks - təxəllüsdür, onun arxasında ingilis hüquqşünası, jurnalist və səyahətçisi Çarlz Uorren Adams durur. Romanın müasir tənqidçilərini onun ədəbi texnikası heyran etmişdir – roman növbələşən gündəlik yazıları, ailə məktubları, şahidlərin ifadə protokolları, kriminoloji dəlillər və cinayət yerinin sxemləri formasında yazılmışdır. Əyani olaraq XX əsrin 20-ci illərinə qədər detektiv janrında belə bir texnika istifadə olunmamışdır. XIX əsr üçün bu novator ədəbiyyat fəndi idi.

Çarlz Filiksin romanında qərbi Londonun rayonlarından biri olan Nottinq Hilldə törədilmiş qətl barəsində danışılır. Baron R. sığorta polisinə görə böyük məbləğ əldə etmək üçün öz arvadını qətlə yetirir. Qətlin təhqiqatını sığorta şirkətinin xəfiyyəsi Ralf Henderson aparır. Qətlin təhqiqatına üçqat qətl, qaraçılar tərəfindən balaca uşağın qaçırılması, zəhərlənmə və varlı dayının vəsiyyətnaməsi kimi işlərin də süjet xətləri əlavə olunur. Romanda Ralf Henderson Şerlok Holmsun carçısı kimi görünür, belə ki, o, təhqiqat zamanı öz dövrünün elmi metodlarından istifadə edir.

Doğurdanmı “Nottinq Hillin sirri” detektiv janrının ilk romanıdır?

Bu suala detektiv janrının məşhur britaniyalı tarixçisi, “Britaniya detektiv ensiklopediyası”-nın müəllfi və Britaniya Detektiv Janrı Yazıçıları Assosiasiyasının keçmiş vitse-prezidenti Barri Forşou cavab verir:-

-Hansı kitabın tarixdə ilk detektiv roman adlandırılması ilə bağlı daima mübahisələr gedirdi. Adətən Uilki Kollinzin “Ay daşı” romanını göstərirdilər. Bu əsər 1968-ci ildə nəşr olunmuşdu. Ancaq xronoloji baxımdan “Nottinq Hillin sirri”, “Ay daşından” və Qaborionun qəhrəmanı-xəfiyyə Lekokun iştirakı ilə olan ilk romanı “Dul qadın Lerujun işi”-ndən qabaq çap olunub. Odur ki, heç şübhəsiz bu ilk detektiv romandır. Bununla belə bu roman sadəcə detektiv janrın ilk romanı deyil. Romanı maraqlı edən həm də onun orijinal ədəbi formasıdır. Bu romanın nə dərəcədə müasir görünməsi heyranedicidir. Bu sadəcə ilk detektiv roman yox, həm də maraqlı və orijinal formalı bir romandır.

 

İlk dedektiv roman

- Bu roman öz dövrü üçün novatorçu sayıla bilərmi?

- Bəli və ilk növbədə məhz o dövr üçün qeyri-adi sayıla biləcək ədəbi formasına görə. Onu da unutmayaq ki, o dövr və eləcə də ondan əvvəlki dövrün bir çox romanlarında özünəməxsus novatorluq var idi. Məsələn, götürək elə Daniel Defonun “Molli Flanders”-ini. Bu detektiv roman deyil, ancaq onu ilk kriminal roman adlandırmaq olar. Burada keçmiş yüngül əxlaqlı qadının kübar cəmiyyətə daxil olmasından bəhs edilir. Belə bir süjet öz dövrü üçün tamamilə bir yenilik idi. Mərkəzində xəfiyyə və cinayət təhqiqatı olan roman da cox qeyri-adi idi. Dikkens də roman-felyetonlar yazmasına baxmayaraq, bu barədə heç vaxt yazmamışdı. “Nottinq Hillin sirri”-ni də təkcə burada cinayət və qətldən söhbət getdiyinə görə o dövr üçün novatorluq adlandırmaq olmaz. Romanda əsas bu deyil. Əsas cinayətkarı ifşa edən xəfiyyə Ralf Hendersonun obrazıdır.

- “Nottinq Hillin sirri”-nin müəllifi barədə nə məlumdur?

- O jurnalist olub və onda ona qədər Edqar Allan Poda olan kimi cinayət işləri və detektiv təhqiqatlarına maraq olub. O başqa kitablar da yazıb, o cümlədən, “Məxmər otluq”. Ancaq bu kitabların hamısı unudulub. Odur ki, əsl adı Çarlz Uorren Adams olan Çarlz Filiks müasir oxucu üçün tamamilə yeni addır. Onu Çarlz Dikkens və ya detektiv janrının atası Poya yanaşma meyarları ilə qiymətləndirmək olmaz. Onlar böyük yazıçılardır. Çarlz Filiks Emilo Qaborio kimi sadəcə maraqlı və istedadlı nağılçıdır. O ilk dəfə olaraq cinayət təhqiqatı barədə kitab yazmış və xəffiyə obrazı yaratmışdır və bu da ədəbiyyatda yenilik idi. Filiks bu sahəni çox gözəl bilirdi və onu yaxşı təsvir edə bilmişdi. Onu gözəl stilist və ya böyük yazıçı adlandırmaq olmaz. Bu romanın yenidən nəşrinə böyük ədəbi kəşf də demək olmaz. Bu sadəcə maraqlı tarixi sənəddir.

- “Nottinq Hillin Sirri”-nin yenidən nəşri Britaniya detektiv ədəbiyyatı bazarında əhəmiyyətli hadisə oldumu?

- Bu ən azından bir məsələdə əhəmiyyətli hadisədir: roman vəzifəsi Britaniya ədəbiyyatının qorunması və dəstəklənməsi olan qocaman mədəni təşkilat – Britaniya Kitabxansının nəşriyyatı tərəfindən çap olunub. Bu nəşriyyatdan adətən Şekspir və ya Uilyam Bleyk səviyyəsində kitablar gözləyirlər. Onların “Nottinq Hillin Sirri”-ni nəşr etməsi heyrətamizdir. Bizim üçün bu roman bir nov keçmiş zamanlara səyahət imkanı verən zaman maşınıdır. Britaniya kitabxanasının onu nəşr etməsi faktı özlüyündə çox əhəmiyyətlidir. Bu o deməkdir ki, nəhayət detektiv janrı sadəcə yüngül əyləncə deyil, ciddi ədəbi janr kimi qəbul edilmişdir.

Tərcümə etdi: S. Huseyn

12 may 2015
GO BACK