Qadin.NET / "Hər şey gözəldir həyatda"...

"Hər şey gözəldir həyatda"...

"Hər şey gözəldir həyatda"...

1995-ci ildən etibarən hər il 9 sentyabr yer üzündə Beynəlxalq Gözəllik günü kimi qeyd olunur. Həmin gün bir qayda olaraq gözəllik müsabiqələri keçirilir, dünya gözəlləri seçilir. Bu bir həqiqətdir ki, gözəllik anlamına o qədər amil daxildir ki, bəlkə də sayıb qurtarmaq mümkün deyil. Elə ona görə də "Nədir gözəllik?" sualına bir qayda olaraq cavab vermək çətin olur. Bu ilki gözəllik günü isə müsəlman aləmi üçün daha əlamətdardır. Çünki müqəddəs Ramazan bayramına təsadüf edir. Ramazanın özü isə büsbütün gözəllikdir - desək, yəqin ki, yanılmarıq. Mayasında da ilk növbədə nəfsin gözəlliyi, iradə gözəlliyi durur. Bu bayram həm də ünsiyyət gözəlliyidir. İlk növbədə də müsəlmanın Tanrısı ilə ünsiyyətidir.

"Qurani-Kərim"in "Nəhl" surəsinin 30-cu ayəsində oxuyuruq:

"Dünyada gözəl iş yapanlara gözəllik vardır". Yəqin siz də mənimlə razılaşarsınız ki, bu fikirdə böyük bir həyati məntiq var. Məhz bu fikir gözəllik anlamının əsl məğzini tam açır. Onun yalnız zahir üçün mahiyyət daşımadığını sübuta yetirir. Dilimizdə belə bir məsəl var. Deyir, gedər camal, qalar kamal. Əsl gözəllik də elə kamalın gözəlliyidir. Tanrı tərəfindən bəxş olunan gözəllikləri qoruyub saxlayan və hər gün yenisini yaradan da elə kamalın gücüdür. 

"Hər şey gözəldir həyatda"...

"Hər şey gözəldir həyatda, sən bu gözəlliyi anlaya, duya bilsən".

Mərhum şair-publisist Arif Abdullazadənin şerindəndir bu misralar. Bu məntiq də bilavasitə insan təfəkkürünə, ətraf mühitin insan tərəfindən dərkinə gətirib çıxarır. Çünki gözəlliyi anlamaq və duymaq yalnız insana xas bir xüsusiyyətdir. İnsanın nəyə, necə baxmasından irəli gələn bir xüsusiyyətdir.

Müqəddəs "Qurani-Kərim"in "Əl-Həcc" surəsinin 46-cı ayəsində oxuyuruq:

"Həqiqətən gözlər kor olmaz. Lakin sinələrdəki ürəklər (qəlb gözü) kor olar." Burda Bəxtiyar Vahabzadənin "İki kor" şeiri düşdü yadıma:

Bir kor tanıyıram, gözü korsa da

özü kor deyil.

Bəzən qəm odunda qovrulursa da,

Ağlına, hissinə o nankor deyil.

Gecəli-gündüzlü o yazır, oxuyur.

Ağlının gözüylə o görür, o duyur.

Ancaq biri də var ...kor deyilsə də, gözü görməyir.

fikrini, hissini ucadan deməz,

Bəzən gördüyünü görmək istəməz.

Gözləri görməyən kor deyil hələ,

Görmək istəməyən kordur - deyərdim.

Belə müqəvvaya, belə cahilə

Həyatın özü də gordur - deyərdim.

"Hər şey gözəldir həyatda"...

Bu şeir parçası elə büsbütün "Quran" məntiqinin poetik ifadəsidir.

"Hər şey gözəldir həyatda".

Bəlkə bu fikirlə razılaşmayan da olar. Amma o kimdirsə ona sadəcə hər gün dan yerinin sökülməsini göstərmək gərəkdir. Gecənin bağrını dəlib üzümüzə gülümsəyən səhəri görmək gərəkdir.

Azərbaycanda həkim Əlfəddin Abdullayevi tanımayan az tapılar. Bir dəfə ondan müsahibə götürürdüm, şükranlıqdan söhbət düşdü. Bilirsiz, nə dedi? Dedi ən azından hər gün biz səhər yuxudan oyanıb səhərin gözəlliyini gördüyümüz üçün şükr etməliyik. Axı elə adam var ki, ümumiyyətlə bu gözəlliyi görə bilmir. Eləsi də var ki, gecə yatır, səhərin açılmasına kimi dünyasını dəyişir. Əgər biz hər gün səhərin gözəlliyini görürüksə, həm də ondan zövq almağı bacarmalıyıq. Bizə bu xoşbəxtliyi nəsib etdiyi üçün Tanrımıza dönə-dönə şükr etməliyik.

"Hər şey gözəldir həyatda, sən bu gözəlliyi anlaya, duya bilsən".

Bir zaman Akif İslamzadə və Brilyant Dadaşova bu mahnını böyük həyat sevgisi ilə oxuyardılar. Mahnını dinləyə - dinləyə insanın gözləri qarşısında sanki hər şey gözəlləşərdi.

9 sentyabr Beynəlxalq Gözəllik günüdür. Düzdür, bu gün onun mahiyyətində yalnız zahiri gözəllik dayanır. Amma kim bilir, bəlkə də zaman gələcək bu gün öz əhatə dairəsini genişləndirəcək. Axı belə bir deyim də var ki, "Dünyanı gözəllik xilas edəcək". Dünyamız isə böyük təhlükə qarşısındadır. Bir yandan təbii fəlakətlər, bir yandan da insan övladının özünün yaratdığı fəlakətlər, qırğınlar. Ulu Tanrı isə insanı xəlq eləyəndə daha çox qurmaq, yaratmaq üçün xəlq eləyib. Bəşər övladı bu gerçəyi unutmasa yaxşıdır.

"Hər şey gözəldir həyatda" - dedi Arif Abdullazadə. Amma onu da dedi ki, "Özün bir zərrə də gözəllik yarada bilsən". Doğrudan da özümüz kiçik , lap kiçik bir gözəllik yarada bilsək gözəl olmazmı? Məntiq etibarı ilə hər bir insan gözəllik yaratmağa qadirdir. Allah-Təala bu istedadı hər bir insana verib. Amma hər kəsə də yalnız öz potensial imkanlarına görə verib. Alim elmi ilə gözəldir. Bağban bağçasıyla. Təbib şəfasıyla gözəldir, həbib cəfasıyla, sədaqətiylə. Adicə dibçəkdə bir gül becərən də öz əməliylə gözəldir. Şair də insan qəlbini riqqətə gətirən sözləriylə gözəldir.

Çox zaman bəşər övladını həyat imtahana çəkir. Keçdiyi ömür yolunda çox şaxtalara , sazaqlara , boranlara tuş gəlir. Olur ki, yayın qızmarında bir soyuq baxışdan donur, bir acı sözdən boğulur.Amma müvazinətini itirmir. Həyatın üzünə gülümsəyib, elə Bəxtiyar Vahabzadənin dediyi kimi " Həyat, acın da şirin" - deyir.

Çünki hər şey, hər şey gözəldir həyatda.

Tanrının bizə bəxş etdiyi min bir gözəlliyi isə sadəcə seyr etmək yox, dərk etmək gərəkdir. 


Zərxanım ƏHMƏDLİ

28 fevral 2015
GO BACK