Qadin.NET / Georq Fridrix Hendel

Georq Fridrix Hendel

 Georq Fridrix Hendel

Dahi alman bəstəkarı Qeorq Fridrix Handel barokko musiqi janrının ən görkəmli nümayəndələrindən biridir. Həyatının böyük bir hissəsini İngiltərədə keçirmiş olan bəstəkar İohann Sebastyan Bax ilə eyni ildə (1865), eyni ölkədə (Almaniya) anadan olmuşdur. “Almira” adlı ilk operasını 19 yaşında yazan Handel əsərinin uğurla səhnələnməsindən sonra 4 illik müddətə İtaliya səfərinə çıxır. Burada yazdığı kantatalar sayəsində qayıtdıqdan 2 il sonra (1712) gedəcəyi İngiltərədəki uğurunun başlanğıcını qoyur. Yeni ölkəsində (42 yaşında da vətəndaşlığa qəbul olunur) özünü saraya az müddətdə qəbul etdirə bilən Handel 1-ci Qeorqun taxta çıxması ilə bağlı məşhur əsərini – “Suda nəğmə”sini (1714) bəstələyir.

Qeorq Fridrix Handel 1719-cu ildə 8 günlük Halle (Saksoniya, doğulduğu yer) səyahəti təşkil edir. Deyilənə görə, bu vaxt Halle şəhərindən 32 km uzaqlıqdakı Kötendə yaşayan Bax ona olan heyranlığını bildirmək üçün bəstəkarla görüşmək qərarına gəlir. Dostu və şahzadə Leopold belə bu arzunun gerçəkləşməsində kömək üçün ona öz atını verir, lakin müəmmalı səbəblərə görə iki dahi arasında görüş baş tutmur.

1720-ci ildən 1728-ci ilə qədər Handel Kral Musiqi Akademiyasının direktoru vəzifəsində çalışır. Həmin dövrdə kral ünvanına yiyələnən 2-ci Qeorq üçün “Zadok the Priest” (1727) əsərini bəstələyir. İndiyədək İngiltərədə, bütün tacqoyma mərasimlərində bu musiqidən istifadə olunur.

İtalyan opera dalğasının durğunlaşdığı bir dövrdə ingilisdilli oratoriyalara yönələn Handel 6 həftə ərzində yazdığı “Messiah” (“Məsih”, Dublin, 1741) xor üçün oratoriya ilə dünya musiqi sənətində silinməz bir iz qoymuşdur. İsa peyğəmbərin həyatını hekayələşdirən bu əsər geniş xalq kütlələrinin rəğbətini qazanmış, eləcə də kral 2-ci Qeorqun xoşuna gəlmişdi. Deyilənə görə, əsərin London səhnəsindəki performansı zamanı kral özünü tuta bilməyərək “Haleluyah xoru” hissəsində ayağa durmuşdur ki, bu da həmin hissənin ayaqüstə dinlənilməsi adətininin əsasını qoymuşdur.

Georq Fridrix Hendel

1753-cü ildə Handel dünya işığından birdəfəlik məhrum olur. Musiqi tarixindəki maraqlı və ironiya dolu hadisələrdən biri də Handel kimi Baxın da sonrakı illərdə görmə ilə bağlı problemlər yaşaması və eyni göz həkimi Con Teylor tərəfindən müalicə edilmələridir. Hər iki proses də uğursuzluqla nəticələnmişdir. Əməliyyatdan sonra gözləri kor halda yalnızlığa çəkilmiş Handel heç vaxt evlənməmiş, heç bir romantik hadisələrdə adı çəkilməmişdir.  Bu hadisədən altı il sonra, yəni 1759-cu ilin 14 aprelində Handel Londonda vəfat edir. Bəstəkarın cənazəsi Vestminster abbatlığında torpağa tapşırılır.

Motsartın “O, effektləri hamıdan daha yaxşı qavrayır…”, Bethovenin “O, hamımızın ustadıdır…” dedikləri Qeorq Fridrix Handel həqiqətən klassik musiqi dünyası üçün əvəzsiz simalardan biridir. Aşağıdakı musiqi isə mənşəyi Mərkəzi Amerikadan olan rəqs adıdır: “Sarabande”. Sevimli rejissorum Stenli Kubrikin 1975-ci il tarixli, 4 Oskar qazanmış  “Barri Lindon” filminin də əsas soundtreki məhz bu musiqidir.

14 iyun 2014
GO BACK