Qadin.NET / Dəlilik həddindəki yazıçılar

Dəlilik həddindəki yazıçılar

Philip K. Dick, Charles Dickens, Jack Kerouac, Virginia Woolf, Sylvia Plath, Edgar Allen Poe, Franz Kafka… Bu adları birləşdirən ruhi vəziyyətləridir, hansı ki, həyatla əlaqələrini kəsib, eyni zamanda dünyanın ən istedadlı yazıçılarına çevirib. Dəliliklə dahilik arasındakı o incə sərhəddə qalan başqa yazıçılar kimlərdir bəs? Kitablarını oxuyanda tilsimləndiyimiz yazıçılar da psixoloji problemlər, ruhi sarsıntılar yaşamış, intihara cəhd etmişlər. Budur, həmin yazıçılardan bəziləri ilə tanış olun.

Dəlilik həddindəki yazıçılar

Richard Brautigan

Beat cəryanının banisi kimi bütün dünyanı lərzəyə salan kitablar yazan Richard Brautigan atasının kim olduğunu bilmirdi. Atası isə Brautiganın ölüm xəbəri yayılana qədər onun atası olduğunun fərqində olmayıb. Çətin uşağlığı olan Brautigan 1935-ci ildə doğulub, 20 yaşında polis idarəsinin pəncərəsinə daş atdığı üçün Oregon Əyalət xəstəxanasına göndərilir. Burada ona paranoyak-şizofren diaqnozu qoyulur və şok müalicəsi tətbiq edilir. 1955-ci ildə San-Fransiskoya köçüb “beat” cərəyanına qoşulur. 1961-ci ildə isə ailəsi ilə birlikdə təbiətin qoynuna, çay kənarlarına köçüb orada yaşamağa başlayır. Təbiətə vurğunluğunun ifrata varması o dövrlərdə yazdığı əsərlərində də əks olunub. 70-ci illərin sonuna yaxın isə alkoqol asılılığı, gözünün zəifləməsi onun ruhi müvazinətini bir qədər də sarsıdır. 1984-cü ildə özünü evə həbs etdi, yatmır və fasiləsiz içirdi. 1985-ci ildə isə dostları onu intihar etmiş şəkildə tapırlar.

Dəlilik həddindəki yazıçılar

Truman Capote

Truman Capote öz dövrünün ən dahi yazıçılarından biridir. Yazıçılığa və içkiyə erkən yaşlarda başlayan Capote cinsi həyatı ilə də çox səs-küyə səbəb olmuşdu. Bütün uşağlığını anasının otel otaqlarında yaşadığı macəralarını görməklə keçirmişdir. O dönəmlərdə bütün gecəni ağlayıb, anası getdikdən sonra bağladığı qapı önündə yuxuya gedərmiş. Capote həyatı boyu sevgiyə möhtac qaldı və özünü daim yalnız hiss etdi. Bax, elə bu hisslərini və həmin taleyini o, əsərlərindəki qəhrəmanların taleyinə əks etdirdi. Həyatının son vaxtlarında içkiyə və narkotikə həddindən artıq meyl salan Capote 1984-ci ildə dünyasını dəyişib.

Dəlilik həddindəki yazıçılar

Filip K. Dick

18 yaşında anasının yanından ayrılaraq, sənətçilərin və eynicinslərin birlikdə yaşadığı bir evə köçdü. Elə narkotiklə də ilk tanışlığı burada oldu. Filip K. Dicknin həyatının çox parlaq olduğu deyilə bilməz. Filipin ekiz qardaşı Ceyn kiçik yaşlarında ölmüşdü. İki il sonra dul qonşusu Annaya vurulur və arvadından boşanıb onunla evlənir. Bir az sonra isə nədənsə ona elə gəlməyə başladı ki, Anna öz ərini öldürüb və onu da öldürəcək. Bu paronyaklığa son vermək üçün 1962-ci ildə təkbaşına yaşamağa başladı. Bu illər dərmanlar və depresiyyalarla müşayiət olundu. Onun bu hallarına dözməyən dördüncü arvadı yazıçını tərk edir. Bu, eynı zamanda Dickin həyatının ən qaranlıq dönəminin başlanğıcı oldu. Evini narkomanların üzünə açıb özü də narkotik qəbulunda əndazəni aşırdı. 1973-cü ilə qədər bir neçə dəfə intihara cəhd etdi. Ömrünün sonlarına yaxın ağlını əməlli-başlı itirmişdi, hətta öz həyatının birinci hissəsinin Qədim Romada olduğunu iddia edirdi.  

Dəlilik həddindəki yazıçılar

Charles Dickens

1812-ci ildə doğulan Dickensin uşaqlığı ilk vaxtlar rahat keçsə də, məmur olan atasının borclara görə həbsə düşməsi onu səfalətə salmışdı. 11 yaşında boya fabrikində işləməyə məcbur olub. Məhz bu yoxsulluğuna görə uzun müddət depressiya yaşayıb.

Allen Ginsberg

1926-cı ildə yəhudi ailəsində dünyaya gəlib. Anası Naomi Livergant Ginsberg uzun müalicədən sonra sağalmaz bir depressiya xəstəliyinə görə intihar edib. Anasının xəstəliyindəki paronyaklıq halları Allenə təsirsiz ötüşməmişdi. Məsələn, o mitinqlərdə dövlət başçılarına hücum edirdi. O elə bilirdi ki, bu başçılar onun evinə dinləmə cihazları yerləşdiriblər. Beat cərəyanının yazıçılarından olan Allen də anası kimi ömrü boyu depressiyadan əziyyət çəkdi.  

Dəlilik həddindəki yazıçılar

Franz Kafka

Kafka bütün həyatı boyu kritik depressiya və antisosiallıq üzündən əziyyət çəkmişdir. Atası ilə ciddi problemləri olan Kafkaya eyni zamanda miqren, yuxusuzluq, qəbizlik, çiban və digər xəstəliklər çox əziyyət verdiyi üçün stress yaşayırdı. Ölümünə səbəb isə ağciyər və qida borusu xərçəngi olub. Kafka ömrünün son aylarında adicə su belə içə bilmirdi.

Dəlilik həddindəki yazıçılar
Jack Kerouac

Öz dili ilə desək,  Jack Kerouac “qəribə, yalnız, çılğın, katolik, xoflu” bir yazıçı idi. 1943-cü ildə dəniz ordusuna qoşulub, fəqət tezliklə oradan uzaqlaşdırılıb. 1944-cü ildə dostu Lucien Carrın işlədiyi bir cinayətə adı qarışdığına görə həbs olundu. İfrat dərəcədə içki aludəçisi olan Jack Kerouac 47 yaşında "tək aşiq olduğum qadın" dediyi anasının yanında, serrozdan yaranan şiddətli daxili qanaxmaya görə vəfat edib.

Dəlilik həddindəki yazıçılar

Sylvia Plath

İlk şeiri 8 yaşında yayımlanan Plath da bütün həyatı boyunca depressiyadan əziyyət çəkdi. 1950-ci ildə oxuduğu Kollecdə intihara cəhd etdi və dəlixanaya göndərildi. Saysız-hesabsız intihar cəhdləri edən Plath üçün 1962-1963-cü illərin qışı çox çətin keçdi. 11 fevral 1963-cü ildə öz otaqlarında yatan körpələrinə peçenyə və süd qoyub qapılarını da yaxşıca bərkitdi ki, otağa qaz sızmasın və öz başını ocağın içinə salıb intihar etdi.  

Dəlilik həddindəki yazıçılar

Edgar Allan Po

Gotik ədəbiyyatın nümayəndəsi olan Ponun çox sevdiyi arvadı Virginia gənç yaşında öldü. Üstəlik, çox bağlı olduğu qadınlardan anası və ögey anasını da itirməsi yazıçının ruhi müvazinətini alt-üst etdi. İçki düşkünü olan Po uzun sürən, müalicəsi mümkünsüz olan depressiya səbəbiylə ağır ruhi sarsıntı yaşayıb.  

Dəlilik həddindəki yazıçılar

Virginia Woolf

“Pərdə Arası” romanını yazdığı vaxtlarda artıq özünü kifayət qədər istedadlı hiss etməyən Virginia Woolf bacarığını itirdiyini fikirləşirdi. Hər gün müharibə qorxusu və yazmaq bacarığının itməsindən yaranan stress, dəhşət və xof nəticəsində ağır ruhi gərginliyə girən yazıçı 28 mart 1941-ci ildə olduğu vəziyyətə dözə bilməyib ciblərinə daş dolduraraq evlərinin yaxınlarındakı Ouse çayına atılıb intihar etdi. Onun həyat yoldaşı Leonard Woolfa yazdığı intihar məktubu yazıçının ruhi vəziyyətini ortaya çıxarır: “Sevgilim, yenə dəli olmaq dərəcəsindəyəm. O qorxunc zamanların öhdəsindən təkrar gələ bilməməkdən qorxuram və mən bu dəfə yaxşılaşmayacağam. Qəribə səslər eşidirəm… Diqqətimi cəmləyə bilmirəm. Buna görə də bacardığım ən yaxşı şeyi edirəm. Sən mənə ən böyük xoşbəxtliyi verdin, mənim hər şeyim oldun. Bu qorxunc xəstəlik məni yaxalamadan öncə bizim qədər xoşbəxt olan ikinci cütlük tanımıram. Artıq mübarizə aparmağa gücüm yoxdur. Sənin həyatını korladığımın fərqindəyəm. Bilirəm ki, mən olmasam, daha rahat işləyəcəksən. Bunu sən də görəcəksən. Fikir ver ki, hətta bunu belə düz ifadə edə bilmirəm, demək istədiyim odur ki, yaşadığım bütün xoşbəxtliyə görə sənə borcluyam. Mənə qarşı daima səbirli və mərhəmətli olmusan. Əgər kimsə məni xilas edə bilsəydi, hökmən bu, sən olardın. Artıq mənim üçün hər şey bitdi. Sadəcə, sənə bir yaxşılıq edə bilərəm. Həyatını daha çox korlaya bilmərəm. Bizim qədər xoşbəxt olan ikinci insan düşünə bilmirəm…"

1 mart 2016
GO BACK