Qadin.NET / Baharla, günəşlə doğulmaq...

Baharla, günəşlə doğulmaq...

Baharla, günəşlə doğulmaq...

Yurdumuz bəzi ölkələrdən fərqli olaraq dörd mövsümü də yaşayır. Soyuq, şaxtalı qışdan, yağışlı, palçıqlı payızdan bəzən şikayətçi olsaq da, əslində, "mənfilər" olmasa "müsbətlərin" dəyəri bilinməz, həmçinin "mənfi" də olsa belə, mütləq faydalı tərəfi vardır. Uca Yaradan heç bir şeyi boş yerə yaratmamışdır.

Niyə qışda çoxumuzun xoşbəxtlik şkalasında göstəricisi enir? Tibbdəki bir səbəbi günəş işığının azlığından qaynaqlanan serotonin hormonunun azalmasıdır. Bu hormon, "xoşbəxtlik hormonu" olaraq da bilinir. Qış bitdi, qış yuxusundan oyanmağın zamanı çoxdan gəlib. Ümumiyyətlə, az yatmağa çalışaq. Nə qədər individual olsa da, əvvəllər normal yuxu 8-9 saat məsləhət görülürdüsə, artıq alimlər 5-6 saatlıq yuxu rejiminin normal həyat sürən insanlar üçün kifayət etdiyini bildirirlər. Düzü bu xəbərə çox sevindim. Çünki, bildiyimə görə, dinimizdə də çox yatmaq bəyənilmir.   

Baharla, günəşlə doğulmaq...

Nə etməli?

Gecədən saatınızı günəşin yenicə doğulduğu vaxta qurun. Fövqəladə bir şeyə hazırlaşırmış kimi saat çalan kimi tənbəllik etmədən yatağınızdan qalxın. Öncə, daha bir səhərə göz açdığınız üçün Rəbbinizə şükür edin.

Baharla, günəşlə doğulmaq...

Sonra pəncərəyə yaxınlaşın, günəşin qırmızımtıl şüalarını görürsünüzmü? Buludları yararaq, inandla yerə uzanan sevgi, istilik yayan şüalar. Onlar, onlara ehtiyacı olanlara çatmaq üçün, sevgisini paylaşmaq üçün geri çəkilmirlər. Baxın bu gözəlliyə... Yaradana sonsuz Həmd və Şükür olsun... Açın qəlbinizi, qoy bu sevgi şüaları qəlbinizin buzunu əritsin, o buzlar içində həbs olmuş kini, hirsi, acığı, küskünlüyü, bütün kiri təmizləsin!

Sonra pəncərəni açın, üşüməkdən qorxmayın, qəlbiniz isindikcə xoşhallanacaqsınız. Açdınızmı? Eşidirsinizmi? İlk şüalarla oyanan quşların cəh-cəhi... Ya Rəbbim, hələ bu Həmd-Şükür səslərinə sübh azanının sədaları da qarışırsa... Necə də gözəldir... Sanki hər yer, sevgi dolu günəş, sevgidən isinib oyanan torpaq, sevinən quşlar, dağ, daş... hər yer Onu zikr edir...

Baharla, günəşlə doğulmaq...

Bir daha sonsuz Həmd və Şükür olsun... Unudun bütün ağrı-acınızı, gündəlik problemlərinizi. Bilirəm, deyəcəksiniz ki, demək asandır, problem birdir, ikidir ki. İnsan yaşadıqca onsuz da dərdi-səri bitmir. Bitməyəcək bir şeyə görə bütün həyatını və ya müəyyən hissəsini puç etməyə dəyərmi? Dərdlərimizin çarəsi var - Allah. Təvəkkül edək, səhər yuvasından ac çıxıb, axşam tox dönən quşlar kimi təvəkkül edək. Bir şeyi unutmayaq - insanın yaradılış qayəsi dünyada, amma axırət üçün çalışmaqdır. Kifayətlənməyi bacaraq, bacaraq ki, çiyinlərimizə aldığımız yükümüz artmasın.

Baharla, günəşlə doğulmaq...

Qoy bahar düşüncələrimizi aydınlatsın, səhvlərimizi görməyə yardımcı olsun, ən əsas da kinimizi, kibirimizi təmizləsin. İnanın ki, qəlbimiz nə qədər qırılmış olsa da, haqqımız nə qədər tapdanmış olsa da - bunların ağırlığını daşıdıqca əziləcəyik. Etdiyimiz səhvlərimizin, günahlarımızın yükündən də qəlbimizin dərinliklərindən gələn tövbə ilə qurtulaq. Qəlbimizdəki qaranlıqlar sizə xoşbəxt olmağa imkan verməyəcək. Ömür isə çox qısadır. Bitdikdən sonra "Sən cəmi bir-neçə saat sürdün..." deyəcək qədər qısa. Bu qədər qısa ömrü, bizə faydasız olan hisslərə sərf etməyə dəyərmi?

Zamanın qıtlıq təşkil etdiyi bir vaxtda, imkan edib bir-neçə saat ailəmizlə, əzizlərimizlə təbiət qoynuna, heç olmasa parka getməyə ayıraq. Bahar havası ürəklərimizi də isidəcək, bütün incikliklərimizi, küskünlüklərimizi sadəcə çıxarıb ataq! Sevgimizi bölüşək, valideynlərə, həyat yoldaşına, övladlarımıza, dostlarımıza onları sevdiyimizi deməyi unutmayaq!..

Bəlkə də bahara, günəşə, buludlara, səmaya olan sevgim bahar uşağı olmağımla əlaqədardır, bilmirəm. Amma kiminsə baharı sevmirəm deməsini də təsəvvür etmirəm.

Yeni xoşbəxtliyiniz baharla, ümidləriniz günəşlə doğulsun...



9 aprel 2014
GO BACK