Xörəklərin dadını, ətrini və bəzən də rəngini yaxşılaşdırmaq üçün Azərbaycan kulinariyasında çoxlu ədviyyat və müxtəlif əlavə məhsullardan istifadə edilir. Bunlarda ən çox işlənənləri təqdim edirəm.
Abqora
Kal üzümün azacıq qıcqırdılmış şirəsidir. Müxtəlif xörəklər üçün turşuluq verən ədviyyat kimi işlədilir.
Alça
Növündən aslı olaraq üst qabığı müxtəlif rənglərə (sarı,qırmızı ,qara) çalır. Sarı alçanı bir ay və daha çox, yerdə qalan alçaları isə yalnız bir neçə gün saxlamaq olar.
Sumaq
Ölkənin cənub rayonlarında yabanı və mədəni şəkildə əkilən kolların giləmeyvəsidir. Sumaqın giləmeyvəsi xırda, rəngi açıq-qırmızı, dadı isə turşdur. Quru və döyülmüş sumaq Azərbaycan xörəklərinə (tikə kabab, lülə kabab, qutab və s.) əlavə edilir. Sumaq ya bişirilən zaman xörəklərə qatılır, ya da hazır xörəklərin yanında süfrəyə qoyulur.
Nanə
Bir çox yeməklərə, o cümlədən də balıq, ət, tərəvəz xörəklərinə qatılır. Nanədən həm təzə, həm də qurudulmuş halda istifadə olunur.
Hil
Zəncəfil fəsiləsinə məxsus tropik bitkinin qurudulmuş meyvəsidir. Hil həm yeyinti sənayesində, həm də kulinariyada işlədilir.
Qara istiot (acı)
Tropik bitkinin kal meyvəsindən ibarətdir. İstiotun meyvəsi kəskin dad, güclü ətir verir. Ən çox ət xörəklərində istifadə edilir.
Gavalı qurusu
Kompot və plovun hazırlanmasında istifadə edilir. Gavalı qurusunun ən yaxşı növü qara gavalıdır.