Qadin.NET / İnsan necə düşünür? (1)

İnsan necə düşünür? (1)

 

 

Düşüncə düşünmə aktıdır, daha çox düşünmə imkanıdır.O, bəzən əqli-məntiqi mülahizələrlə, ictimai-fəlsəfi və dini əxlaqi düsturlarla daxili duyğuya,mənəvi ruhi işiqlanmaya, özünü, haqqı və həqiqəti tanımağa yönəldir.

İnsanın həyatında sadədən mürəkkəbə doğru istiqamətlənən psixi fəaliyyət formaları aşağıdakı ardıcıllıqla psixoloji məfhumlarla ifadə olunur: duyğu, qavrama, yaddaş, təfəkkür, düşüncə və s.

Duyğu - hissiyyat üzvləri vasitəsilə bizi əhatə edən aləmin əşya və hadisələrinin ayrı-ayrı xüsusiyyətlərinin beyin qabığında əks olunmasıdır.

Qavramahissiyyat üzvlərinə birbaşa təsir edən ətraf aləmin əşya və hadisələrinin bütövlükdə mərkəzi sinir sistemində əks olunmasıdır.

Yaddaş - keçmişdə qavranılmış bilik ehtiyatlarını və həyat təcrübəsini beyində saxlamaq və lazım olduqca ondan istifadə etmək qabiliyyətidir.

Təfəkkür - duyğu üzvləri,həyat təcrübəsi və bilik ehtiyatları vasitəsilə gerçəkliyin beyində əks olunmasının sözlərlə ümumiləşdirilərkən cisim və hadisələr arasındakı qanunauyğunluqlardan əqli nəticə çıxarmaq qabiliyyətidir.

Düşüncə (şüur) - insanın ali sinir fəaliyyətinin ən yüksək pilləsi olmaqla özünü və xarici aləmi dərk etməsidir.

Ətraf aləmin dərk olunması prosesində iştirak edən psixi mexanizmlər içərisində ən sadə akt duyğudur.Duyğu vasitəsilə hər hansı bir xassəni dərk edirik, onun haqqında təsəvvür yaradırıq. Beləliklə, ən sadə ən elementar duyğu aktı vasitəsilə hər hansı şeyi tanıyırıq (yaddaş) və mühakimə yürüdürük (təfəkkür). Lakin bundan əlavə öz mürəkkəbliyi və mənşəyinə görə duyğudan sonra bu prosesdə iştirak edən mexanizm qavramadır. Qavrama mexanizmində hər hansı konkret bir hissiyyat deyil, qavranılan hadisənin bütün tərəfləri - həcmi, rəngi, qoxusu və s. aydınlaşdırılır,tam şəkildə dərk edilir. Deməli, qavrama prosesi yüksək inkişafa malik təfəkkürün mövcudluğu ilə reallaşır.Bundan əlavə, duyğu,qavrama,təfəkkür və s. kimi məfhumlar zaman keçdikcə və insan yaşa dolduqca dəyişir,zənginləşir.Bu məfhumların mahiyyəti onların obyektiv dünyanın subyektiv obrazı olmasındadır və bu proseslərin əsasını təşkil edən psixi mexanizmlərin sistem xarakterli olaraq qarşılıqlı təsir əlaqəsində fəaliyyət göstərməsindədir.

Təxəyyül (duyğu və qavrama) və təsəvvürdən fərqli olaraq, təfəkkür müəyyən hadisələri təşkil edən faktların təhlil və müqayisə olunması onların arasındakı əlaqələrin, qanunauyğunluqların nəzərdən keçirilməsi və mühakimə yürüdülməsi, bunların əsasında yeni fikir yaradılmasıdır.Təfəkkür insanın yaradıcı fəaliyyətinin əsasını təşkil edir.Buradan aydın olur ki, təfəkkürlə düşüncə arasında sərhəd yoxdur.Bunların hər ikisi eyni məna və məzmuna malik olsa da,sinonim deyildir. Adətən təfəkkür dərketmənin verbal-məntiqi pilləsi kimi təyin olunur və beyinin fəaliyyəti nəticəsində reallaşır.

 

Təfəkkürün birbaşa beyinlə funksional əlaqəsini qəbul etsək bunun yalnız fərdə aid olduğunu görərik. Cəmiyyətin nə beyni,  nə də hissiyyat üzvləri yoxdur və ictimai düşüncə məfhumlar, anlayışlar, əqli nəticələr formasında mövcud olmaqla dil və yazı kmi ən ali formada təzahür edir. 

İnsan cəmiyyətlərinin yaranma və inkişafı tarixinin analizi göstərir ki, ilkin mərhələlərdə düşüncə hər hansı fərdin ayrılıqda funksiyası kimi mövcud olmamışdır. İnsanların bir-birilə təmasda olması, ümumi məqsədə yönəlmiş birgə fəaliyyəti nəticəsində formalaşmışdır.

İctimai şüur sosial qarşılıqlı əlaqənin formalarından biridir.Hər hansı qarşılıqlı təsir əlaqəsi bir forma daxilində ayrı-ayrı qarşılıqlı əlaqələrin birinin digəri ilə əvəz olunması və ümumi əlaqələrin cəmlənməsi nəticəsində yaranır.İctimai şüur fərdin təfəkkürünün birbaşa təzahürü kimi yox, onun, dolayısı ilə ayrı-ayrı fərdlərin təfəkkür qarşılıqlı əlaqəsi kimi formalaşır.

Cəmiyyət düşünmür deyiriksə, bu sözləri beyin  haqqında deyə bilərik. Beyin düşünmür, insan beyin vasitəsilə düşünür.Beyni bədəndən ayırıb hər hansı qidalı mühitə yerləşdirsək, nə beyin, nə də beyindən ayrılmış bədən düşünə bilməz. Yəni fərd ayrılıqda ictimai şüur yaratmır.Cəmiyyətin fərdləri olmasa, ictimai şüur yararana bilmir.

 

Ardı var

7 fevral 2013
GO BACK