Qadin.NET / Pritçalar

Pritçalar

 

Pritçalar



 

Kötük

Meşədə  qurumuş  ağaclardan  biri  kəsilmiş  və  yerində  balaca  bir  kötük  qalmışdı. O, gödək  boyuna  yaraşmayan  tərzdə  ətrafı  süzər  və  böyük-böyük  danışardı:

-Ax, namərdlik , namərdlik ! Sən  olmasaydın , hələ  yaşayardım.

Hər  dəfə  hayqıranda  bir  qom  ovuntusu  tökülən  yarımçürümüş  kötük  cavan, təcrübəsiz  ağaclara  deyərdi:

-Sizə  çox  həqiqətlər  danışa  bilərəm !

Fəqət  o heç  kəsə  lazım  deyildi.

Gərəksiz  olduğunu  başa  düşməmək ! - ən  böyük  nadanlıq  budur!

 

                                                                                                                                             1996


Maska

Hər  səhər  adamlar  evlərindən  çıxanda  öz  təbii  üzlərinə  əlavə  bir  maska  taxmağı  da  unutmurlar. Elə  ki , öz  zövqünə  uyğun  bildiyi  maskadan  bircə  dəfə  , tək  bircə  günlüyünə  istifadə  etdin , sonra  ta  ömrünün  axırınacan  onu  üzündən  çıxarda  bilməyəcəksən. Maska  sənin  üçün  dönüb  olacaq  bayır-bacaq  paltarı. Və  eləsi  də  tapılacaq  ki, onu  heç  evdə  də  üzündən  götürməyəcəksən.

 

1997        

 

Pritçalar           

 


Kitablar

Əgər  insan  ömrünü  kitabla  dolu  rəfə , ötüb  keçən  illəri  isə  bir-bir  götürüb  oxuduğumuz  kitablara  bənzətsək , belə  bir  mənzərə  alınar  ki , hər  dəfə  gözlərinə  dinclik  vermədən  qalın  bir  kitabı  oxumağa  başlayırsan , lakin  tezliklə onun  nə  qədər  cansıxıcı  olduğunu  görürsən ; əsərdə  cərəyan  edən  hadisələr  yekrəngdir  və  səndə  heç  bir  maraq  doğurmur; sən  kitabı  qapamağa  tələsirsən, axı  qarşıda  hələ  oxumadığın  elə  kitablar  var  ki , onların  daha  maraqlı  olacağını  düşünürsən ; fəqət  hər  dəfə  yanıldığını   görəcəksən ; nəhayət , başa  düşəcəksən  ki, tez – tələsik  oxuyub  qurtardığın  kitablardan  yadında  heç  bir  şey  qalmayıb , yalnız  səhifələri  boş-boşuna  çevirməklə  kifayətlənmisən.

     1999            

         

      

 

       Hədəf

Vaxtilə  Diogen  gedib  nişangahda  dayanmışdı  ki, bütün  oxları  hədəfdən  yayınan  atıcı  çaşıb  onu  vurmasın.

Elə  indi  də  belədir. Nişangahdan  kənarda  dayanmaq,  nişangahda  dayanmaqdan  daha  təhlükəlidir. Əgər  təcrübəli  düşmən  bizi  hədəfə  çevirmişsə , harada  dayanmağın  nə  fərqi  var?  Yox, əgər  qaba  adamlar  naşıcasına  bizi  vurmağa  çalışırlarsa, Diogen  kimi  ancaq  nişangahda  dayanmaq  lazımdır. Ağıllı  düşmən  bizi   mərdliyimizə   bağışlayacaq , alçaq  adamlar  isə  cəsarətimizdən  qorxub  geri  çəkiləcəklər.

 

2003          

 

Pritçalar


Adamlar

Sanki   evlər  müxtəlif  ölçülü  təyyarələr , adamlar  isə  naməlum  istiqamətdə  uçan  sərnişinlərdir. Hər  səhər  qapılar  açılır  və  onlar  boşluqlara  atılırlar. Bütün  günü  səmərəsiz  yerə  vurxunur , axşam  isə  xilasedici  nərdivanla  geri  qayıdırlar. Hamısı   yoruğundur  və  cürbəcür  itkilərə  məruz  qalmışlar. Və  hər  səhər  bu  adamlar  nəyisə  geri  qaytarmaq  ümidilə , itirdiklərinin  arxasınca  yollanır  və  hər  axşam  daha  böyük  itkilərlə  geri  dönürlər. 

 

2003          

 

Bəxtiyar  Əliyar

Azərbaycan  Yazıçılar  Birliyinin  üzvü

(İcazəsiz  kopya  etmək  qadağandır)

11 yanvar 2013
GO BACK