Qadin.NET / Adını mən verdim, yaşını Allah versin....

Adını mən verdim, yaşını Allah versin....

Hər bir ad antroponimik vahiddir. Antroponimiya şəxs adlarının mənşəyini ,prinsip və qanunlarını öyrənən dilçilik bölməsidir. Dilimizdəki antroponimlər yaranma əsaslarına görə igidlik, şöhrət, gözəllik, dini-mifoloji və digər məzmunlu adlardır. Bu adların çoxu dilimizə vaxtilə ərəblərin, farsların Azərbaycana kütləvi axını ilə daxil olmuşdur. Zaman keçdikcə ərəb-fars işğalçı siyasəti unudulmuş, bu dillər mədəniyyət göstəricisi kimi həyatımızda qalmaqda davam etmişdir. Onlar dilimizə uyğunlaşmış, özlərinə leksik mühit qazanmış, şirinləşmiş və beləliklə, türk antroponimikasına xidmət etmişdir. 

Bu saytın tələbləri baxımından biz yazımızda, sadəcə, antroponimikanın bəzi ümumi məlumatları ilə kifayətlənib, fikrimizi daha çox adlarımız haqqında düşüncələrə həsr edirik. Xalqımızın adqoyma ilə bağlı təsəvvür və münasibətləri ilk yazılı abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanlarında öz əksini çox gözəl tapmışdır.

Adını mən verdim, yaşını Allah versin....

 “Kitabi- Dədə Qorqud” dastanlarında  ağzıdualı  ailələr övlad arzusu ilə  Tanrıdan övlad diləyər, Tanrı da həmin ailələrə  övlad bəxş edərdi. Oğuz eli yeddi gün, yeddi gecə  bu sevinci bayram kimi qeyd edərdilər: şadlıq məclisi qurular, boy boylanar, soy soylanardı. Dədə Qorqud cəmiyyətində yeni doğulan körpəyə indiki kimi uşaq hələ anadan olmamış ad qoymazdılar. Bir müddət keçər, uşağın bu və ya digər xüsusiyyətini müşahidə edər və  həmin xüsusiyyətə uyğun ad seçərdilər.  Yalnız bundan sonra el ağsaqqalı Dədə Qorqud gəlib “Adını mən verdim, yaşını Allah versin  deyərdi.

 Oğuz eli də Tanrının dərgahına əl uzadıb “Amin” deyərdi, ağ alınlarını yerə qoyub dualar qılardılar.

 

Yəqin ki,   söhbətin adlarla bağlı olacağı hamıya aydın oldu. Axı ad insanın yaraşığıdır. Buna görə də uşağa ad seçərkən diqqətli olmaq,  adın gözəlliyinə və məna xüsusiyyətlərinə fikir vermək lazımdır. Elə ad seçmək lazımdır ki, övlad yaşa dolduqca daşıdığı adın mahiyyətini öz üzərində hiss etsin. Həm də ad seçmək hələ işin hamısı demək deyil. Gərək valideyn övladaının şəxsiyyət kimi formalaşmasına, adının daşıdığı  mənaya uyğun yetişməsinə səy etsin. Məsələn,  valideyn övladına “Cəsarət” adını qoyub. Amma məlum olur ki,  bu uşaq  axşam düşəndən sonra qonşuya getməyə qorxur və ya  uşağa “Alim” adı veriblər,  Alim isə 4-cü sinfi iki ilə güclə bitirib. 

Adını mən verdim, yaşını Allah versin....

2011-ci ildə Ədliyyə Nazirliyi Azərbaycan respublikasında uşaqlara qoyulmuş və populyar 50 qız, 50 oğlan adının siyahısını təqdim etmişdir.

Adını mən verdim, yaşını Allah versin....

Qız adları:

Nuray(1201 nəfər), Zəhra(1059), Fatimə(869), Ayan(544), Zeynəb(484), Fidan(479), Aylin(467), Xədicə(456), Leyla(414), Aysu(391), Nəzrin(385), Gülay(371), Nərmin(344), Aytac(326), Mədinə(299), Məryəm(272), Ləman(266), Səma(243), Aysun(242), Aydan(240), Nigar(240), Aysel(225), Nərgiz(218), Dəniz(206), Mələk(192), Bahar(136), Yağmur(135), Sevinc(134), Lalə(133), Aişə(128), Günay(126), İnci(122), Gülər(121), Əsmər(119), Səbinə(116), Aynişan(113), Aynur(106), Ayşən(102), Günel(98), Nazlı(97), Əsnad(96), Əsma(94), Mehriban(89), Arzu(86), Aytən(82), Fəridə(81), Səkinə(76), Ayla(75), Əminə(75), İlahə(72 nəfər).

Oğlan adları:

Yusif(1418 nəfər), Əli(892), Hüseyn(868), Məhəmməd(610), Murad(594), Nihad(474), Ömər(455), Kənan(390), İbrahim(362), Fərid(344), Ayxan(293), Nicat(280), Ramal(268), Həsən(267), Nurlan(238), Tunar(238), İsmayıl(227), Amin(221), Emil(218), Elmir(209), Rəsul(209), Rəvan(203), Uğur(183), Elcan(181), Sadiq(179), Sənan(176), Turan(169 nəfər).

Bu siyahıya diqqətlə fikir versəniz, Zəhra(1059), Fatimə (869), Zeynəb(484), Xədicə(456), Mədinə(299), Məryəm(272), Mələk(192), Əsma(94), Yusif(1418), Əli(892), Hüseyn(868), Məhəmməd(610), İbrahim(362), Həsən(267), İsmayıl(227), Amin(221), Rəsul(209) kimi adlara daha çox müraciət edildiyini yəqin edəcəksiniz. Təbii ki, dini şəxsiyyətlərə, müqəddəs yerlərə ehtiram olaraq valideynlər öz övladlarına bu adları seçmişlər. 

Adını mən verdim, yaşını Allah versin....

 Bu gün diqqəti cəlb edən bir məsələ də valideynlərin övladlarına öz valideynlərinin adını verməsidir.  Cəmiyyətin bu cür adqoymaya münasibəti birmənalı deyildir. Məsələn, Vəliyev Həsən Tofiq oğlu  öz nəvəsinə   “Tofiq” adını qoyur.  Fikir verin, bu ad  səslənəndə  baba nəvənin oğlu kimi səslənir, həm də  baba gəlib nəvənin yerində dayanır. Qatmaqarışıq olduğu kimi  bir qədər də qeyri-etik münasibət yaranır. Yaxından münasibətim olan bir ailədə bunun şahidi olmuşam. Nəvəyə babanın adını qoyublar. Baba artıq haqq dünyasındadır. Nənə deyir ki, birdən elə vəziyyət yaranır ki, gəlin uşağa acıqlanıb,  dilucu olsa da "qarğış" edir. Deyə bilməsəm də, ürəyimə toxunur. Digər tərəfdən,  babanın adını daşımaq  həm də uşaqlar böyüyəndən,bunu dərk edəndən sonra  onları müəyyən çərçivəyə salır, sanki uşaq öz adıyla yox, babasının adıyla yaşamalı olur.

 

Körpəyə  istənilən adı seçmək  məsələsi də əhəmiyyət kəsb edir. Əlbəttə, valideynlər ad seçimində müstəqildirlər. Buna baxmayaraq,   ümumi razılaşdırılmış normalar gözlənilməlidir. Bəziləri ancaq milli adların seçilməsini  vacib sayırlar. Amma onu da unutmaq olmaz ki, yuxarıda qeyd etdiyimiz kimi ərəb- fars mənşəli sözlər illərin qovuşuğunda özünə yaşamaq hüququ qazanıb, bir növ özümüzünküləşib. İslam dini bütün müsəlmanlarındır, bu dinlə bağlı şəxs adları da bütün müsəlmanlarındır. 

 Uşaqlar  yaşa dolduqca, bu adın mənasını anladıqca daşıdıqları adın ruhunda böyüyür, bu adın yazılışı və  tələffüzündəki incəlik onun əqidəsinə işıq tutur.Odur ki, övladınıza ad qoyarkən yüz ölçüb, bir biçməlisiniz. Biz gəldi-gedərik, həyat davam edəcək. Bir xalq, millət olaraq tarixlərə gedib çıxa bilmək üçün mədəniyyətimizi, tariximizi, dinimizi, adət-ənənələrimizi qorumalı və yaşatmalıyıq.
Övladlarımıza verdiyimiz adlar da bu baxımdan  öz cövhərində  milliliyi, türk ruhunu yaşatmalıdır.

 

 Indi isə sizə 5 oğlan və 5 qız adının  mənşəyi və izahını təqdim edirik.

Aysel –  türk və ərəb mənşəlidir, ay işığı, ayın işığı, ayın nuru, eləcə   də   ay təkin, ay kimi, aya bənzər mənalarını ifadə edir.

Aygün - Ay və Günəş; abır, həya, ismət və Günəş-hərarət kimi rəmz mənalarını bildirir. 

 Aytac -   türk və fars mənşəlidir,ayın haləsi,ay işığı deməkdir.

 Ayçin- aya bənzər, parlaq, büsatlı

  Bəyaz- ərəb mənşəlidir, ağ, ağ rəng mənasını ifadə edir.

Anar- yada salar, anan, anlayan, başa düşən,

 Pərviz – fars mənşəlidir, parlaq, aydın; pərvazedən, qanadlanan mənasında 

 Pərvin - fars mənşəlidir,Ülkər, Sürəyya, Yeddiqatdaş (ulduz) 

 Dəyanət - ərəb mənşəlidir, əslində diyanət kimi işlədilir; dəyanətli, dözümlü deməkdir.
Vüsal - ərəb mənşəlidir, görüşmə,qovuşma, birləşmə mənasındadır.
 

1 noyabr 2012
GO BACK