Artıq 3 çərşənbəni geridə qoyub ən önəmli çərşənbə olan axır çərşənbəni,yəni Torpaq çərşənbəsini gözləyirik.
İstəyirəm sizə bizim kənddə axır çərşənbənin necə keçirildiyindən danışım.
Həmin gün qızlar və oğlanlar 2-3 evdə dəstə ilə toplanıb çərşənbəni qeyd edirdilər .Qızlar yığılan evin əl damında mütləq yellənçək asardılar.
Hər həyətdə tonqal ,qalanardı,hamı tonqalın üstündən hoppanırdı.
Xəlvətcə qapı pusmağa gedirdik .Nə eşitsək yozmağa çalışırdıq.Hamı çalışırdı həmin axşam yaxşı söz danışsın ,yoxsa gənc qızlar küsürdülər.
Sonra ən maraqlısı çilə çıxartma başlayırdı.Cavan qızlar hamı susub otururdu,bir gəlin başçı olurdu.Ortaya böyük bir sandıq qoyurdular,üstünə 1 yanan lampa 1 qab bulaq suyu,su mis qabda olurdu,1-də qırmızı ipək parça. 1 balaca qız (hələ aybaşı görməmiş) oturardı sandığın üstündə.Qırmızı parçanı atardılar onun başına,başçı kimə işarə etsə o,niyyət tuturdu ,balaca qız suya baxırdı orda nə görsə onu deyirdi.Həmin deyimi kənddə olan yaşlı qadınlar yozardılar.Sizləri inandırım həmin yozmaların çoxu düzgün olurdu.Yəni çox qızların taleyi həmin yozmalardakı kimi olurdu.
Birdə təzə gəlinləri suya çıxardırdılar həmin gün ,qız-gəlin hamısı yığışardı bulağın başına .Əvvəlcə gəlinin başına su tökərdilər,sonra şirni paylayardılar,o gündən sonra gəlin bulaqdan su gətirməyə gedə bilərdi.
Lap birinci çərşənbədən axırıncı çərşənbəyə kimi yumurta döyüşdürürdülər. Yumurta döyüşdürməsində nəinki uşaqlar, hətta kişilər də fəal olurdu. Axırıncı çərşənbədə mütləq qırmızıya boyanmış yumurta olardı süfrədə.
Hamı aş bişirirdi yanında da bozartma (aşqara bilmirdik).Şirniyyat da təkcə irəvan kətəsi bişirilirdi.
Ən çox sevinən nişanlı qızlar olardı, çünki həmin axşam onlara Bayram payı gedirdi.
Gecə saat 12-dən sulaşma başlayırdı, səhər 12-yə kimi.Başqa qızlar qaçıb gizlənsəydi olardı amma nişanlı qız mütləq bayıra çıxmalıydı ki, nişanlısı onu sulasın .
Xanımlar siz çərşənbə əlamətləri haqda nə bilirsiz yazın.Gəlin birləşək qoymayaq adətlərimiz unudulsun.