Qadin.NET / Cənnətdən bir parça - Ana

Cənnətdən bir parça - Ana

Cənnətdən bir parça - Ana

Hər qadın ana ola bilməz. Bu fizioloji xüsusiyyətlərdən və ya hər hansı bir əskiklikdən irəli gəlmir. Analıq sonradan öyrənilmir. Bu daxildən gələn bir hissdir və səninlə birgə mövcud olur. Bu hissin toxumlarını qəlbində daşımayan qadınlar həqiqi analığı dərk edə bilməz. Başqa sözlə desək, bəhsini etdiyim “analıq” elə ola bilər ki, övlad sahibi bir qadında olmasın, övladı olmayan bir qadında isə olsun. Həmişə bu fikri müdafiə etmişəm ki, Tanrı bizim ödəyə bilmədiyimiz ana haqqı üçün kəffarə kimi cənnəti onların ayaqları altına sərmişdir. Təbii ki, bu həm də, anaya verilən dəyər, “analıq” hissinə biçilən meyardır.

İnsan həyatı boyu süni məqsədlərlə yanaşı gerçək bir məqsəd uğrunda savaşır Cənnəti qazanmaq üçün, Cəhənnəmin eşiyindən dönən insan cənnəti çox uzaqlarda axtarır, Cənnət bir ananın gülümsəməsində gizlidir. Bir övladın xoş sözündə. Cənnət bir ananın fədakarlığında gizlidir, bir ömrün fədasında. Bu dünyada xoş gün yoxdur, bu dünya “cəhənnəmdir” deyənlər, bir ananın övladına qürürlanan baxışlarını, qıvrılan dodaqlarını görməmişmi? Cənnət bu dünya üçün o qıvrımlarda gizlidir.

Cənnətdən bir parça - Ana

Öz canından can, nəfəsindən nəfəs verən birindən bəhs edirəm.  Həyat dediyimiz o nəfəsdə mövcuddur. Keçmişə qayıtdım bir an... Hər uşağın elədiyi dəcəlliklər düşdü yadıma bir-bir. Cavan bir qadın göründü gözümə. Şux qamətli, uzun qara saçları, sevgiylə parıldayan gözləri, həmişə sarılmağa hazır qolları, bir “ana” göründü gözümə. Ömründən ömrümə calayan... Sonra qayıtdım indiyə.. Yer-yer bəyazlamış saçları, əyilmiş qəddi azacıq. Amma dəyişməz olaraq qalır hələ də, qolları açıq, baxışlarında sevgi yağır. Biz bilməsək də, Tanrı cənnəti hər anayla parça-parça yollayır. Biz bilməsək də, Tanrı hər dünyaya göz açan ana ilə, övlada cənnət yaradır. Biz ayaqlarının altında sanarkən cənnəti, hər ana cənnətmiş, buna görə onun boynuna qollarımızı hər doldadığımızda, hər nəfəs alışımızda cənnət qoxusun alırmışıq biz...

Müəllif : Həsənova Aydan

4 may 2016
GO BACK