Şəxsiyyətin formalaşmasına fəal təsir göstərən amillərdən biri də ünsiyyətdir. O, psixi inkişafın gedişində üzə çıxsa da, bilavasitə onu şərtləndirir, fəaliyyətin tərkib hissəsi kimi özünü göstərir. Böyüməkdə olan uşağın şəxsiyyətinin formalaşmasında bir çox digər psixoloji törəmələr kimi ünsiyyət təlabatı da aparıcı rola malikdir.Yaxşı ünsiyyət mühiti və tərəfdaş insanın fəallığını artırır, əhvalında gümrahlıq yaradır, hisslərini və zövqünü cilalayır.Ünsiyyət təlabatı insanın bütün həyatı boyu keyfiyyətcə daim dəyişən, dinamik və potensial olaraq zəngin psixi imkandır.Körpənin ünsiyyət təlabatı öz başlanğıcını yaşlıların xoş niyyətli, xeyirxah təbəssüm və baxışlarından götürür, sonralar uşağın özünü təsdiq etməyə, müstəqilliyə, yaxın adamlarla ruhi-mənəvi bağlılığa çevrilir, onlar üçün darıxma həddinə qədər yüksəlmiş olur. Ünsiyyət təlabatı insan psixikasının şəxsiyyətyönümlü keyfiyyətidir, onun davamlı və bütöv bir sistem kimi özünü dərketməsidir və fərdiyyətin əsasıdır.
Ünsiyyət mürəkkəb və çoxcəhətli bir proses olub, insanlar arasında əlaqələrin yaranmasında və inkişafında, onların birgə fəaliyyətində, informasiya mübadiləsində, həmçinin bir-birilə optik qavramasında mühüm rol oynayır. Bu cəhətdən ünsiyyət strukturunda onun üç başlıca cəhəti: kommunikativ, interaktiv və perseptiv cəhətləri fərqləndirilir.
Ünsiyyət fəaliyyətinin kommunikativ funksiyası bu prosesin subyektləri arasında informasiya mübadiləsinin gedişində üzə çıxır. Onun vasitəsilə insanlar bir-birinin məqsəd, niyyətini nəzərə almaqla, fəal subyektlər rolunda çıxış edir, öz biliklərini dəqiqləşdirir, yeni məlumatlar əldə edir və onların zənginləşməsinə nail olurlar. Kommunikativ prosesdə insanlar ünsiyyət vasitəsi kimi başlıca olaraq danışıq işarələri sistemi, simvollar toplusu olan dildən, buna müvafiq olaraq nitqdən, həmçinin optik-kinetik işarələr sistemi kimi jest, mimika və pantomimikadan, para və ekstralinqvistik sistemdən sistemdən (intonasiya, pauza) və gözün əlaqə sistemindən istifadə edirlər. Dilçilərin fikrincə, hazırda dünyada 5000-dən artıq danışıq dili mövcuddur.
Ünsiyyətin interaktiv tərəfi bu prosesə qoşulan insanların ümumi qarşılıqlı fəaliyyət strategiyasının qurulmasına əsaslanır. Psixoloqlar insanlar arasında qarşılıqlı təsirin iki başlıca formasını – kooperasiya və konquryentliyi fərqləndirirlər. Bunlardan birincisi adamların razılığına, ikincisi isə onlar arasında konfliktə əsaslanır.
Ünsiyyətin perseptiv tərəfi dedikdə, bir adamda başqa adam haqqında obrazın formalaşması, onun fiziki və psixoloji xarakteristikası, psixoloji xüsusiyyətləri və davranışı haqqında təsəvvürlərin yaranması başa düşülür. Bir adamın başqasını qavramasının əsas mexanizmi identifikasiya (oxşatma) və refleksiyadır(subyektin özünün başqaları tərəfindən necə qavranıldığını dərk etməsi).
Ünsiyyət vasitəsilə insanlar arasındakı əlaqələr hər bir fərdin mövcudluğunun zəruri şərtidir. Psixoloqlar insanlar arasında ünsiyyətin üç əsas səviyyəsini fərqləndirirlər:
1. Birinci səviyyədə (mikrosəviyyə) ünsiyyət şəxsiyyətin həyat tərzinin mühüm cəhəti kimi özünü göstərir. Burada onun hansı adamlarla əlaqə qurması, əsas fəaliyyəti, formalaşmış ünsiyyət stili və digər parametrlər aşkar şəkildə üzə çıxır. Bütün bunlar ictimai münasibətlərlə, şəxsiyyətin həyatının sosial şərtləri ilə sıx bağlı olur. Bu səviyyədə şəxsiyyət müəyyən etiket və qaydaları, ənənələri, başqa adamlarla ünsiyyət normalarını nəzərə almalı olur.
2.İkinci səviyyədə (mezasəviyyə) şəxsiyyət başqaları ilə müəyyən mövzu ətrafında əlaqələr yaradır. Bu səviyyədə ünsiyyət bir adamın başqa bir adamla və qrupla ünsiyyəti şəklində qurulur, və ya bir görüş ərzində başa çatır, ya da saatlarla günlərlə davam edir.
3.Üçüncü səviyyədə (makrosəviyyə) ünsiyyət elementar vahidlər vasitəsilə (“sual-cavab”, “əl sıxma”, “minemik hərəkət və baxışlar”, “cavab” və s.) həyata keçirilir.
Ardı var...
Sona Həmzəyeva