Qadin.NET / Həyatı olduğu kimi qəbul edin

Həyatı olduğu kimi qəbul edin

Həyatı olduğu kimi qəbul edin

Hər gün hər birimiz əlimizdə olan tək yaşama şansımızı, tək həyatımızı yaşayırıq. Amma bu həyatın dadını çıxara-çıxaramı, yoxsa həyat bizim canımızı çıxara-çıxaramı yaşayırıq?! Bu mübahisə olunacaq mövzudur. Deyəsən əsas məsələ də elə  budur, həyatı sakit və həyatın çətilikləri altında əzilmədən yaşamaq...

Həyatın çətinlikləri atlında əzilməmək ciddi bir bacarıq tələb edir, asan deyil. Bəs həyatın çətinlikləri altında əzilmədən, dadını çıxararaq yaşamaq necə olacaq?

Əminəm ki, hər birinizin həyatında pis hadisələr, sizi incidən, sarsıdan insanlar vardır. Bəs bunlarla savaşmanın, qurtulmanın bir yolu, bir açarı yoxdurmu? Əlbəttə var. Bu açarın adı qəbul etməkdirMəncə, qəbul etmək çox çətin bir xüsusiyyətdir. Həzm etməsi çətin, lakin həzm edincə hər dərdə dərman olan bir xüsusiyyətdir. "Qəbul etmək" kəlməsinin altında çox şeylər gizlənir. Məsələn: yaşı qəbul etmək, yaş keçdikcə bunu bir çoxları qəbul edə bilmir, ən əsası da biz qadınlar. Çox zaman yaşımızı inkar edirik. Zamanı qəbul etmək, ən əsası bədəni (orqanizmi) qəbul etmək - "boyum qısa, qulaqlarım şəlpə, sinəm kiçik, ayaqlarım əyri, gözlərim yaşıl deyil" və s. Bəxtini qəbul etmək... "Dünyaya oğlan kimi gəlməliydim", "Bəxtim olsa, varlı bir ailədə doğulardım", "İnsanda gərək bəxt olsun" kimi cümlələri tez-tez işlədirik. Elə deyilmi?

Həyatı olduğu kimi qəbul edin

Biz yaxşı şeylər qəbul etmək yerinə çox zaman "Mən etdim", "Mən qazandım", "Mən bacardım" deyirik. Əslində onlar da qəbul etməyin bir növüdür. Bir hadisəni bir dəfə qəbul etsək, artıq o hadisə bizi narahat etməz. Təbii ki, qəbul etmək zaman işidir, buna səy göstərmək lazımdır. Bu o qədər də asan deyil. Biz başımıza gələn şeylərə "qismət" deyirik, amma qəbul etməyimiz mümkün olmur. Bunun üçün bizə bəzən çox zaman lazım olur. Qədərimizdə, qismətimizdə qarşımıza çıxan pis hadisələri unutmağa çalışırıq. Unutmaq həll yolu deyil. Amma bu hadisəni unutmaq yerinə qəbul etsək, daha gözəl ruh sağlığına nail ola bilərik.

Qəbul etmək  - ağlın həll edə bilmədiyi bir hadisəyə ruhumuzla və könlümüzlə bir möhür vurmaq deməkdir. Yəni o hadisəyə ruhu və könlü qarışdırıb düşünməkdir. "Niyə belə, niyə elə, nə üçün belə davrandı, niyə bunu dedi" kimi beynimizlə düşündüyümüz şeylərə bir də könül gözüylə baxa bilmək, ruhumuzla qucaqlamaq, qəbul etmək insanı rahatladır. Bizi eqolarımız idarə etdiyi üçün qəbul etməyimiz o qədər çətindir ki...

Həyatda hər şeyin sizin istədiyiniz kimi olmayacağına çox gec olmadan özünüzü alışdırın. Hava günəşli də olsa, leysan yağış yağsa da hər iki halda havanı olduğu kimi qəbul edin. Şikayətlənmədiyiniz şeylərin çox gözəl keçəcəyinin şahidi olacaqsınız. Həyata tutunmaq və əzilmək yerinə tam yaşayacaqsınız.

Həyatı olduğu kimi qəbul edin
Həyatınız necə olursa-olsun, onu bir dost kimi qarşılayıb, ona görə yola salacaqsınız. Bilməlisiniz ki, həyat sizi olduğunuz kimi qəbul etmək məcburiyyətində deyil, amma siz həyatı olduğu kimi qəbul etməlisiniz. Ona nə cür olacağını demədən, ona əmrlər vermədən, ona minnətdarlıq duymalısınız. 

Gəlin özümüzə bir söz verək. Heç olmasa sadəcə 2 gün xoşumuza gəlməyən, bizi gərginləşdirən, dəyişdirmək üçün əlimizdən bir şeyin gəlmədiyi vaxtlarda "Mən özümə söz verdim, bu hadisəni belə qəbul edirəm" deyək. "Qaynanamın məni incidən sözlərini qəbul edirəm", "Yoldaşımın mənə istədiyim kimi davranmamasını qəbul edirəm", "Küçədə anidən yağış yağmasını qəbul edirəm" deyək və o anı olduğu kimi yaşayaq. Dərin bir nəfəs alıb, halımızı olduğu kimi qəbul edək. Nə deyirsiniz, sadəcə 2 gün sınamağa dəyməzmi? 

22 dekabr 2013
GO BACK