Qadin.NET / İş görərkən niyə fikrimiz yayınır?

İş görərkən niyə fikrimiz yayınır?

Diqqətimizi bir işdə təmərküzləşdirmək bizə daha çətin gəlir və əksəriyyət bu işdə texnologiyanı günahkar bilir. Əslində, internet brauzerində 20 açıq pəncərə qalıbsa, burada diqqətdən söz gedə bilməz. Lakin hətta kimsə sosial şəbəkələri və əyləncəli saytları bağlasa da, internet şəbəkəsi tutmayan yerə getsə də, görəcək ki, əvvəlki kimi diqqətini bir yerə cəm edə bilmir
İnstinktiv olaraq diqqət yayındıran anları iki kateqoriyaya bölmək bizim üçün təbiidir: Birincisi cəlbedicilərə aiddir. Yəni siz çox çətin yaradıcılıq işi ilə məşğul olsanız, bir neçə dəqiqə feyzbukda vaxt keçirtmək və ya dostlarla hansısa bir yerdə əylənmək fikri sizə daha cəlbedici gələcək. İkinci kateqoriya isə kənardan müdaxilə etməkdir: məsələn, iş yoldaşlarınız hansısa suallarla müraciət edir, email və sair məktublar alırsınız, yaxud votsapdan sizə mesaj gəlir və ona cavab verməlisiniz, ya da işlədiyiniz yerdə kimsə çəkiclə dəmirə döyəcləyir.

Biz problemə cəlbedicilik və kənardan müdaxilə baxımından nəzər saldıqda, bunu kənardan gəlmə bir şey kimi qəbul edirik. Odur ki, həllini – yayındırıcı saytları bağlamaq, qulaqlara pambıq tıxmaq, fikrimizi dağıdan şəxsləri qovmaq, dağlara qaçıb getmək kimi şeylərdə görürük. Bəs yaxşı, nə üçün belə etsək də, fikrimizi cəm edə bilmirik? Həqiqi günahkar – kənar qıcıqlandırıcılar deyil, daha zəruri olan şey üzrə diqqəti cəm etməkdən qaçmaqdır. Deməli, zəng birbaşa beynimizdən gəlir.

Bu problemə ən dəqiq alman filosofu Fridrix Niçşe diaqnoz qoymuşdr. O qeyd edirdi ki, diqqətimizin dağılmasına bəhanə axtaran məhz bizik. Bu yolla biz daim düşüncə prosesində oluruq ki, həqiqi və zəruri bir sualdan yayınaq – məsələn, görəsən bizim həyatımızı hər hansı bir məna doldururmu?

Camaat tvit paylaşır, layk qoyur və başlarını qəzəbli feyzbuk-debatlarına qatırlar, çünki, Niçşe demişkən: “Biz sakitlikdə tək olmaqdan qorxuruq ki, birdən kimsə qulağımıza nəyisə pıçıldayar”. Bundan da pisi odur ki, hətta daha səmərəli görünən bir iş bizi daha zəruri sayılan bir şeydən yayındıra bilər. “Biz özümüzü coşqu və acıqla elə gündəlik əməyin biyarına veririk ki, əslində heç bizim həyatımız üçün gərəkli də deyil, - Niçşe yazırdı, - çünki, bizə elə gəlir ki, hər şeydən gərəkli olan özünə gəlməməkdir. Hamıda belə bir tələskənlik boldur. Çünki hər kəs özündən qaçır”.

Yaxşı, bəs nə üçün biz həqiqətən bizə əhəmiyyətli olan şeyin üzərində diqqət cəmləməkdən qaçırıq? Psixoloqların təqdim etdiyi açıqlamalardan biri budur ki, biz əslində şəxsi seçim və əhəmiyyətli olmağı çox arzu edirik. Nəticədə biz, bizə görə, hətta əmr özümüz tərəfindən verilsə də, qaydaya uyğun tapşırığı yerinə yetirməkdən qaçırıq. Məsələn, öncədən qarşımıza məqsəd qoyuruq ki, səhər biznes-planı tərtib edəcəyik, yaxud hansısa yazımızın qələmə alınmasında çalışacağıq. Lakin həmin vaxt yetişdikdə, siz əmr verən daxili nəzarətçinin əleyhinə qiyam qaldırırsınız, işləmək əvəzinə feyzbukda ana səhifəni aşağı-yuxarı edirsiniz. 

Təbrik edirik, siz əsl qiyamçısınız. Lakin, təəssüf olsun ki, siz elə öz hədəflərinizin yerinə yetirilməsinin qarşısını almış olursunuz.
Fərid Abdullah
1 avqust 2020
GO BACK