Maaşa hələ çox var, pulunuz isə artıq qurtarıb. Anlamağa çalışırsınız ki, pulları hara xərcləmisiniz və daha qənaətcil olmağınız barədə növbəti dəfə söz verirsiniz.
Hər dəfə bu proses təkrarlanır. Bəs bu nədir? Maaşın azlığı, yoxsa bədxərc olmağınız? Bəlkə də düzgün olmayan planlaşdırma? Bunların hər üçü ola bilər. Bəs bu problemin öhdəsindən necə gəlmək olar?
İlk növbədə bütün izafi xərclər haqqında məlumat toplayaq. Təbii ki, bu bir günün işi deyil. Ona görə də dəftərçə götürüb yazmalı olacaqsınız. Rahat olması üçün bütün xərcləri qruplara ayıraq. Elə aşağıdakı kimi...
Mənzil
Kommunal, kirayə xərcləri. Əgər kreditiniz varsa, bura əlavə edin. O cümlədən internet və telefon pulu.
Nəqliyyat
Yanacaq, avtomobil təmiri, taksi pulu. Şəxsi avtomobili olmayanlar, avtobus və metro xərclərini bura əlavə etməyi unutmamısınız ki? Belə götürəndə o qədər də böyük məbləğ deyil-30 qəpik. Altı iş günü hesablasaq-90 qəpik. Hələ avtobusa yaxın qohumunuzu, sinif yoldaşınızı görüb, onun əvəzinə pul verməyi də bura əlavə edəndə.
Geyim və ayaqqabı
Kifayət qədər xərclər tələb edir. Dolabınız koftalar, şalvarlar, ətəklərlə dolu olsa da, ayın axırı bu qrafa çətin boş qalsın. Hələ ayaqqabı və çantaları demirəm. Yeni mağaza açılıb, rəfiqəniz təcili zəng edib deyir ki, inanılmaz endirim var. Təbii ki, özünüzü saxlaya bilmirsiniz. amma sizə yenə elə gəlirki, geyinməyə heç nə yoxdur.
Yemək
Heç kəsə sirr deyil ki, yeməyə daha çox pul xərclənir. Götürək hələ naharı. İşdə yüngülvari nahar-dönər (1 manat) və sizə elə gəlir ki, pula qənaət edirsiniz? 6 iş gününü nəzərə alsaq, 6 manat. Hələ dönərin yanındakı içkini yazmamışıq. Bəs çay və şokolad? Artıq bir nahar-2 manata başa gəldi. Həftəlik nahara siz 12 manat xərcləyirsiniz. Necədir?
Gözəllik və sağlamlıq
Bu xüsusi olaraq qadınlar üçündür. Kosmetik vasitələr, gözəllik salonları, fitness klublar, vitaminlər və daha nələr, nələr. Belə çixir ki, qadınların izafi xərcləri daha çoxdur.
Təhsil
Müxtəlif kurslar-dil, kompüter, mühasibat kursları. Mütaliəni sevirsiniz? Aldığınız kitab, qəzet və jurnalların qiymətini yazmağı unutmayın.
İstirahət
Konsertə, teatrlara getməkdən, tanışlarınla kafedə oturmaqdan həzz alırsan? Çoxları "ayda, ildə bir dəfə gedirəm də" deyib bu xərcləri hesablamırlar.
Bəs, siz necə qənaət edirsiniz?