Qadin.NET / Xəyalların intiharı...

Xəyalların intiharı...

Xəyalların intiharı...

Hərdən qışqırırsan, var gücünlə. O qədər güclü ki, səsin çıxmır. O qədər güclü ki, səsini heç kim eşitmir, Allahdan başqa. Hərdən danışırsan, hər şeyi. Ürəyində heç nə qalmır. Qarşındakı da başa düşdüyünü göstərir. Sonra bunun yalnız görüntü olduğunu anlayırsan. Hərdən ağlayırsan, bütün içinlə. Elə bilirsən, daha içində heç bir şey qalmadı. Sonra görürsən ki, için daha da dolmuş, daşır. Hərdən taqətdən düşürsən, bütün gücünü itirərək. Düşünürsən ki, bu sondur, artıq bundan artığını daşıya bilməzsən. Sonra görürsən ki, daha artıq güc gəlib, ondan da artıq yük gəlir… Hərdən də özünü o qədər güclü, enerji dolu hiss edirsən ki, düşünürsən daha heç vaxt sınmazsan, heç vaxt. Bir də görürsən ki, ən kiçik eyhamdan çilik-çilik olmusan.

Xəyalların intiharı...

Boşluğa düşürsən, parçalanırsan….amma yenə də yaşayırsan, ya da intihar edirsən, yaşamırsan. Əslində ikisi də eyni şeydir. Hər iki halda artıq yaşamırsan. Fiziki olaraq yaşasan da, xəyalların intihar edib. İkisi arasında fərq – birinci halda bədən üzvlərinin hələ də fəaliyyət göstərməsidir. Onlar da intihar havasında normal fəaliyyət dövriyyəsindən kənara çıxırlar. Sonra isə zaman keçir, alışırsan. Yenə də yaşamağa başlayırsan…zərər görmüş bədən üzvləri, zərbələr almış ruhunla birlikdə. Unudursan, ümidlər yaranır, qəhqəhə çəkirsən, amma hər dəfə ruhunun yarası sızlayanda yenə ölürsən. Hərdə düşünürsən ki, kaş yaddaşdan həyatının o hissəsini silmək olaydı, kaş ki, birdəfəlik hər şeyi unutmaq olaydı. Amma sonra dərk edirsən ki, onlar silinsə, heç biri yaşanmasa, sən də yaşamazdın. Paradoks yaranır. Yaşadıqlarına görə öldüyünü düşündüyü halda, həm də məhz onların hesabına yaşadığını, onların sayəsində sən olduğunu anlayırsan. Fiziki intihar inamın bitdiyi anda baş verir. Intihar anında insanın həyata bağlılığı daha güclü olmalıdı. Bu anda intihar etməmək üçün sadəcə səni nə isə bu yoldan çəkindirməlidir – 1 insan, 1 hadisə və ya 1 “təsadüf”.

Xəyalların intiharı...

Əsas olan o bir anı atlatmağındır. Atlatdınsa, həyata daha möhkəm yapışırsan, əvvəlkindən daha xoşbəxt yaşamağa başlayırsan.  Heç nə dəyişmir, dəyişən sənin həyatının, ətrafında olan insanların necə dəyərli olduğunu anlamağın olur. Bunun islami, dini tərəflərinə yönələrək Allah qatında ən bağışlanmaz günahlardan olduğunu xatırlatmaq, heç sentimentallığa qapılıb “səni sevənləri heç düşünmürsənmi?” demək niyyətində deyiləm. İnamın ölməsi… Uçurumun kənarı… 2 yol var – ya ömrün boyu gəlib çatdığın bu uçurumun kənarında dayanıb baxacaqsan, ya da nəhayət əzablarına son verərək uçurumdan özünü aşağı atıb və sonra da heç nə hiss etməyəcəksən.. Əgər uçurumun kənarındasansa, demək hər şeyindən keçib burada dayanmısan. Bütün ümidlər puç, inamlar artıq yoxdur. Məncə at özünü, keç özündən. Belə yaşamağın heç bir mənası yoxdu. Atıl- amma ölmək üçün yox. Uçurumun dibinə düşüb o biri tayda dağa dırmanmaq üçün. Bu anda həqiqətən də öldürmək lazımdı səni parçalayan düşüncələri, həyat tərzini, baxışları. Çünki başqa yol yoxdur, sən sadəcə buna məcbursan…

“…Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz…” (Qurani Kərim: Rad 11).

Samirə Haşımzadə

27 avqust 2015
GO BACK