Qadin.NET / Qaçmaq

Qaçmaq

Qaçmaq

Qaçmaq. Hər şey sadə bir hərəkət kimi görünə bilər. Sadəcə çıxıb getmək, küsülü bir uşaq kimi. Hərdən sahilinə qayıtmayan bir dalğa kimi yox olmaqdır. Mesaj verməkdir, söz deməkdir. Hərdən gəl barışaq deməkdir. Qaçmaq bir zaman mövqedir, ətrafını qiymətləndirməkdir, mühitə reaksiyadır.

Çarəsizliyin göstəricisi, əlacsız olmağın ağrılı təzyiqidir. Bacarmırsan və qaçırsan. Uğursuzsan, ondan qaçırsan? Bəlkə daha böyük uğursuzluğa qaçırsan bilmirsən, amma əlindən gələn başqa bir şey yoxdur.

Qaçmaq

Yeni cəhdlərdən qaçırsan yəqin. Eqonu tapdalatmaq istəmirsən ola bilsin. Ehtimal ki, eqoistsən. Qaç ki qaçasan. Bacardığın qədər uzağa qaçasan. Eqondan! Sonsuz bir akt kimi görünə bilər eqondan qaçmaq, onu itirmək, azdırmaq asan deyil, amma ondan uzaqlaşdıqca istədiyinə çata bilərsən. Məhz həmin yeni cəhdlərin üfüqü parlaya bilər. Maraqlı səslənir. Amma sən sadəcə olduğun yerdən, beyninin içindən qaçırsan. Düşüncələrini gəmirəm şübhələrdən qaçırsan və həqiqətən çatacağın haranınsa olduğuna inanırsan. Sən sadəcə üfüqün cəhətindən xəbərsiz balıqçı kimi qayığınla bilmədiyin istiqamətə “qaçırsan”. Orda isə quru yoxdu. Bu cəhd yeni bir cəhd kimi çox uğursuzdur. Bəlkə də bundan qaçmalısan.

Qaçmaq

Qaçmaq bəzən etirazdır qərarlarına qarşı. Otağının pəncərələrinə köhnə qəzetləri yapışdırıb ətrafdan qaça bilərsən. Evinin qapısını içəridən kilidləyib, açarı balkondan atıb insanlardan qaça bilərsən. Amma beyninin içindən qaça bilməzsən.  Qaç ki qaçasan. Hara qədər? Boğazında düyünlənən sözlər hələ də ordadır. Dodaqlarına qədər qaçırlar. Danışmasan da. Onlar gec-tez azad olacaq, çünki beyninin içindən ki qaça bilməzsən. Sən yox, artıq başqa birisi oturub orda. Evin ehtiyat açarı da ondadır bəlkə. Sən də axmaq kimi ondan qaçırsan.

İndi mən deyim, amma sən inanma, çox vaxt özünü aldatmaqdır qaçmaq. Yoxluğuna bir don geyindirib səhnəyə buraxmaq.

Tural Babayev

17 avqust 2015
GO BACK