Qadin.NET / İnkişaf nədir?

İnkişaf nədir?

İnkişaf nədir?

Azərbaycan dilində gündəlik işlətdiyimiz inkişaf sözü çox zaman tərəqqi, proqres sözü ilə sinonim sözlər olaraq başa düşülür. Ancaq fəlsəfi termin kimi inkişaf sözünün anlamı daha genişdir. Söz  ərəbcə “kşf” kökündən yaranmışdır “kəşf” (meydana çıxma, açılma) sözünün  infial vəznində məsdəridir. Bu sözün daha yaxşı anlaşılması üçün dialektikanın üç qanunundan biri olan “Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi” qanunu anlamaq vacibdir. Ümumiyyətlə? dialektika belə demək mümkündürsə, varlığın ən ümumi, universal əlaqələrini öyrənir. Dialektika maddi dünyanın mövcudluğunun daimi dəyişiklik, hərəkət, mübarizə, inkişaf kateqoriyaları vasitəsi ilə şərh  olunması metodudur. 

İnkişaf nədir?

Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunu: Bu qanun gerçəkliyin ən ümumi, obyektiv qanunlarından biridir. Kəmiyyət və keyfiyyət eyni predmetdə obyektiv vəhdətdə mövcuddur. Hər hansı bir cismdə, predmetdə obyektdə baş verən kəmiyyət dəyişmələri elə bir an çatır ki, həmin obyekti müəyyən edən onu o edən meyarın pozulmasına səbəb olur. Bu da yeni keyfiyyət mərhələsinə keçidlə nəticələnir. Bu qanun bir növ inkişafın mexanizmini öyrənir. 

İnkişaf nədir?

İnkişaf isə yeni keyfiyyət mərhələsinə keçid, həmin o meyarın, ölçünün pozulması zamanı baş verir. Ancaq məsələ ondadır ki, yeni keyfiyyət mərhələsinə keçid hələ tərəqqi etmək deyil. Tənəzzül də yeni keyfiyyət mərhələsidir. Bir nəsnə ancaq mükəmməlləşəcək deyə bir qanun yoxdur ki, nəsnələr dağılmaya, aşınmaya məhv olmağa da məruz qalırlar və bu prosesdə onlar yeni keyfiyyət mərhələsinə keçirlər, yəni inkişaf edirlər, ancaq tərəqqi etmirlər, tənəzzül edirlər. Xülasə, demək istədiyim odur ki, inkişaf həm tənəzzül, həm də tərəqqi deməkdir.

P.S: Bunu da unutmayaq. İnkişafı düzxətli olaraq qavramaq doğru deyil inkişaf spiralvari prosesdir. İnkişaf elə bir prosesdir ki, sanki daim təkrar olunur. Hər ölçü, meyar pozulduqda spiralın yeni halqasına keçid baş verir.

Saleh Mehdizadə

5 sentyabr 2014
GO BACK