Onlar da çiçəklər kimidir. Bəzən bir çiçəyin yetişməsi, açması üçün aylar, illər gözləmək lazım olur. Bu çiçəyə xüsusi qayğı, sevgi göstərilir. Onlar kimi... Vaxt yetişir, çiçək açır, qoxusu, gözəlliyi ətrafındakı hər kəsi özünə məftun edir. Onlar kimi... Sorağını eşidənlər çiçəyi görməyə, ona tamaşa etməyə gəlir. Onu görən hər kəs bu gözəlliyi əldə etmək, qoxlamaq, dərməyə çalışır. Onlar kimi...
Çiçək dərilir...
Bəzən bir sevgiliyə verilmək üçün. O sevgili isə bu çiçəyi ən qiymətli xatirə kimi sevər, əzizləyər.
Çiçək dərilir...
Bəzən bir qızın bəyaz gəlinliyinin qırmızı yaraşığı olmaq üçün. Bir cüt ömrü xoşbəxt edib yeni bir ocağın, təzə bir binanın özülünü qoyar.
Çiçək dərilir...
Bəzən evin ilkini salamlamaq üçün. Doğum evinin pəncərələrində gəzər, yenicə ana olmuş qızın qucağında məskən salar.
Çiçək dərilir...
Bəzən oğul-qız böyütmüş bir ananı sevindirmək üçün. O ana isə illər uzunu çəkdiyi əziyyətin bəhrəsi kimi bu çiçəyi evinin ən görkəmli yerində saxlayar.
Çiçək dərilir...
Bəzən bir evin sönmüş ana yanğısını alovlandırmaq üçün. Bir ocağı, bir ailəni yenidən toplayar, bir yumruq edər.
Çiçək dərilir...
Bəzən isə sadəcə baxmaq, zövq almaq üçün dərilər bu çiçəklər... Sonra isə ən yaxşı halda zibil qutusuna atılar. Nə xatırlanar, nə də yad edilər. Sadəcə bir dəfə qoxlanar... Sadəcə bir dəfə... Ömrü də birdəfəlik olar...
Evimizin, xeyrimizin, şərimizin bəzəyidir çiçəklər... Onlarsız nə bir isti nəfəs, nə bir isti ocaq olar. Yabanı da olar, dekorativ də. Həyət gülü də var, dibçəkdə yetişəni də. Tikanlısı da var, tikansızı da. Ömrü az olan da olur, çox yaşayan da. Rəngləri də müxtəlif olar: sarı, qırmızı, bəyaz, narıncı, çəhrayı. Həyatımızın anları kimi, acılı-şirinli xatirə kimi.
Amma nəticədə hamısı çiçəkdi, hamısının da bir adı var: QADIN.
Bəs sən bu çiçəyi nə üçün dərdin?