Qadin.NET / Hörgülü piroq (foto resept)

Hörgülü piroq (foto resept)

Tərkibi:

1 litr süd (süddən bir stəkan götürüb kənara qoyuruq, qalanından istifadə edirik)

125 qr yağ

1 x.q maya 

3 ədəd yumurta 

2,5 stəkan şəkər tozu

1 paçka vanil

Ala biləcəyi qədər un


İçlik üçün:

İstədiyiniz cem (amma içi tumlu olmasın, içinin meyvəsi iri olarsa əzilməlidir)


Hazırlanması:

Əvvəlcə dərin bir qaba yumurtalar qırılır.

Yaxşıca çalınır.

Çalındıqdan sonra üzərinə şəkər tozu əlavə edilir.

Şəkər tozu yumurta ilə birlikdə ağarana kimi çalınır.

Sonra isə südü bir qaba töküb ocağın üzərində azca isidirik.

İsidilmiş südün içərisinə yağı əlavə edirik.

Yağ südün içində əriməlidir.Əgər süd soyusa, yenidən isidə bilərik.

Sonra qarışığın üzərinə bir az un, vanil və maya əlavə edirik.

 

Südü qarışığın üzərinə az-az əlavə edirik.

Yaxşıca qarışdırırıq. Südün hamısını əlavə etdikdən sonra az-az un götürüb ələ yapışmayan yumşaq xəmir yoğururuq. Sonra isə xəmiri mayalanması üçün isti yerə qoyuruq. Yarım saat saxlayırıq.

Sonra xəmirdən iri bir kündə ayırırıq.  Açacağımız yuxanın qalınlığı və uzunluğu sobanın qabından asılıdır, yəni sobanın qabı balacadırsa balaca kündə, böyükdürsə böyük kündə ayırırıq. Kündə çox da nazik olmamaq şərtilə orta ölçüdə yayılmalıdır.

Və qalınlığı da belə olmalıdır.

Xəmirin dörd tərəfi də qabdan bir az qırağa çıxmalıdır. Əgər qısa olsa, xəmiri yavaşca dartıb uzada bilərik.

Soba qabını duru yağla yağlayırıq, açdığımız xəmri bişirəcəyimiz qaba yerləşdiririk. Sonra üzərinə cem çəkirik.

Sonra xəmirin soba qabından kənara çıxan hissələrini şəkildəki kimi cemin üzərinə örtürük.

 

Xəmirdən balaca parçalar qopardaraq əlimizlə nə çox nazik, nə də çox qalın olmayan uzunsov formaya salırıq.

Sonra onu şəkildəki kimi yapışdırırıq. Kənarlarını xəmirə yaxşıca yapışdırmalıyıq ki,şişəndə qopmasın.

Sonra eyni qayda ilə xəmirdən hissələr qopardaraq bu prosesi davam etdiririk.

Axıra kimi eyni qayda ilə edirik.

Daha sonra o biri ucundan da axıra kimi bu qayda ilə davam edirik.

Sonra həmin uzunsov xəmirlərdən hörgü hörürük.

 

 

 

 

 

 

Hazır hörgünü piroqumuzun bütün kənarlarına möhkəm bir şəkildə yapışdırırıq.

Üzərinə yumurta sarısı da çəkə bilərsiniz. 150-200 dərəcədə bişiririk.

Piroqumuz hazırdır.

 

Əziz xanımlar, xəmirimiz artıq qaldığı halda həmin xəmirdən "Ürək" piroqu hazırlaya bilərsiniz. 

Xəmirdən limon böyüklüyündə kündə qoparırıq.

Kündəni təxminən boşqabdan bir qədər balaca formada yayırıq.

Ortasına cem çəkirik.

Rulet formasında bükürük.

Axırda ucunu xəmirin üstünə yapışdırırıq.

Uclarını birləşdiririk.

 

Bıçaqla başdan-ayağa qədər kəsirik.

 

Kəsilən qatları əlimizlə kənara doğru açırıq. Ürək forması alınır.

Forma yağlanıb ürəklər düzülür və 150-200 dərəcədə bişirilir.

Əziz xanımlar, daha sonra həmin xəmirdən uşaqlar üçün kirpi formasında bulka hazırlaya bilərsiniz.

Yenə də limondan bir az böyük kündə götürülür və bir ucundan tutulub azca dartılır.

Burnunu düzəltdikdən sonra əlimizlə burnunun üstündə iki dənə deşik açırıq ki,bu da gözlərinin yerini bildirir.
Sonra qayçı ilə arxadan önə doğru kəsiklər atırıq.
Gözlərinin yerinə  qara və yaxud sarı kişmiş qoyuruq.
Sonra fırça vasitəsilə yumurta sarısını tikanların arxası ilə burnuna doğru yağlayırıq.
Başqa fiqurlar da düzəldə bilərsiz. Forma yağlanır və 150-200 dərəcədə bişirilir.
Nuş olsun!
16 mart 2013
GO BACK