Tərkibi:
1,5 kq-lıq məcməyi üçün lazım olan ərzaqlar:
xəmir:
Un - 6 st.
Yumurta - 4 ədəd
Kərə yağı - 100 qr
Xama - 200 qr
Gülab
iç:
Qoz - 1200 qr
Badam - 300 qr
Şəkər tozu - 1 kq
Hil
şərbət:
Şəkər tozu - 500 qr
Gülab - 1,5 st.
Limon - 1 dilim
Zəfəran
Hazırlanması:
Əvvəlcə xəmiri hazırlayın. Bunun üçün unu bir qaba ələyib, üzərinə xəmir üçün lazım olan bütün ərzağı töküb yumşaq xəmir yoğurun.
Şərbətin hazırlanması üçün gülab ilə şəkər tozunu bir qazana töküb qaynadın. 10-15 dəqiqə qaynadıqdan sonra içinə bir dilim limon əlavə edin ki, şirə xarlamasın və soyuması üçün kənarda qoyun.
Paxlavanın içini hazırlamaq üçün əvvəlcə qozu qovurub, qabığını təmizlədikdən sonra qozçəkən maşından keçirib üzərinə şəkər tozu və toz halında olan hil əlavə edib qarışdırın. Kərə yağını əridin.
Yoğurduğunuz xəmirdən 15 kündə tutun. Kündənin ikisi digərlərinə nisbətən bir az böyük ölçüdə (alt və üst lay üçün), qalanları balaca olmalıdır.
Böyük kündədən birini göturub qalın yuxa yayın. Məcməyini kərə yağı ilə yağlayıb qalın yuxanı sərin. Yuxa qabın kənarlarından çıxmalıdır. Tavaya sərdiyiniz yuxanı yağlayıb üzərindən ikinci - balaca kündədən yaydığınız yuxanı qoyun. İkinci yuxanı yağlayıb içdən bir az tökün. Bu qayda ilə bütün qatları düzün. Sonuncu qatı da birincidə etdiyiniz kimi, kiçik yuxadan sonra yağlayıb içlik tökmədən üstündən kənarda saxladığınız böyük kündənin yuxasını sərib, tavanın yanlarındakı xəmirləri bərkidin. Paxlavanı iti bıçaqla eni 4, uzunu 10 sm olmaqla romb şəklində kəsin. Kəsilmiş paxlavanın üstünə ya qənnadı rəngi ilə yumurta sarısı qarışığı, ya da zəfəran suyu ilə yumurta sarısı qarışığını çəkin. Sonra paxlavanın uc hissələrinə xaş-xaş, mərkəzinə isə badam və ya qoz ləpələri düzərək bəzəyin.
Məcməyinin üstünü örtüb əvvəlcədən hazırlanmış ocağa qoyun. Yaxşı olar ki, ocağın közü kənarlara çəkilsin ki, istisi şirniyyatın altını yandırmasın. Bu qayda ilə paxlava vam odda bişir. Buğ çıxanda kəsilmiş aralarına ilıq yağ əlavə edin. Şirniyyat təxminən 50 dəqiqə - içərisindəki şəkər tozu əriyincə vam odda bişməlidir. Hazır olmağa az qalmış ilıq şərbəti üzərinə əlavə edib, 5 dəqiqə daha ocaqda saxlayıb kənara çəkin. Paxlava hazır olduqdan sonra şirəsini özünə çəkməsi üçün 1-2 saat gözləyib, sonra məcməyidən çıxarmaq olar.
Nuş olsun!