Qadin.NET / Yarpaq dolması (foto resept)

Yarpaq dolması (foto resept)

 

Tərkibi

450 qr çəkilmiş ət

1 orta baş xırda doğranmış soğan

1/2 st yumru düyü

1/2 st xırda doğranmış keşniş

1/2 st xırda doğranmış şüyüd

1/2 st xırda doğranmış nanə

1 ç/q duz

1/4 ç/q istiot

80 kiçik və ya 40 iri üzüm yarpağı (ikiyə bölünmüş)

3 xörək qaşığı ərinmiş kərə yağı

1/2 st  su

 

Hazırlanması

Dolmanın içini hazırlamaq üçün əti, soğanı, düyünü, keşnişi, şüyüdü, duzu və istiotu bir qabda əl ilə yaşxıca qarışana qədər yoğrulur. Yarpaq hazırlanır. Əgər təzə yarpaqdan istifadə edilirsə, qazanda su qaynadılır. Yarpaqlar hissə-hissə qaynayan suda təxminən 2 dəqiqə ərzində tutulur. Bu proses yarpaqların yumşalması üçün lazımdır.

Yarpaqlar sudan çıxardılır və yaxşıca süzülür. Sapları kəsilir. Əgər duza qoyulmuş yarpaqdan istifadə edilirsə, yarpaqlar suya çəkilir ki, duzu yuyulsun. Sonra isə yarpaqların sapları kəsilir. Hərdən elə olur ki, duza qoyulmuş yarpaqlar sərt olur. Belə olduğunda, yarpaqların yumşalması üçün onları suda 1-2 dəqiqə qaynadıb, süzmək lazımdır. Əgər yarpaqlar böyükdürsə, onlar ikiyə bölünür. Hər yarpağın ortasına təxminən 1-2 çay qaşığı içlik qoyulur. Bir əldə dolmanı tutub, o biri əl ilə yarpaq yumruvari bükülür.

Yarpaq dolması (foto resept)

Bükülmüş dolmaları qazana bir-birinə yaxın və lay-lay düzülür. Əgər təzə yarpaqdan istifadə edilirsə, layların arasına azacıq duz əlavə edilir. Dolmaların üstünə yağ və su tökülür. Axırıncı layın üstünə kiçik qapaq və ya qab qoyulur ki, dolmalar bişdikləri vaxt açılmasınlar. Qazanın qapağı qoyulur. Dolma əvvəlcə qaynadılır. Qaynayan kimi, qazı azaldılır və dolma vam odda təxminən 1 saat 30 dəqiqə ərzində bişirilir. Bişmiş dolmanın içi və yarpağı yumşaq olmalıdır, qazanın suyu isə çəkilməlidir. Dolma süfrəyə sarımsaqlı qatıqla verilir. Sarımsaqlı qatığı hazırlamaq üçün qatıqla əzilmiş sarımsaq (miqdarı zövqə görə) qarışdırılır.

Yarpaq dolması (foto resept)

3 aprel 2019
GO BACK