Tərkibi:
1 kq 200 qr uzun düyü
1 kq quzu əti
4 ədəd ortaölçülü soğan
400 qr əridilmiş kərə yağı
Şabalıd, ərik qurusu, alça qurusu
Lavaş
Zəfəran
Duz, istiot
Hazırlanması
Düyünü yuyub, bir müddət duzlu suda saxlayırıq. Qazana su töküb, qaynamağa qoyuruq. Su qaynayanda üzərinə duz və düyünü əlavə edib, bişiririk. Tam hazır olmamış düyünü süzürük. Quzu ətini kiçik hissələrə bölüb suda bişiririk. Ət bişəndən sonra yağda qızarmış soğanın üzərinə əlavə edirik. Həmçinin artıq təmizlənib, bişirdiyimiz şabalıdı, ərik və alça qurusunu da ətin üzərinə töküb bişiririk. Şah plovu sobada çuğun və ya teflon qazanda dəmləmək lazımdır. Əgər teflon qazan istifadə edəcəksinizsə tutacaqları xüsusi alətlə qazandan ayırın ki, sobada əriyib yanmasın.
Beləliklə, qazanın içərisini və lavaşların hər iki üzünü yağlayırıq. Lavaşları ehtiyyatla qazanın içərisinə qoyub, əlimizlə kənarlarına yapışdırırıq. Növbə ilə lavaşın üzərinə düyü və turşu səpirik. Sonra qalan düyünü də töküb, üstünə yağ və zəfəran suyu gəzdiririk.
Lavaşı ehmalca bağlayıb, 200 dərəcədə 1 saat bişiririk. Əgər sobanız kiçikdirsə folqa ilə qazanın üzərini bağlayın ki, lavaş yanmasın. 1 saat sonra qazanı sobadan götürüb, üzərinə böyük bulud qoyuruq, ehtiyyatla qazanı çeviririk.
Nuş olsun!