Xanımlar,bu gün sizlərlə Türk mətbəxinin ən praktik yeməklərindən olan çay saatı üçün SİQARA BÖRƏYİNİN reseptini təqdim edirəm.
3 ədəd tam bişməmiş yuxa
250 qr pendir və ya ( kartof püresi)
Yarım dəstə cəfəri və ya şüyüd (zövqə görə)
Bir çimdik qırmızı toz bibər, istiot
Qızartmaq üçün 2 armudu stəkanı bitki yağı
Qeyd: Pendir qoyulduqda duz gərəkmir,amma kartoflu iç üçün duzdan istifadə edilir.
Hazırlanması:
Əvvəlcə bir kasa içərisində börək içi hazırlanır.Pendir çəngəllə əzilir,üzərinə incə doğranmış göyərti vurulur və qarışdırılır.
Başqa bir qabda isə xəmiri yapışdırmaq üçün adi su götürülür.
Yuxalar üst-üstə qoyularaq şəkildə göstərildiyi kimi masanın üzərində yerləşdirilir və 3 hissəyə bölünür.(burdakı yuxalar marketlərdən alınmış hazır yuxalardır,ona görə də düzbucaqlı şəklindədir)
Sonra həmin yuxalar bir üst bucağından alt bucağına qədər çarpaz kəsilir.
Beləkilə hər yuxa 4-ə bölündü və cəmi 12 kiçik yuxa oldu.
Pendirli və ya kartoflu iç bir qaşıqla götürülərək yuxanın uzun kənarı tərəfindən qoyulur.
Və yuxanın hər iki kənarı içəri bükülməklə rulo şəklində qatlanır.
Bu şəkildə bütün yuxalar yuxarıdan aşağıya doğru bükülür və son ucu suya batırılaraq yapışdırılır.
Geniş bir tavada bitki yağı isidilir.Siqara börəkləri hər tərəfi qızılı rəng olana qədər orta atəşdə qızardılır.
Bişdikdən sonra kağız salfetka üzərində artıq yağını çəkdirin.
Çıtır Siqara börəyiniz hazırdır. Nuş olsun!