Sən pissən, o yaxşıdır... Evdə uşağın qəlbini qırmaq üçün bircə dəfə “filankəsin uşağı filan işləri görür, ancaq sənin əlindən bir şey gəlmir ” demək kifayətdir. Bir də ki, qəlb qırmağa nə var ki? Ancaq bu cür ittiham təkcə qəlb qırmır, başqasına qarşı həsəd hissi də doğurur. Sən o “filankəsin uşağını” öz uşağından üstün tutanda övladının ürəyində qara qanlar axır, özünü bir növ yalqız hiss edir:”güvəndiyi dağlara qar yağır ”. Bir həqiqəti də etiraf edək ki, övlad tərbiyəsi məsələsində çox böyük problemlərimiz var.
Uşağı şəxsiyyət kimi böyütmək, onda həqiqət, ədalət hissini tərbiyə etmək hər bir valideynin ən böyük vəzifəsidir. Ümumiyyətlə, uşaqları bir-biri ilə müqayisə etmək heç də arzu olunan hal deyil. Çünki bütün hallarda biri inciyəcək və inciyəndən sonra da təbii ki, küsəcək. Heç başqa uşaq olmasın, qardaşları və ya bacıları belə müqayisə edərək, birini o birindən üstün tutmaq doğru deyil. Əgər uşaqlardan birinin hansısa yaxşı bir cəhətini vurğulamalı olursunuzsa, o birinin də yaxşı bir cəhətini tərfiləyin ki araya qısqanclıq düşməsin. Yoxsa uşağın bir-birini qısqanması çox adi haldır. Sizin yanaşmanızda da məhz o cəhət ön planda olmalıdır ki, uşaqlar arasında ayrı-seçkilik olmasın.
Çünki ayrı-seçkilik olsa, mütləq qısqanclıq olacaq. Ümumiyyətlə, bu müqayisə komplekslərindən uzaq olmalıdır. əni, filankəsin uşağı hansısa məsələdə sizin uşağınızdan bacarıqlı olsa da, əmin olun ki, sizin uşağınızın da ondan üstün tərəfləri var. Bütün bunlar bir tərəfə qalsın, sizin uşağınız elə sizin uşağınızdır. Bu bir düstur kimi beyninizdə, ağlınızda olmalıdır. Bir məsəl var: “Qurbağaya deyirlər, dünya, gözəli kimdir, öz balasını göstərir” Çox görmüşük ki, insan öz uşağı üçün malından da keçir, canından da... Bəs necə olur ki, ortada ciddi bir problem olmadığı halda “filankəsin uşağı səndən yaxşıdır” deyib o məsum, o təmiz qəlbi qıra bilirsiniz.
Axı, o, sizinlə qürrələnir, sizi özünün sarsılmaz dayağı, arxası hesab edir. Hansımızın qüsuru olmayıb ki?! Lap elə indinin özündə də hansımız qüsursuz olduğunu iddia edə bilər? Təbii ki, uşağınızın da səhvləri, xətaları olacaq. Sizin vəzifəniz tərbiyə etməkdir, ancaq qəlbini qırmadan, incitmədən, küsdürmədən... Nə edirsiniz-edin, onu küsdürməyin, kiminləsə müqayisə edib, qəlbini qırmayın. Onun qəlbi hələ ləkə nədir bilmir. Hələ qar kimi ağappaq, tərtəmizdir və adi bir söz də orada dərin yaralar aça bilər...