"Mən evin kiçiyi olmuşam. Evdə hər şeyə çox fikir verirdim. İstəmirdim evdə söz-söhbət olsun. Bir ara çətin vaxtlar var idi. Olurdu ki, hərdən ata anam mübahisə edirdilər. Mən necə fikir edirdim onu bir Allah bilir, bir də mən. Bir nəfər dava edən kimi gedib dururdum ortalarında və ağlayırdım. Bəlkə bu mənim psixikama təsir edib, çünki əsəbiyəm. Hər şeyə tez reaksiya verirəm. Mən həmişə böyümək istəmişəm, indi də uşaqlığıma qayıtmaq, uşaq olmaq istəmirəm."
Bu sətirlər istifadəçimiz BAHAR83 -ün "Qızım böyüdü " yazısına şərhindəndir. Bu etiraf məni illərlə düşündürən bir məsələ haqqında yazmağa vadar etdi. Vaxtilə mənim uşaqlarla işləməyim, sinif rəhbəri kimi valideynlərlə sıx ünsiyyətim imkan verib ki, ailədaxili münaqişələrin, mübahisələrin uşağın psixikasına, şüuruna göstərdiyi təsiri əyani surətdə müşahidə edim. Biz bir valideyn olaraq, çox vaxt övladlarımız qarşisında borcumuzu onları yaxşı yedirtməkdə, geyindirməkdə, onların istəklərini yerinə yetirməkdə, bir sözlə onları "istidən-soyuqdan" qorumaqda görürük. Lakin ailə içindəki ən kiçik bir narazılığın, söz-söhbətin uşağın mənəviyyatına vurduğu zərərin fərqinə varmırıq. Uşaqlar çox həssas varlıqdır. Onlar ətrafda baş verənləri maqnit kimi beyinlərinə yığırlar. Əgər biz uşaqlarımızın ona aid olmayan şeylər haqqında düşünməyini istəmiriksə, onların yanında hər hərəkətimizə, dediyimiz hər sözə fikir verməliyik. Bizim ailədə bu qaydalara ciddi əməl olunub. Övladlarımızı hər cür söz-söhbətdən uzaq tutaraq, onların sağlam düşüncəli yetişmələri üçün əlimizdən gələni etmişik. Nə qədər çətinliklər, narazılıqlar olsa da biz bunu uşaqlara hiss etdirməmişik.
Siz necə, əziz Qadın.Net anaları, övladlarınızı ailədaxili söz-söhbətdən, narazılıqlardan qoruya bilirsinizmi?
Unutmayaq ki, uşaqlarımızın xoşbəxt gələcəyi onların sağlam düşüncəli böyüməsindən daha çox asılıdır!