Qadin.NET / Uşaqların sosial-psixoloji inkişafı-10

Uşaqların sosial-psixoloji inkişafı-10

Uşaqların sosial-psixoloji inkişafı-10

V Fəsil

Uşaq təlimi

Uşaq şəxsiyyətinin inkişafında təlim‐tərbiyə həlledici rola malikdir.

Çünki təlim‐tərbiyə prosesində uşağın inkişafı müəyyən məqsədə müvafiq olaraq plan, proqram əsasında təşkil olunur və ona rəhbərlik edilir. Bunun sayəsində də uşaqda istənilən keyfiyyət sürətlə inkişaf etdirilir; uşaq tarix boyu bəşər cəmiyyəti tərəfindən qazanılmış biliklərə yiyələnir, özündə insani keyfiyyətləri formalaşdırır. Beləliklə, uşağın təlim‐tərbiyədən kənarda inkişafı kor‐təbii, pərakəndə halda gedir ki, bu da bəşər cəmiyyətinin tələblərini təmin etmir.

Bu deyilənlərdən aydın olur ki, uşağın hərtərəfli, düzgün və sürətlə inkişafı təlimdən kənarda mümkün deyildir. Ona görə də şəxsiyyətin inkişafında təlimin oynadığı rol psixoloqların diqqətini xüsusi olaraq cəlb edir. Hazırda təlim və inkişaf problemi ətrafında dünya psixoloqlarının fikirlərini müəyyən qruplarda birləşdirmək mümkündür. Görkəmli İsveçrə psixoloqu J. Piajenin fikrincə inkişaf özünün daxili qanunlarına malikdir.

O, ənənəvi təlimin səmərəsi ilə uşağın müstəqil əqli inkişafı arasında aydın sədd çəkir. J. Piajeyə görə, təlimin tənzim edilməsi üçün məhz inkişafın səviyyəsi əsas götürülməlidir. Beləliklə, o, təlimin inkişafetdirici təsirini kölgədə buraxır. Amerikan psixoloqu C. Brunerin fikrincə isə hər cür əqli inkişafın əsasında yalnız təlim olur. C. Brunerə görə, əqli inkişaf dərin biliyə və ümumiləşdirmə bacarığına yiyələnməkdən ibarətdir. L. S. Vıqotskinin “təlim həmişə inkişafdan qabaqda gedir və onu da öz arxasınca aparır” müddəasına əsaslanan sovet psixoloqları inkişafetdirici təlimin mahiyyətini açmağa çalışmışlar. Burada uşaqların mənimsəmə imkanlarının

aşkara çıxarılması mühüm yer tutur.

Sağlam uşaq böyütmək üçün beş əsas ehtiyac qarşılanmalıdır: Uşağı sevmək onu nə qədər sevdiyini təkrarlamaq demək deyil. Sağlam uşaq böyütmək üçün beş əsas ehtiyac var: 1. Sən varsan, 2. Sən önəmlisən, 3. Sənə inanırıq, 4.Səni sevirik, 5. Səni bəsləyir və qoruyuruq. Ata‐ananın ilk vəzifəsi bu ehtiyacları vaxtında, sözləri, davranışları ilə və yerli‐yerində yerinə yetirməkdir. Əks təqdirdə,

uşaq normal olmayan bir şəxs kimi böyüyər. 

Uşaqların sosial-psixoloji inkişafı-10

Uşaq tərbiyəsində təlim nümunələri

İki yaşlı uşaq öz gözünü, qulağını, burnunu, dişlərini, dilini bilməli, ailə üzvlərini: ata, ana, baba, nənə, qardaş, bacını tanımalı, suyun isti və ya soyuq olmasını ayırmalıdır. Üç yaşlı uşaq əşyaları rənglərinə görə bir‐birindən fərqləndirməli, gün ərzində “niyə?”, “nə üçün?”, “hara?” sualları ilə valideynlərinə müraciət etməlidir. İntellekti inkişaf etdirən oyunlara həvəs və maraq göstərməli, müxtəlif şəkillər göstərdikdə onları ayırmalıdır. Məsələn, “bu topdur, bu dovşandır” deməyi bacarmalı, sadə cümlələri asanlıqla söyləməlidir. Bu

yaş dövründə uşaqların nitq inkişafında pəltəklik, disloliya, şirindillilik halları olur. Dörd yaşlı uşaqlar özünün oğlan və qız olduğunu bilməli, rəqəmlər haqqında təsəvvürə malik olmalıdırlar: İki xəttin hansının uzun, hansının qısa olduğunu ayırd etməyi bacarmalı, dördbucaq, dairə şəkillərini tanımalıdır. Ona iki cisim verdikdə onların hansının ağır və hansının yüngül olduğunu müəyyən etməlidir.

“Atam məni parka apardı. Mən orada maşına, gəmiyə mindim, yelləncəkdə yelləndim” kimi böyük cümlələrlə fikrini çatdırmağa çalışmalıdır. Süfrə arxasında sərbəst oturmalı, gün ərzində onu maraqlandıran və ya düşündürən 100‐150‐yə yaxın suallarla ata‐anasına müraciət etməli, sərbəst halda öz yatağında yatmalıdır. Əqli imkanlarını artıran dama, şahmat, konstruktor‐quraşdırma oyunlarına maraq göstərməlidir. Əqli bacarıqlarını şeir, mahnı, rəqs yaradıcılığı baxımından nümayiş etdirməlidir. Uşağın kollektiv (bağçada, toyda, şənlikşənlikdə) arasında olarkən özünü sərbəst apara bilməsi müəyyən olunmalıdır. 

Uşaqların sosial-psixoloji inkişafı-10

Beş yaşlı uşaqlar: səhər və günortanı təyin etməli, iki şəkildən hansının gözəl olduğunu ayırd edə bilməlidir. Uşaq sol əli ilə sağ qulağını göstərə bilməlidir. İntellektual oyunlardan olan dama, şahmat, domino oyun fiqurlarının  düzülüşünü və oynanılmasını göstərməlidir. Günəşin və Ayın hansı istiqamətdən çıxdığını və batdığını, tərəvəz, yeyinti və şirniyyat məhsullarının adlarını bilməlidir. Uşaq divar və qol saatlarında zamanı öyrənməyə maraq göstərməli, ildə neçə ay və neçə fəsil olduğunu deməlidir. 4 rəngi bir‐birindən ayırmalıdır. Yaxın qohumların adlarını və özlərini tanımalıdır: baba, nənə, bibi, xala, əmi, dayı və s. Uşaq yazı stolunun arxasında əyləşib şəkillər çəkməyə maraq və həvəs göstərməlidir. Hər səhər yataqdan qalxıb, bəzi idman hərəkətlərini yerinə yetirməlidir.

Altı yaşlı uşaqlar sadə cümlələr qurmaqla yanaşı, söz ehtiyatlarını artırmalıdırlar. Yazı stolunun arxasında əyləşib yaradıcılıq qabiliyyətini inkişaf etdirən plastilin, rəsm şəkilləri çəkməyi bacarmalı və yaşına uyğun olan maraqlı işlər görməlidir. Eyni zamanda, yazı stolunun arxasında düzgün əyləşməyə vərdiş etməlidir. Uşaq kollektivdə olarkən onun kollektivə tez və yaxud gec uyğunlaşması (ünsiyyət yaratması) müəyyən olunmalıdır. O, kollektiv haqqında olan təəssüratını söyləməlidir. Uşağın davranış və ünsiyyət forması kollektiv

arasında uşaqlara əks təsir yaradırsa, uşaqda yaranmış mənfi hallar tez bir zamanda müəllim, tərbiyəçi, valideyn və yaxud psixoloq vasitəsilə aradan qaldırılmalıdır. Uşaq kollektiv içərisində olarkən onun dinamikliyi, fəallığı görünməklə yanaşı, introverd qrupa şamil olunması müəyyən edilməlidir.Uşaqların əşyalara və hadisələrə qarşı olan psixoloji emosionallıqları üzə çıxmalı, uşaqlarda intellektin inkişafı ilə əlaqədar hesablama qabiliyyətləri öyrənilməli, onların incəsənətə olan marağı artmalıdır.

Hüseyn Xəlilov

21 sentyabr 2014
GO BACK