Qadin.NET / Kompüter və hamiləlik

Kompüter və hamiləlik

Kompüterdən uzunmüddətli istifadə ana bətnindəki körpəyə təsir edə bilərmi? Cavabı sadədir: kompüter ionlaşdırıcı radiasiyaya malik deyil və bu səbəblə də canlı toxumalara zərər verə biləcək təsirinin olması nəzəri baxımdan mümkün görünmür.

Digər  tərəfdən, hamiləlik qadından bütün fiziki və mənəvi gücünün səfərbər olmasını tələb edir. Belə şərtlərdə kompüterin sağlamlığa vurduğu neqativ aspektlər öz təsirini artırır.

Hamiləlik zamanı qan dövranında həm də gözlərə təsir edən dəyişikliklər baş verir. Monitorun təsirindən hamilə ananın gözləri ciddi sınağa məruz qalır.

Gün ərzində çox oturmaq (həmçinin kompüter qarşısında çox oturmaq da buna daxildir) aşağı ətrafda qan dövranının azalmasına səbəb olur. Bütün orqanlarda, həmçinin uşaqlıqda qan dövranı pisləşir, maddələr mübadiləsi çətinləşir. Bu isə hamiləlikdə ana bətnində olan körpəyə qanın az işləməsi deməkdir ki, bunun da nəticəsində hipoksiya (oksigen çatışmazlığı) baş verə bilər.

Kompüterdə işləyərkən istər-istəməz uzun müddət oturaq vəziyyətdə olmaq babasilin yaranmasına risk yaradan amillərdən biridir. Əgər hamilə ana kompüterdə çox işləyirsə, babasilin yaranması və ya kəskinləşməsi qaçılmaz olur. Bu da doğuş zamanı ana üçün əlavə çətinliklər yaradır.

Hamiləlik zamanı çəkinin artması onurğa sütununa güc düşməsinə səbəb olur. Bununla yanaşı, hamilələrdə tez-tez kalsium çatışmazlığı olur. Bütün bu amillərlə yanaşı, kompüterdə işləyən zaman düzgün oturmamaq əsasən də hamiləliyin son həftələrində osteoxondroz və onurğanın digər xəstəliklərinin yaranmasına gətirib çıxara bilər.

Hamiləliyin normal gedişatı və körpənin sağlam doğulması üçün gələcək ananın psixoloji cəhətdən rahat olması, həyəcan keçirməməsi və stresdən uzaq olması əsas amillərdən biridir. Kompüterdə işləmək isə sizin həyatınıza gərginlik əlavə edir.

 

Bütün bunlar hamiləliyə və körpəyə təsir edə bilər. Bəs nə etməli?

Birinci növbədə hamiləliyin ilk həftələrindən etibarən həkim nəzarətindən keçmək lazımdır. O, sizdəki neqativ dəyişiklikləri təyin edə və lazımi müalicəni apara bilər. Əgər hamilə ana kompüterdə işləməyə məcburdursa (və ya kompüterdəki oyunlardan əl çəkə bilmirsə), kompüterdə təhlükəsiz işləmək üçün lazım olan qaydalara əməl etməlidir.

İş yerində kompüterin yerini düzgün müəyyənləşdirmək və düzgün oturmaq lazımdır. Balanslı qidalanmaya fikir verilməlidir.

Özünüzə rahat kreslo seçin. Monitor gözlərdən ən azı 50-60 santimetr aralı olmalıdır. Mümkün qədər kompüter arxasında az oturun. Hər saatdan bir 15 dəqiqəlik fasilə verin. Bu fasilələr zamanı ayağa durun, dartının, gəzişin, bir neçə yüngül hərəkət edin (başınızı sağa-sola döndərin, barmaqlarınızı hərəkət etdirin). Otaqdan çıxın, təmiz hava alın. İş zamanı isə hər 10-15 dəqiqədən bir oturduğunuz vəziyyəti dəyişin, çiyinlərinizi, ayaqlarınızı, başınızı hərəkət etdirin.

İşdən evə dönən kimi ev işlərinə əl atmayın, bir az uzanıb dincəlin. Ev işlərində kömək etmək istəyən olsa, etiraz etməyin. Dincəlmək üçün bütün fürsətlərdən istifadə edin, doyunca yatın.

 

 

 
21 avqust 2011
GO BACK