Qadin.NET / Səidəmin dünyaya gəlişi

Səidəmin dünyaya gəlişi

Səidəmin dünyaya gəlişi
Əziz xanımlar,mən buradakı məqalələri oxuyaraq qərara gəldim ki,mən də ilk övladım olan Səidənin dünyaya gəlişindən yazım. Bu duyğunu yalnız mənim kimi hamilə qalanlar, uşaq dünyaya gətirənlər bilər. Həmişə anam deyərdi ki, "sən də ana olanda məni yaxşı başa düşəcəksən". Mən isə,ona çox önəm verməzdim. Amma qızımı ilk qucağıma aldığımda anamın nə demək istədiyini çox yaxşı anladım.

Evliliyimdən 2 ay sonra hamilə qaldığımı öyrəndim. Hamilə qaldığımı öyrənəndə sevincimdən bilmirdim nə edim. Ən birinci anama dedim. Sonra həmin günün axşamı yoldaşıma dedim. Yoldaşım o qədər sevincli idi ki, məni qucağına alıb fırlanmağa başladı (filmlərdəki kimi). Yoldaşım hamilə olduğuma o qədər sevinmişdi ki, məni heç bir iş görməyə qoymurdu. Hətta paltarları da o yuyurdu. Arada bir anam bizə gəlirdi. Yoldaşım indidən hazırlıqlara başlamışdı. Hətta mənə xəstəxanada lazım olacaq lavazimatları da almışdı. Başa sala bilmirdim ki, hələ doğuma 9 ay var.

Biz uşağın cinsiyyətini öyrənmək üçün həkimə getdikdə sağlam bir qız uşağı dünyaya gətirəcəyimi öyrəndim. Adına indidən qərar verməyə çalışırdıq, amma qərar verə bilmirdik. Ağlımızda o qədər ad var idi ki... Mən hamiləliyimi elə də rahat keçirtmirdim. Balaca dəcəl qızım yerində rahat dayanmırdı. Arada bir keçici sancılarım olurdu və çox gəzə  bilmirdim. Ayaqlarım azacıq şişmişdi. Ən pisi də paltarlarımın əynimə olmaması idi. Bəzən elə anlar olurdu ki, heç nəyin üstündə oturub ağlayırdım. Hətta bir dəfə yoldaşımı romantik filmə baxdığı üçün evdən qovmuşdum. winked Bizi güclə anam barışdırmışdı. 

Səidəmin dünyaya gəlişi
Həkimlər məndən hansı əməliyyat növünü istədiyimi soruşmuşdular. Əslində, mən doğumdan çox qorxurdum. İstədim qeysəriyyə əməliyyatı olunum, amma sonra fikrimi dəyişdirdim. Fikirləşdim ki, qoy uşağım tam vaxtında anadan olsun. Əgər qeysəriyyə əməliyyatı ilə anadan olsa, körpəm bəlkə də, tam inkşaf etməmiş anadan olacaq. Ona görə də normal doğuşu seçdim.

İyunun 25-i idi. Nəhayət, vaxt gəlib çatdı. Düzünü desəm, vaxtı idi, amma sancılar gözləmədiyim anda başladı. Yoldaşımın əli ayağına dolaşdı. Məni tez xəstəxanaya çatdırdı. Mən çox qorxurdum. Həkim yoldaşımın yanımda olmasına icazə verdi. Mən əməliyyat masasına uzandım və saat 15:25-də qızım dünyaya gəldi. Məni sevincimdən ağlamaq tutdu. Həkimlər qızımı qucağıma verdilər. O an özümü dünyanın ən xoşbəxt adamı zənn etdim. Məni 5 gündən sonra evə buraxdılar.

Qızım çox dəcəl idi. Gecələr həm özü yatmır, həm də qoymurdu ki biz yataq. Hələ diş çıxartdığı, xəstələndiyi vaxtları demirəm. Amma bütün çətinliklərə baxmayaraq ana olmaq möcüzəvi bir şeydir.

Allah hamıya ana olmağı nəsib etsin!


13 iyul 2013
GO BACK