Qadin.NET / Talesiz gözəl...

Talesiz gözəl...

Talesiz gözəl...

Cin Siberq (Jean Seberg) - fransız yeni dalğasının hüzünlü üzünün qısa hekayəsi.

 

Həyatı və ölümü Merlin Monro ilə bənzərlik təşkil etsə də onun qədər diqqət çəkməyib. Cin Seberq 1938-ciildə Amerikada, Ayova ştatında doğulub. Amerikada doğulsa da kariyerasının böyük bir qismi Fransa ilə bağlıdı. Rejissor Otto Preminger tərəfindən kəşf ediləndə 17 yaşında idi. Bernard Şounun "Müqəddəs Coan" kitabından uyğunlaşdırılan filimdə və Janna Darkı canlandırdığı üçün ona Müqəddəs Cin deməyə başladılar. Siberqin uğurları daha çox Fransa və fransız yeni dalğası təmsilçisi rejissorlardan biri Jan Lyuk Qodarla bağlı idi. Qodar kinemotoqrafiyasında Anna Karindən sonra ağla gələn ikinci aktrisa Siberq idi.

 

 

1957-ci ildə Cin Siberq fransız yazıçı Romen Qari ilə tanış oldu. Aktrisanın daha əvvəl fransız vəkil François Moril ilə qısa bir evliliyi olmuşdu. Bu evlilik 15 ay çəkmişdi. Tanış olduqları zaman Siberq 21, Gary isə 45 yaşında idi. Cütlük 1962ci ildə evləndi və elə həmin il oğulları dünyaya gəldi.

 

 

Romen Qari Fransanın ən güclü qələmlərindən biri idi. "Çərpələnglər", "Qadının İşığı", "Yalan Roman", "Üfüqdə Verilmiş Sözüm Vardı" kimi 30 dan çox romanının bir qismini Emil Ajar adı ilə yazmışdı. Bununla da bütün dünyanı aldatmışdı. Bir yazıya yalnız bircə dəfə verilən Qonkur mükafatını iki dəfə almışdı. Bir dəfə Qari kimi, bir dəfə isə Ajar kimi. Bunu ancaq ölümündən əvvəl yazdığı məktubda "çox əyləndim" deyə etiraf etmişdi.

 Talesiz gözəl...

Cütlük bir-birini sevirdi və xoşbəxt idilər. Ancaq fikir ayrılıqları var idi. Cin puritan idi. Haqsızlıq və əzab qarşısında səlib yürüşünə çıxmış kimi davranırdı. Saysız-hesabsız it, pişiyə baxır, evini hippilərə, evsizlərə və dilənçilərə açır və bütün ruhu və bədəni ilə irqçiliklə mübarizə aparırdı. Əri isə onun bu idealizmini uşaqlıq hesab edirdi. Ağların qaralar qarşısındakı günahkarlığını onunla bölüşmək istəmirdi. Çarəsizcə deyirdi : "Kömək edə bilmədiyiniz, dəyişdirə bilmədiyiniz, tərk edə bilmədiyiniz bir qadını sevmək çox çətindi". Və 1969-cu ildə, tanışlıqlarından 12 il sonra ayrıldılar.

 

Qarinin narahatlıqları yersiz deyildi. Bu qısa saçlı, sarışın, gözəl qadın FTB-in (Federal Təhqiqatlar Bürosunun) diqqətini çəkmişdi. Çünki ABŞ-da qaradərililərin haqqları üçün silahlı mübarizəni seçən "Qara Qaplanlar" adlı təşkilatı dəstəkləyirdi. Çe Gevaraya olan rəğbətini, sevgisini və dəstəyini açıq-aşkar göstərirdi. Jane Fonda kimi bir çox ad onları dəstəkləsə də, Sebergin özünü qorumaq üçün onlar qədər nüfuzu yox idi.

FTB-in gözlədiyi fürsət 1970-ci ildə gəldi.

Cin hamilə idi. FTB isə media vasitəsi ilə şaiyə yayırdı ki, uşağın atası "Qara Qaplan"ların üzvlərindən biridir. Qaradərili birindən uşaq doğmaq isə irqi xəyanətdir. Hələ də soyadını daşıdığı keçmiş əri Romen Qari onu qoruya bilmək üçün uşağın atası olduğunu söylədi. Amma bu addım hücumları dayandırmadı.

Talesiz gözəl...

 

Uşağın atası isə bizi tamam başqa bir hekayəyə aparır. Uşağın atasının digər bir məşhur yazar meksikalı Karlos Fuentes olduğu iddia edilir. Bu yazıçı tərəfindən heç vaxt təsdiqlənməyib. Amma FTB bunu bilirdi. 1969-cu ilin sonuna doğru tanış olmuşdular və sadəcə iki ay çəkən şəhvətli bir münasibətləri olmuşdu. Həmin vaxt Fuentes 41 yaşında sadəcə ədəbiyyata sadiq çox məşhur şair və yazar, Cin Siberq isə 31 yaşında gözəlliyinin zirvəsində bir aktrisa idi. Fuentes 1990-cı illərdə yazdığı " Yalnız Ovlanan İlahə Diana" əsərində bu münasibətlərini təfsilatı ilə yazıb. Fuentes deyir ki, Diananın hekayəsi xəyal məhsuludur, çünki bütün eşqlər kimi həyat özü də xəyaldır.

 

Qarinin Cini qoruma cəhdləri də hücumları dayandırmadı. Bu sıxıntılarla Cin Cenevrə xəstəxanasında yeddi aylıq bir qız dünyaya gətirdi. Ancaq Nina sadəcə iki gün yaşadı. Ürəyi nifrətlə dolu ana mətbuat konfransı təşkil etdi. Oraya şüşə bir tabuta qoyduğu körpəsinin cansız bədəni ilə gəldi. Mətbuat nümayəndələri onu gözləri ilə gördülər. Körpə qaradərili deyildi.

Bu faciəvi hadisədən sonra Siberq kariyerasına və şəxsi həyatına davam etdi. Rejissor Denis Berri ilə evləndi. Bu evlilik davam etmədi. Bir müddət Əlcəzairli Əməd Həsni ilə birlikdə olsa da, bu münasibət zorakılıq səbəbi ilə bitdi.

 

Talesiz gözəl...

Başına gələn bu faciəli hadisə onu toparlanmağa qoymurdu. O hər il qızının doğum günündə intihar cəhdi edirdi. 1978-ci ildə Paris metrosunda qatarın altına atılmağa cəhd etdi. 1979-cu ilin sentyabr ayında isə şəhər kənarında bir maşında adyala bürünmüş cansız bədəni tapıldı. Yanında boş bir yuxu dərmanı qutusu və bir intihar məktubu var idi. Qaridən olan 17 yaşlı oğluna yazırdı: "Bağışla məni oğlum, Mən daha belə yaşaya bilmirəm. Məni bağışlayacağını bilirəm. Məni anlayacaq qədər ağıllı oğlansan"

 

Qəribədir ki, məsləkdaşı Merlin Monro kimi onun da ölümünə səbəb bir ovuc dərman olmuşdu və ikisinin də üzərində FTB-in kölgəsi var idi.

 

Keçmiş həyat yoldaşı və oğlunun atası Romen Qari bu ölümdə özünü günahladırdı və bu ölümlə barışa bilmədi. Qısa müddət sonra 1980-ci ilin dekabrında ağzına dayadığı bir revolverin tətiyinə basdı və yaşamını sonlandırdı. Ölümündən beş gün əvvəl yazdığı və qəzetdə yayımladığı yazısında "məni pis tanımırsınız, məni heç tanımırsınız" yazmışdı.

Arzu Məmmədova

 

16 noyabr 2017
GO BACK