Qadin.NET / Beynimizin "heykəlləşməsi"

Beynimizin "heykəlləşməsi"

Beynimizin "heykəlləşməsi"

Dünən axşamüstü bir şeyi çox düşündüm. Son vaxtlar nədənsə ətrafımda baş verənlərə iç dünyamın sakinləri tez təpki göstərir. Dünənkilərə də həmən münasibətlərini bildirdilər. Yolboyu məni bu real dünyadan ayrımağı bacardılar. Onların istəklərinə cavab verməsəm inanın, məni Avropa İnsan Haqqları məhkəməsinə də şikayət edə bilərlər. Gülməyin, doğrudan da, edə bilərlər. Siz elə bilirsiniz onlar cahildiy? Yox, canım, onlar məndən də ağıllı, savadlı, demokratikdilər. Elə olmasaydılar, məni idarə edə bilməzdilər (buna idarə yox, yönləndirmək desək, daha doğru olar).

Dünən iç dünyamın gündəmini zəbt edən o idi ki, mühit insanlara necə təsir edir? Mən bizim gənclərdən çox şey gözləyirdim. Fikirləşirdim ki, bizim gənclərin şəxsiyyət prinsipləri sırasında ən ön sıralarda demokratiya, dürüstlük olacaq. Ən azı dünyada söz azadlığı, demokratiya deyə bir şeyin olduğundan xəbərdar olmalıdırlar.

Xəbərdar olmalarında da problemlər olur. Ən böyük insan haqqlarının pozulması onların informasiya azadlığının boğulmasıdır. Amma nə də olsa, bu gün ətrafda baş verənləri, olub keçənləri izləmək üçün onlara çox da geniş vasitələr sunulmasa da, ən azından internet var. Amma internet də bizim təfəkkürü dəyişə bilmir. Axı yazıq internetdə də günah görmək olmaz. Gənclər internetlə tanış olana qədər mühit, ailə, cəmiyyət bunların beyinlərini elə yoğurub başqa formada heykəlləşdirir, daşlaşdırırlar ki, Allah bu günə kimi bu daşlaşmanı köklü deformasiyaya uğratmaq üçün nəyisə kəşf etmək xoşbəxtliyini heç bir bəndəsinə bəxş etməyib. Heykəlləşdirmək, daşlaşdırmaq və dəyişməmək bizim ana prinsiplərimidən biridir. Bizim insanların heykələ bu qədər güclü marağı olduğunu bir il olar kəşf etmişəm. Keçən il orta məktəbdə uşaqlara sual verdim ki, kim harada heykəlinin qoyulmasını istəyir? Uşaqlardan biri dedi ki, sualı başqa cür qoyun, kim istəməz ki, şəhərin mərkəzində heykəli qoyulmasın? O zaman özüm üçün əmin oldum ki, gələcəkdə Xəzərin bir hissəsini qurudub yerində heykəllər ucaldılmış olsa, qeybdən məndə də Zirəddinin “istedadından” pay verildiyini bilərsiniz. 

Beynimizin "heykəlləşməsi"

İndi bizim gənclər başqa cürdür. Mühit onların beynini elə daşlaşdırıb ki, onun təsirindən kənara çıxa bilmirlər. İnkarı inkar qanunu cəmiyyətimizdə itir sanki. Əgər bugünkü nəsil əvvəlkini inkar edə bilmirsə, deməli, hər hansı inkişaf yoxdur. Obrazlı desək, gəclər yaşlı nəsli inkar etmirsə, deməli, gənclik funksiyasını itiriblər. Amma bizdə heç "inkişaf" yoxdur demək olmaz. Biz mini ətək geyinib nənəmizi inkar etmiş oluruq. Lakin mini ətək geyinib metroda oturan qızımız başlayır ətəyini aşağı çəkməyə. Onun özünü oxşatdığı fransız qadın isə mini ətəklə oturanda əksinə ayağını ayağının üstünə aşırır, damağına da bir siqret qoyur. Mən bu inkaretməni nəzərdə tutmuram. Mən mini ətək geyinən qızlara qarşı deyiləm. Amma mahiyyətcə də təzahür tamamlanmalıdır. Bugünkü gənclərimizin əksəriyyətində demokratiya, fikrə hörmət, ən əsası isə dürüstlük mənim dediyim, mənim istədiyim olsun prinsipindən arxada qalıb. İndi əminəm ki, içinizdə bir sual yaranıb ki, bəs sən guya demokratiyanın ana vətəni olan Amerikada böyümüsən? Yox, kim dedi ki, mən sizdən fərqliyəm. Mən də sizin birinizəm. Amma istisnalar qaydanı pozmaz. Əminəm ki, bu yazını oxuyan hər kəs özünü istisna hesab edəcək.  smile

Zənnimcə, bunları ən azı fərq etmək üçün gözümü açandan atamın "çestni olun" sözünün təsiri olmamış deyil.

P.S: Gəncləri qınadım, özümü gəncləri bəyənməyən boşboğaz yaşlı kimi hiss etdim. smile Amma bu yazdıqlarım yalnız bü gün gördüklərimin təssüratlarıdır.

3 fevral 2016
GO BACK