Qadin.NET / Ailə nədir?

Ailə nədir?

Sinifli cəmiyyətin yaranması ilə monoqam ailə münasibətləri də yaranmışdır. Bu baxımdan da ailə cəmiyyətin mühüm təsisatlarından biridir. O, bir çox ictimai elmlərin tədqiqat obyektidir.

Ailə - nigah və ya qan qohumluğuna əsaslanan, məişət ümumiliyi və qarşılıqlı mənəvi məsuliyyətlə bağlı olan kiçik sosial birlikdir. O, hər bir cəmiyyətin sosial strukturunun mühüm komponenti olub, çoxlu sosial funksiyalar yerinə yetirməklə həmin cəmiyyətin inkişafında mühüm rol oynayır.Nigah ailənin hüquqi əsasıdır. O, qadınla kişi arasında rəsmi qaydada bağlanılan müqavilədir.

 İnsan ailədə dünyaya gəlir, onun vasitəsilə uşaqların ilkin sosiallaşması və tərbiyə edilməsi başlayır. Həmiçinin böyüyə hörmət və qayğı göstərmək vəzifəsi ailədə reallaşır. Ailənin əsası cəmiyyət tərəfindən bu və ya digər formada müəyyən edilmiş kişi ilə qadın arasında nigah ittifaqıdır. Nigah kişi ilə qadın arasında, valideynlərlə uşaqlar arasında münasibətləri qəti müəyyənləşdirir, müəyyən normalara salır, bununla da ona sosial təsisat xarakteri verir. Ailəyə kiçik sosial qrup kimi də baxmaq olar. Ailənin mahiyyəti onun qurluşunda, formalarında, funksiyalarında və bir də ailə üzvlərinin ailədə rolunda ifadə olunur.

Ailə nədir?

 Ailənin funksiyaları bir tərəfdən ailə cəmiyyət, digər tərəfdən ailə şəxsiyyət qarşılıqlı təsiri sistemini əks etdirir. Cəmiyyətin sosial təsisat kimi ailəyə olan tələbləri təkamül nəticəsində dəyişir və bunun müqabilində onun funksiyaları da fərqlənirlər. Müasir ailənin yerinə yetirdiyi funksiyalar aşağıdakılardır:

1.Nəsil artırma;

2.Tərbiyəetmə;

3.Təsərrüfat iqtisadi;

4.Rekreativ (qarşılıqlı kömək, sağlamlığın qorunması və s.);

5.Kommunikativ (əlaqə, ünsiyyət);

6.Tənzimləyici (ailədə ilkin sosial nəzarət);

7.Yaşlı nəslə qayğı.

          Ailənin quruluşu dedikdə onun üzvləri arasında münasibətlərin mənəvi, əxlaqi, nüfuz, hakimiyyət və s. cəmi nəzərdə tutulur. Ailələri 1.avtoritar və 2.demokratik quruluşlara bölürlər. Tabeçilik münasibəti olan ailələr avtoritar, hər kəsin şəxsi rollarına görə vəzifələrinin bölündüyü ailələr isə demokratik ailələrdir.

Ailələrin formaları dedikdə isə onların nigih tipləri başa düşülür. Müasir cəmiyyətdə əsasən monoqam (ər arvad arasında) ailələrə təsadüf edilir. Bundan başqa poliqam ailələrə də rast gəlinir.

Hər bir ailənin daşıdığı rola görə münasibətləri dedikdə, həmin ailə üzvlərinin bir-birinə qarşı norma və münasibətlərinin məcmusu nəzərdə tutulur. Qadının uşaq tərbiyə etməklə, ev işləri ilə məşğul olduğu, kişinin rəhbər olub, mülkiyyətin təkbaşına sahibi, təminatçısı olduğu monoqam ailədə patriarxal ailə münasibətləri dəyişir, demokratik ailə münasibətləri müasir həyat tərzinin əsasını təşkil edir.

 Ailə sosial təsisat kimi cəmiyyətin yaranması ilə eyni vaxta meydana gəlmiş və onlar arasında münasibətlərə qəbilə tayfa adətləri nəzarət etmişdir.

Ailə əsasən aşağıdakı mərhələlərdən keçir:

1) İlk nigahın bağlanması ailənin yaranması.

2) İlk uşağın dünyaya gəlməsi.

 3) Axırıncı uşağın dünyaya gəlməsi.

4) Boş yuva uşaqların böyüyüb yeni ailə qurması.

 5) Ailənin mövcudluğunun sonu ailə başçılarından birinin vəfatı.

Ailə tərbiyəsi geniş imkanlara malikdir. O, ünsiyyət əmək və şəxsi nümunə, davranışın qiymətləndirilməsi, mükafatlandırma və cəzalandırma kimi təsir formalarından istifadə edir. Ailə ünsiyyəti uşaqların intellektual qabiliyyətinin stimullaşdırılmasında böyük rol oynayır. Sosioloji tədqiqat göstərir ki ailə tərbiyəsinin səmərəliliyi onun tərkibindən (bütöv və ya yarımçıq olmasından), mənəvi-psixoloji iqlimindən, sosial istiqamətindən, valideynlərin şəxsi nümunəsi və nüfuzundan, onların ümumi və pedoqoji mədəniyyətindən, uşaqlarla ünsiyyətin xarakterindən asılıdır.

Ailənin formalaşması və fəaliyyət göstərməsinə spesifik şərait (yaşayış yeri, sosial-sinfi və milli mənsubiyyət, maddi vəziyyət, ailə üzvlərinin təhsil, mədəni səviyyəsi, ailənin mənəvi və iqtisadi əsası) təsir göstərir.

28 sentyabr 2012
GO BACK