Qadin.NET / İmanın əsasları-11

İmanın əsasları-11

 

Ad və sifətlərin tövhidi

Müqəddimə

Allahın ad və sifətlərinə iman gətirmək və bunların müsəlmanın davranışına təsiri

Allahın ad və sifətlərinə iman gətirməyin müsəlmana və onun Rəbbinə etdiyi ibadətə çox böyük müsbət təsiri vardır. Bu iman müsəlmanın qəlbində, Allaha təvəkkül edib, Ona güvənmək, yalnız Allahın razı qalacağı əməllər barəsində düşünərək bədən üzvlərini, qəlbinin düşüncələrini və ürəyinin səsini qorumaq, Allah üçün sevmək, Onu eşitmək və görmək, habelə Allahdan diləmək və Onun barəsində gözəl zəndə olmaq kimi dərin mənalar buraxır. Bu mənalar insanlar arasında fərqli şəkildə həm zahiri, həm də batini ibadətlərin artmasına səbəb olur. Bu Allahın lütfüdür və O bu lütfünü istədiyinə verir. Misal üçün, Allahın “əl-Ğaffər”, yəni bağışlayan adının insanın Onu sevməsinə və Onun mərhəmətindən ümidini üzməməsinə böyük təsiri vardır. Onun “Şədidul-iqab”, yəni şiddətli əzab verən adının da insanın Allahdan qorxub ona qarşı günah işlətməyə cürət etməməsinə böyük təsiri vardır. Bu minvalla hər bir ad və sifətin mənalarının müvafiq olaraq insanın davranışına, onun Allahın qanunlarına riayət etməsinə və Onu sevməsinə bilavasitə müsbət təsiri vardır.

Allah sevgisi də müsəlmanın dünya və axirət səadətinə nail olmasına və böyük bir xeyrə çatmasına gətirib çıxarır. Həmçinin, Allah

sevgisi qulun öz Rəbbinə mükəmməl şəkildə ibadət etməsi üçün ən böyük yardımdır və o hər bir xeyir qapısının açarıdır. Belə ki, zahiri

əməllər, qəlbdə olan Allah sevgisinə uyğun olaraq insanın nəfsinə ya yüngül, ya da ağır gəlir. Müsəlmanın hər hansı əməli mükəmməl və Allahın istədiyi formada etməsi üçün ilk öncə Onu qəlbində sevməsi gərəkdir. Allahı sevmək üçün isə Onun ad və sifətlərini yaxşıca bilmək lazımdır. Məhz buna görə də Allaha ən çox ibadət edən insanlar, Onu ən çox sevib və ən yaxşı tanıyan peyğəmbərlər olmuşdur.

 

İmanın əsasları-11

 

 

Ad və sifətlər tövhidinin tərifi və dəlilləri

Tərifi: Ad və sifətlər tövhidi–Allah və Onun elçisinin Allaha aid isbat etdiyi bütün ad və sifətləri isbat etmək, inkar etdiklərini isə inkar

etmək, onların düzgün mənalarını, nəyə dəlalət etdiklərini, məxluqata göstərdiyi təsirini və tələblərini təsdiq etməkdir.

Onu isbat etməyin yolu: Ad və sifətlər tövhidi məsələsində düzgün mövqe onların hamısına kamil şəkildə iman gətirib, Allah və Onun rəsulunun (s.a.s) Allaha aid isbat etdiyi bütün ad və sifətləri təhrif və inkar etmədən, keyfiyyət vermədən və heç nəyə bənzətmədən əzmlə təsdiqləməyə deyilir.

Təhrif: bir şeyin mənasının dəyişdirilməsinə deyilir. Bu da iki qismə bölünür:

1) Ləfzi təhrif: Bu, kəlməyə bir və ya daha artıq hərif əlavə etmək, yaxud ondan bir və ya daha çox hərif əksiltmək, ya da sözün hərəkəsini dəyişməyə deyilir. Buna misal olaraq Uca Allahın: “Mərhəmətli Allah Ərşə ucaldı” (Ta Ha, 5) ayəsindəki “istəva”, yəni ucaldı sözünün “istəvlə”, yəni hökmü altına aldı mənasına dəyişdirilməsini göstərmək olar. “Nuniyyə” qəsidəsinin müəllifi demişdir: 

Yəhudilərin “nun”-u (1), cəhmilərin də “ləm”-i (2)

Ərşin Rəbbinin ayəsində artıq olan şeylərdir.

2) Mənəvi təhrif: Bu, bir sözün mənasını Allah və Onun rəsulunun buyurduğu mənadan qeyrisinə dəyişməyə deyilir. Buna misal “əl” sözünü qüvvət və nemət mənasına dəyişənləri göstərmək olar. Bu cür açıqlamalar batil olub, nə şəriət, nə də dil baxımından heç bir

əsasa söykənmir.

İnkar: Bu, Allahın sifətlərini inkar etməyə deyilir. Necə ki, bəziləri Allahın heç bir sifətlər vəsf olunmadığını iddia edirlər.

Təhriflə inkar arasındakı fərq ondan ibarətdir ki, təhrif dəlillərdə göstərilən düzgün mənanı inkar edib onu başqa bir səhv məna ilə əvəz etməyə, inkar isə bir sözün düzgün mənasını başqası ilə əvəz etmədən ümumiyyətlə inkar etməyə deyilir.

Keyfiyyət vermək: Bir sifətin keyfiyyətini və onun hansı formada olduğunu təyin etməyə deyilir. Bəzi yolunu azmışlar Allahın sifətlərinə keyfiyyət verərək, məsələn: “Allahın əli belədir, ucalmağı bu şəkildədir”–deyirlər. Bütün bunlar batildir, çünki Allahın sifətlərinin necəliyini Ondan savayı heç kəs bilmir. Məxluqlara gəlincə onlar bunu dərk etmək iqtidarında deyillər.

Bənzətmək: Bu, Allahın sifətlərini yaradılmışların sifətlərinə oxşatmağa deyilir. Məsələn: bəziləri iddia edirlər ki, Allah bizim kimi eşidir, yaxud Onun Üzü insanın üzü kimidir. Allah bu çür oxşatmalardan pakdır, uzaqdır.

Ümumiyyətlə, ad və sifətlər məsələsində haqq yolunu tutmaq üçün insan üç qaydaya diqqət yetirməlidir. Bunlara riayət edən kəs

bu mövzuda azmaqdan salamat qalar:

Birinci qayda: Allahın sifətlərindən hər hansı birisinin məxluqatın sifətinə oxşatmaqdan çəkinmək.

İkinci qayda: Allah və Onun rəsulunun (s.a.s) Allaha aid isbat etdikləri bütün ad və sifətlərinə Allahın böyüklüyünə və əzəmətinə layiq olan bir şəkildə iman gətirmək.

Üçüncü qayda: Allahın sifətlərini dərk etməyə cəhd göstərməmək. Çünki yaradılmışların bunu dərk etməsi qeyri-mümkündür.

Bu üç qaydaya riayət edən kəs alimlərin buyurduqları şəkildə ad və sifətlərə iman gətirmiş olar.

 

İmanın əsasları-11

 

 

Bu qaydaların dəlilləri: Allahın kitabında bu qaydaların düzgünlüyünü təsdiqləyən kifayət qədər dəlillər vardır:

Birinci qaydaya dəlillər: Allahı məxluqlara bənzətməkdən həzər etmək. Uca Allah buyurur: “Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir” (əş-Şura, 11). Ayə həm Yaradanla məxluqları istənilən şəkildə bir-birinə oxşatmaqdan çəkinməyi, həm də Allahın eşitmək və görmək sifətini isbat edir. Bu iki məsələnin ardıcıl qeyd olunması onu göstərir ki, məxluqatın əksəriyyətinin eşitmə və görmə sifətlərinə malik olmalarına baxmayaraq Allahın eşitmə və görmə sifətləri onların eyniadlı sifətlərinə əsla bənzəmir. Eşitmə və görmə sifətləri barəsində deyilənlər digər sifətlərə də şamil olunur. Uca Allah buyurur: “Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin söhbətinizi eşidir. Həqiqətən, Allah Eşidəndir, Görəndir” (Mücadələ, 1). İbn Kəsir bu ayənin təfsirində bu hədisi qeyd etmişdir: Buxari tövhid kitabında, İmam Əhməd isə Müsnəd əsərində Aişənin (r.a) belə dediyini rəvayət etmişlər: “Hər bir şeyi eşidən Allaha həmd olsun! Əri barəsində mübahisə edən qadın gəlib Peyğəmbərə (s.a.s) şikayət edərkən mən evin digər tərəfində olduğum üçün heç nə eşitmirdim. Amma Uca Allah:“Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi” ayəsini nazil etdi.” ("Təfsir İbn Kəsir", 8/60.)

Həmçinin dəlil olaraq aşağıdakı ayəni göstərmək olar: “Heç kəsi Allaha oxşatmayın” (ən-Nəhl, 74). Təbəri bu ayənin təfsirində demişdir: “Yəni Allahı heç kimə və heç nəyə bənzətməyin, Onun tayı-bərabəri yoxdur.” ("Təfsir ət-Təbəri", 7/621.)

Uca Allah buyurur: “Heç Ona oxşarını tanıyırsanmı?!” (Məryəm, 65). İbn Abbas (r.a) bu ayənin təfsirində demişdir:“Yəni Rəbbimizin oxşarını və ya bənzərini tanıyırsanmı?!” Bu qaydaya digər bir dəlil Uca Allahın bu ayəsidir: “Onun bənzəri də yoxdur” (əl-İxlas, 4). Təbəri demişdir: “Yəni onun oxşarı və Onun mislində heç bir şey yoxdur”.

 

İmanın əsasları-11

 

 

 İkinci qaydaya dəlillər: Yəni Allahın Quran və Sünnədə varid olan bütün ad və sifətlərinə iman gətirmək. Uca Allah buyurur: “Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur” (əl-Bəqərə, 255). Həmçinin buyurur: “Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi bilir” (əl-Hədid, 3). Həmçinin buyurur: “O, Özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı Bilən Allahdır.

O Mərhəmətlidir, Rəhmlidir. O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs, Pak, haqqı təsdiq edən, hər şeyi müşahidə edən, Qüdrətli, Qadir, Məğrur Allahdır. Allah onların Ona şərik qoşduqlarından ucadır. O, Xaliq, yoxdan Yaradan, Surət verən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir” (əl-Həşr, 22-24).

Sünnədən isə buna dəlil olaraq Muslimin "Səhih" əsərində Əbu Hureyradan (r.a) rəvayət etdiyi hədisi göstərmək olar. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) birimiz yatağına uzandıqda belə deməyi buyurardı: “Allahım! Yeddi qat səmanın Rəbbi, yerin Rəbbi, böyük Ərşin Rəbbi, bizim Rəbbimiz və hər şeyin Rəbbi! Toxumu və çəyirdəyi cücərdib çatladan, Tövratı, İncili və Furqanı nazil edən! Kəkilindən tutduğun (idarə etdiyin) hər bir heyvanın şərindən Sənə sığınıram. Allahım! Sən Əvvəlsən, Səndən əvvəl heç nə yoxdur. Sən Axırsan, Səndən sonra heç nə yoxdur. Sən Zahirsən, Səndən üstə heç nə yoxdur. Sən Batinsən, Səndən batində heç nə yoxdur, Borcumuzu ödə, bizi yoxsulluqdan qurtar.” ("Səhih Muslim", 2713.)

Bu mövzuya dair dəlillər o qədər çoxdur ki, onları saymaq mümkün deyildir.

Üçüncü qaydaya dəlillər: Bu, Uca Allahın sifətlərinin keyfiyyətini dərk etməyə cəhd göstərməməkdir ki, bu barədə də Uca Allah buyurur: “Allah onların gələcəyini də, keçmişini də bilir. Onların elmi isə Onu ehtiva edə bilməz!” (Taha, 110). Bəzi alimlər bu ayənin təfsiri barəsində demişlər: “İnsan şüuru səmaların və yerin Rəbbi olan Allahı dərk edə bilməz. Dərk edə bilmirsə, deməli, ona keyfiyyət də verə bilməz.” Bu qaydanı sübuta yetirən digər bir dəlil də Uca Allahın bu ayəsidir: “Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir” (əl-Ənam,103). Elm əhlindən bəziləri bu ayədən söhbət açarkən demişlər: “Bu da Allahın kamil əzəmətə malik olduğunu və hər şeydən böyük olduğunu göstərir. Çünki Allah kamil əzəmətə malik olduğu üçün dərk olunmazdır. Belə ki, bir şeyi dərk etmək görməkdən artıq bir şey sayılır. Allah isə yalnız axirətdə görünə bilər, lakin dərk oluna bilməz”.

Hər bir şüurlu insan bilməlidir ki, onun eşitməyinin və görməyinin bir həddi olduğu kimi ağlının da bir həddi vardır ki, o, bunu aşa bilməz. Allahın sifətlərinin keyfiyyəti barəsində düşünmək kimi ağılla dərk olunmaz bir şeyi dərk etməyə çalışan kəs divarın dalındakı şeyi görməyə, uzaq yerlərdəki səsləri eşitməyə çalışan kimsəyə bənzəyir.

Saleh əs-Suheymi

Abdur-Rəzzaq əl-Bədr

İbrahim ər-Ruheyli

"Quran və Sünnə işığında İslamın əsasları"

(1)-Yəhudilərə Allahdan bağışlanma diləmələri əmr olunduğu zaman onlar Allahın buyurduğu, “bizi bağışla” mənasında olan “hittə” sözündəki “tə” hərfini “nun” hərfi ilə əvəz edərək “hintə”–yəni “buğda”demişlər. Bu xüsusda Uca Allah Qurani Kərimdə buyurur: “O zaman Biz dedik: “Bu kəndə daxil olun və orada istədiyiniz yerlərdə, rahatlıqla yeyin için. Qapıdan səcdə edərək daxil olun və: “Bizi

bağışla!”–deyin ki, sizin günahlarınızı bağışlayaq”. Biz yaxşı işlər görənlərə mükafatlarını artırarıq. Zülm edənlər özlərinə deyilən sözü başqası ilə dəyişdilər. Biz də zülm edənlərə etdikləri günaha görə göydən əzab göndərdik” (əl-Bəqərə, 58-59).

(2)-Cəhmilər Uca Allahın “Mərhəmətli Allah Ərşə ucaldı” (Ta Ha, 5) ayəsindəki “istəva” yəni ucaldı sözünə “ləm” hərfini artıraraq “istəvlə”, yəni hökmü altına aldı demişlər.

19 sentyabr 2014
GO BACK