Qadin.NET / Azərbaycan dili - XX Dərs

Azərbaycan dili - XX Dərs

Feil

Əşyanın hərəkətini bildirən nitq hissəsinə feil deyilir.

Feil ərəb sözüdür. Mənası- iş, hərəkət, əməl deməkdir. Feil zəngin kateqoriyalar sisteminə malikdir.  Şəxsli və şəxssiz, təsirli və təsirsiz olur; İşin icra olunduğunu və olunmadığını bildirir. Növ şəkilçiləri qəbul edə bilir.  Müxtəlif təsrif formaları vardır: zamana, şəkil əlamətinə və şəxsə görə dəyişir. Məsdər şəkilçisi qəbul edərək hərəkətin adını bildirir. Feili sifət şəkilçiləri ilə atrubutivlik,  feili bağlama şəkilçiləri ilə adverbiallıq qazanır. Zəngin sözdüzəldicilik imkanlarına malikdir. Dilimizin milli orjinallığının qorunmasında fəal iştirak edir.

Feillərdə iş, hal, hərəkət  mənası qarışıq olur.  Lakin bu mənalardan biri həmişə üstünlük təşkil edir.  Məsələn:  Tonqallar yandı, səs-küy azaldı. Hamı evə çəkildi. Qızı da çağırdılar, qız getmədi.

Bu cümlələrdə yandı, azaldı, çəkildi sözlərində hal-vəziyyət; çağırdılar sözündə iş; getmədi sözündə isə hərəkət daha çox nəzərə çarpır.

Beləliklə, feilləri başqa nitq hissələrindən fərqləndirən əsas amil onun mənasıdır.

Feillər zəngin lüğəvi məna xüsusiyyətlərinə  malikdir və bu lüğəvi qruplara ayrılır:

 Azərbaycan dili - XX Dərs

1.      İş feilləri- şəxsin, əşyanın işini, hərəkətini, məşğuliyyətini bildirir. İş feillərinin ifadə etdiyi işin icrası nəticəsində ciddi dəyişikliklər olur. İş feillərinə bunları misal gətirmək olar: sökmək, tikmək, qazmaq, uçurmaq, dağıtmaq, əymək, bükmək və s. İş fellərinin əksəriyyəti təsirli olur.

 

2.      Hərəkət feilləri: Bu qrupa daxil olan feillər insanın, əşyanın, canlı və cansızların hərəkətini bildirir: getmək, gəlmək, oynamaq, yerimək, sürüşmək, fırlanmaq, dönmək və s.
3.      Nitq feilləri: Bu qrupa daxil olan sözlər insanların nitq fəaliyyəti başqa canlı və cansız varlıqların nitqləndirilməsi ilə bağlı olan sözlərdir: danışmaq, demək, söyləmək, qışqırmaq, nərildəmək, kişnəmək, mələmək, özünü öymək, qaqqıldamaq, ulamaq və s.
4.      Təfəkkür feilləri: İnsanın ağıl, düşüncə, təfəkkür tərzi ilə bağlı işlənən  lüğəvi sözlərdir. Başqa canlı və cansız varləqlar da şəxsləndirildikdə onlara da aid olur. Məsələn: düşünmək, anlamaq, başa düşmək, qərar vermək, xəyal etmək, arzulamaq, fikirləşmək və s.
5.      Görmə feilləri: Görmə prosesi ilə bağlı sözlərdən ibarətdir. Məsələn: baxmaq, görmək, gözünü zilləmək, diqqət yetirmək, tamaşa etmək, nəzər salmaq, seyr etmək və s.
6.      Eşitmə feilləri:  Eşitmə prosesi ilə bağlı olan sözlərdir. Məsələn: eşitmək, dinləmək, qulaq asmaq, qulaq vermək, qulaqardına vurmaq və s.
7.      Hal-vəziyyət feilləri: Şəxsin, əşyanın hal-vəziyyətini bildirən feillərdir.  Məsələn: qıvrılmaq, ağrı çəkmək, saralmaq, solmaq, yaxşılaşmaq, pisləşmək, rəngdən-rəngə düşmək, hirslənmək, utanmaq, acıqlanmaq və s.

Feillər dildə 2 işlək formada çıxış edir: Şəxsli feillər və şəxssiz feillər

Şəxsli feillər dedikdə feillərin zaman, şəkil, şəxs əlamətləri qəbul edərək dəyişməsi, müxtəlif formalara düşməsi, təsrifi nəzərdə tutulur.

Feillərin zaman, şəkil və şəxs şəkilçiləri qəbul edərək dəyişməsinə feili təsrif deyilir.

Şəxssiz feillər məsdər, feli sifət və feli bağlama şəkilçiləri qəbul etdikdən sonra ikili xüsusiyyət qazanan təsrif olunma imkanını itirən feillərdir.  Bunlar məsdər, feili sifət və feili bağlamadan ibarətdir. Bunlar felə məxsus xüsusiyyətləri saxlamaqla başqa nitq hissələrinin xüsusiyyətini də qəbul etmiş olur.

Məsdərdə isim xüsusiyyəti, feili sifətdə sifət, feili bağlamada zərf xüsusiyyəti olur.

Feil nitq hissələri içərisində morfoloji cəhətdən ən zənginidir.  Bu zənginlik onun kateqoriyalar sistemi iə bağlıdır. Feilin aşağıdakı qrammatik kateqoriyaları vardır:

 

Azərbaycan dili - XX Dərs

1.Təsirlik kateqoriyası

2.Növ kateqoriyası

3.İnkarlıq kateqoryası
4.Tərz kateqoriyası
5.Zaman kateqotiyası
6.Şəxs kateqoriyası
7.Şəkil kateqoriyası

Bunların hər birinin özünə məxsus morfoloji əlamətləri vardır.

Zaman, Şəkil və şəxs kateqoriya əlamətləri şəxsli formanın yaranmasına səbəb olur. Məsələn: yaz-ım, yaz-ır-am, yaz-malı-yam, yaz-ası-yam və s.

Təsirlik, növ və inkarlığın əlaməti isə həm şəxsli, həm də şəxssiz feillərə aiddir.

Feillər sintaktik vəzifələrinə görə də başqa nitq hissələrindən fərqlənir.

Şəxsli feillər cümlədə xəbər olur. Şəxssiz feillər hansı nitq hissəsinin  xüsusiyyətini qazanmışsa həmin nitq hissəsinin sintaktik vəzifəsində işlənir: məsdər kimi mübtəda, feili sifət kimi təyin, feili bağlama kimi zərflik vəzifəsində çıxış edir.

Feillər çox işlənən, daha çox məcaziləşmiş nitq hissələridir. Dilimizin frazeoloji tərkibinin genişlənməsində feilin rolu böyükdür.

Feillər çoxkateqoriyalı olduğu üçün sadə feillər sırasına alınma sözlər daxil ola bilmir. Alınma sözlər yalnız düzəltmə və mürəkkəb söz şəklində feillərin arasına keçə bilir. Bu sözlər etmək, olmaq və eləmək feillərinin köməkliyi ilə dilimizə daxil ola bilir.

Feillərin dilimizin milli tərkibini qoruyub saxlamasında böyük rolu var. Bəxtiyar Vahabzadə də buna əsaslanaraq fikrini belə izah edib.

Öz dostu var,

Düşməni var dilin də.

İsim, sifət, döyüşlərdə çox zaman

Karıxır...

Feillərsə həmişə,

Döyüşdə qalib çıxır.

Çox sevirəm igid kimi döyüşən

Kəlməni mən, sözü mən,

Feil olmaq istəyirəm, düzü, mən!

Öyrənmək istəyənlər bu hissəni yaxşıca öyrənsinlər. Növbəti dərsimiz Feillərin quruluşca növləri haqqında olacaq. Olduqca geniş mövzudur. 

8 may 2013
GO BACK