Qadin.NET / Görünməyən işıqlar”ın məşum parıltısı

Görünməyən işıqlar”ın məşum parıltısı

 

Görünməyən işıqlar”ın məşum parıltısı
Müharibə! Bu kəlməni eşidəndə təsirlənməyən, onun soyuq nəfəsini duymayan, dəhşətli təsvirini fikrində canlandırmayan az adam olar.

 

İnsanın Aya qədəm qoyduğu, Marsda canlı orqanizm axtardığı dövrdə belə, bu nəhəng insanudan divlə tanış olmayan, təsirindən əziyyət çəkməyən ölkə yoxdur bəlkə də . Dağıdıb viran qoyduğu şəhərlər, atasız-anasız qalan uşaqlar, ömrünün baharında həyata vida edən gənc əsgərlər, təcavüzlərə məruz qalan qadınlar, itgin düşən insanlar, övladlarını itirən ata-analar və müharibədən sonra sağ qalan ölülər. İtirilmiş nəslin nümayəndələri...

Müharibə o qədər zalım, o qədər amansızdır ki, izlərini silməyə bəzən insan ömrü bəs etmir.
Erix Maria Remarkın, Ernest Heminquveyin müharibə mövzulu kitablarında bu fraza elə incəliklə işlənib ki, müharibə dedikdə ağlıma “Zəfər tağı”, “Əcəl zəngi”əsərləri gəlir. Bundan sonrasa Entoni Dorun “Görünməyən işıqlar”əsəri böyük ehtişamla bu janrda yazılmış ən yaxşı kitablar siyahıma daxil oldu.

 

Əsər İkinci Dünya müharibəsində biri Fransada, biri Almaniyada yaşayan iki yeniyetmə uşağın həyatından bəhs edir. 6 yaşında görmə qabiliyyətini itirən Mari-Lor atası Daniel Ləblonla Parisdə yaşayır. Daniel muzeydə açar ustası işləyir. Ətrafı tanıyıb, öyrənsin deyə, Daniel qızı üçün yaşadıqları məhəllənin minatür maketini düzəldir. Mari-Lor barmaqları vasitəsilə toxunaraq yaşadığı evi, küçəni, binaları və gedəcəyi yolları əzbərləyir.

Digər uşaq bacısı Yuttayla Almaniyadakı uşaq evlərindən birində yaşayan Verner Pfenniqdir. Zibillikdən tapdığı radioayla həyatı dəyişən kiçik dahi...
Həmin radio sayəsində Vernerin bu sahədə istedadlı olduğu anlaşılır, onu Almaniyanın hərbi məktəblərindən birinə göndərirlər. Verner buna ürəkdən sevinir. Çünki 15 yaşına çatanda uşaq evinin bütün oğlanları məcburi şəkildə yaxınlıqdakı mədənə işləməyə göndərilir. Verner isə ora getmək, atasının taleyini yaşamaq, mədəndə ölmək istəmir. Bacısı Yutta onun getməsinə nə qədər etiraz etsə də, Verner öz həyat hekayəsini gözəl yazmaq üçün yola çıxır. Bəs, görəsən, fərqli şəhərlərdə, fərqli ölkələrdə yaşayan biri fransız, biri alman olan bu gənclərin yolu harada kəsişib? Tale onlar üçün hansı təsadüfü hazırlayıb? Mari-Lorun miniatür taxta evi necə olur ki, Vernerin şəxsi əşyaları arasında tapılıb illər sonra bacısı Yuttaya çatdırılır?
Verner düşünür: “Görən, bu anları uzatmaq olarmı? Müharibənin sonuna qədər bura sığına, burada gözləyə bilərikmi? Kaş bu mümkün olaydı. Başımızın üstündə ordular o başa, bu başa gedəydi, nəhayət bir gün zirzəminin qapısını qaldırıb gün işığına çıxaydıq, görəydik ki, ev dəniz sahilində bir xarabaya çevrilib”.

Görünməyən işıqlar”ın məşum parıltısı

Təhkiyə o qədər güclüdür ki, müharibənin o məşum dəhşətini ürpənərək oxudum. 588 səhifənin bircəciyində sıxılmadım. İrəlilədikcə sətirlərə daha da bərk sarılırdım. Kitabın qurğusu böyük heyranlıq oyandırırdı. Obrazlar, şəhərlər, hadisələr bir-birini elə peşəkarlıqla tamamlayır, özünü labirintdə yol axtarırmış kimi hiss edirsən. Xüsusilə, Mari-Lorun dilindən müharibənin təsviri, qaranlıq dünyasındakı San-Malo şəhəri, o sirli evdə qısılıb qaldığı günlər sadə amma təsirli təsvirlə oxucunu heyrətləndirir. Ümumiyyətlə, obrazlar ustalıqla yaradılıb. Bəzən ümidsizliyə qapılsalar da, müharibə şəraitində olmaqlarına baxmayaraq həyatdan əllərini üzmürlər. Yazıçı ümidi və ümidsizliyi birləşdirib əsrarəngiz şəkildə oxucuya təqdim edir. Hər obraz ayrı dünya kimi təsirləndirir insanı.

Görmə məhdudiyyəti olduğuna görə qızına ad günündə Brayl əlifbası ilə Jül Vernin kitabını hədiyyə edən, onu dünyadakı hər şeydən çox sevən, qızının vəziyyətindən heç vaxt şikayət etməyən fədakar ata-Daniel Ləblon...

 

Birinci Dünya müharibəsində qardaşını itirən, bəzən günlərlə otağına girib keçmişdəki xatirələrilə yaşayan, “Görünməyən işıqlar” vasitəsilə insana ümid paylayan, mübarizədən əl çəkməyən, Mari-Lora ata kimi qucaq açan Etyen Ləblon...

 

Və Yutta...

 

Yuttanı kitabın başlanğıcında və bir də sonlarında görə bilirik. Onu uşaqkən tək qoyub getdiyi üçün Vernerdən incik olsa da, son səhifələrdə qardaşına olan həsrəti duyulur.

 Düşünün... Uşaq evindəsən. Qardaşından başqa heç kəsin yoxdur. Müharibə başlayıb. O da səni qoyub müharibəyə, başqa insanları öldürməyə gedir. Siz olsaydınız, nə hiss edərdiniz?

 

Əsər 2015-ci ildə çap olunub. Entoni Dor kitabı 10 ilə yazıb. Kitabın əldə etdiyi uğurlar o qədər çoxdur, hansından başlayım bilmirəm. Goodreads, Pulitser, Amazon, İndiqo...

 

Oxucular tərəfindən ilin ən yaxşı kitabı seçildikdən sonra ən prestijli mükafatlardan sayılan Pulitser mükafatını alıb. Aldığı bütün mükafatlara layiq olan bu möhtəşəm kitabı dilimizə ingilis dilindən Anar Mahmudov tərcümə edib.

 

Əsər müharibə mövzusunda yazılmış ən yaxşı kitablardandır. Bu mənada oxucular üçün uğurlu seçim olduğunu söyləmək olar.

 

“Görünməyən işıqlar” müharibənin qurbanı olan bir neçə insanın fonunda taleləri şikəst qalmış milyonlarca insanın həyatını anladır. O insanlar ki, həyatları və gələcəkləri öz əllərində deyildi.

Aygün Ələkbərova

8 avqust 2018
GO BACK